Ana Sayfa > Xəbər > Manatın sabitliyini saxlaya bilməyən Elman Rüstəmov postunu qoruya biləcəkmi?

Manatın sabitliyini saxlaya bilməyən Elman Rüstəmov postunu qoruya biləcəkmi?


13-03-2015, 10:16. Yazar: admin
Manatın sabitliyini saxlaya bilməyən Elman Rüstəmov postunu qoruya biləcəkmi?
Manatın məzənnəsindəki məlum dəyişiklik Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmovu tənqid və qınaq obyektinə çevirdi. Çünki manat ucuzlaşmamışdan bir müddət əvvəl bank rəhbəri mətbuata açıqlama verərək milli valyutamızın bu il də sabitliyini qoruyacağını demişdi. O bildirmişdi ki, Mərkəzi Bankda aparılan hesablamalar göstərir ki, Azərbaycan iqtisadiyyatı həm bu il, həm də orta müddətli dövrdə bütün risklərə adekvat cavab vermək üçün imkana və potensiala malikdir:

"Bizim əsas vəzifəmiz iqtisadi qurumlar arasında yaxşı koordinasiya olunmuş soyuqqanlı iş vasitəsilə bu potensialı reallaşdırmaqdır. Yeni makroiqtisadi reallıqlar makroiqtisadi siyasət sahəsində müəyyən manevrləri zəruri edir. Bu il də aşağı inflyasiya əsas diqqət mərkəzində olacaq. Bizim siyasətimiz aşağı inflyasiyanın artıq defilyasiya ilə sərhədləndiyini görmək, iqtisadiyyatın defilyasiya sferasına keçməsinin qarşısını almaqdır, nəinki yüksək inflyasiyanın qarşısını almaq. Bunun üçün əsas imkanlardan biri manatın sabitliyinin qorunub saxlanılmasıdır. Manatın sabitliyi üçün bütün imkanlar var. Aparılan hesablamalar da bunu göstərir ki, manatın sabitliyi iqtisadi sabitliyin əsas lövbəridir. Buna görə cari ildə də manatın sabitliyinin təmini bizim ən öndə olan məqsədlərimizdən biridir və biz bu məqsədin reallaşmasını təmin edəcəyik". Amma Elman Rüstəmovun bu açıqlamasının üstündən bir neçə gün keçəndən sonra manat ucuzlaşdı. Nəticədə, yüzlərlə, hətta minlərlə vətəndaşa külli miqdarda ziyan dəydi. Mərkəzi Bankın rəhbərliyi isə hələ də bu vəziyyətin nə vaxta kimi davam edəcəyini açıqlamayıb və izahat verməyib. Məhz bu səbəbdən Elman Rüstəmova qarşı hər keçən gün tənqidlər daha da artır. Milli Məclisin deputatı Fəzail Ağamalı da manatın devalvasiyasında Elman Rüstəmovu günahlandırıb. O deyib ki, əslində manatın devalvasiyası gözlənilən idi: "Çünki hələ yanvar ayında keçirilən müşavirədə prezident tezis olaraq bu fikri söyləmişdi və bir müddət sonra biz o tezisin artıq konkret nəticələrini real həyatımızda gördük. Təbii ki, yaranmış situasiyadan istifadə edən möhtəkirlər, vicdanını, şərəfini, ləyaqətini pula satan insanlar da var ki, bəli, bunlar vəziyyətdən yararlanaraq varlanmağa cəhd göstərirlər. Bu möhtəkirlərə qarşı, əlbəttə, ciddi mübarizə aparmaq lazımdır. Mən burada ən çox günahı Mərkəzi Bankın və onun İdarə Heyətinin sədri Elman Rüstəmovda görürəm. O, millətin qarşısına çıxaraq yaranmış situasiyanı xalqın başa düşəcəyi dildə ona anlatmadı. Xarici jurnala müsahibə verir, sonra epizodik olaraq Azərbaycanın hansısa bir media orqanına çox xəsiscəsinə bir məlumat açıqlayır. Mən başa düşə bilmirəm, o, bu millətin qabağına niyə çıxmır? Ya bu millətin qarşısına çıxmağı özünə sığışdırmır, yaxud da bəlkə başqa səbəb var. Elə isə hansı ciddi faktlar var ki, o, çıxaraq bu bankların özbaşınalığına "dayan", "dur" demir. Bütün bunlar əlbəttə ki, tək məni düşündürmür. Mən etiraf edim ki, Milli Məclisin deputatlarının mütləq əksəriyyətini düşündürən sualdır. Yəqin ki, hökumətin hesabatında da bütün bunlar açılacaq. Bəli, vaxtilə Milli Bankın rəhbəri kimi Elman Rüstəmovun mühüm xidmətləri olub. Bank sahəsində çox görkəmli mütəxəssisdir. Onun xidmətlərini danmaq olmaz. Lakin indi köhnə xidmətlərinə söykənərək, yaranmış situasiyanın üstündən keçərək, özünü kölgədə qoyaraq, məsuliyyəti özündən kənarlaşdırmağın konkret adı var. Ancaq mən bunu konkretləşdirmək istəməzdim". Qeyd edək ki, Fəzail Ağamalı ilə yanaşı, parlamentin digər deputatları da manatın devalvasiyasında Elman Rüstəmovun günahkar olduğunu bildiriblər. Bütün tənqid və iradlara baxmayaraq, Mərkəzi Bankın rəhbərliyi yaranmış situasiya ilə bağlı ictimaiyyətə heç bir açıqlama vermək istəmir. Maraqlıdır, axı nəyə görə? Bir neçə gün əvvələ qədər "manat bu il də sabitliyini qoruyacaq" deyən Elman Rüstəmov indi hanı? Niyə çıxıb camaata izahat vermir? Özəl qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, milli valyutamızın dəyərdən düşməsi Mərkəzi Bankın İdarə Heyətinin sədrinin gələcək karyerasını da sual altına almış olub. Belə ki, səlahiyyət müddəti bu ilin aprel ayının 5-də başa çatacaq Elman Rüstəmova ölkə rəhbərliyinin növbəti beş illikdə etimad göstərməyəcəyi ehtimal edilir: "1995-ci ildən bu vəzifəni tutan Elman Rüstəmov son illər işinin öhdəsindən istənilən səviyyədə gələ bilmir. Xatırlayırsınızsa, bir müddət əvvəl onun adı milli banknotların çapında yol verilən külli miqdarda yeyintidə hallandırılmışdı. Hazırda həmin məsələ ilə bağlı Vyana məhkəməsində proseslər davam edir. Həmin vaxtdan etibarən yuxarıların bank sədrinə etimadı azalmağa başlayıb. Manatın ucuzlaşmasından sonra isə Elman Rüstəmovun kreslosu bir qədər də laxladı. Artıq o, əvvəlki nüfuzunu itirib. Çox güman ki, ölkə rəhbərliyi onun səlahiyyət müddətini artırmayacaq və Mərkəzi Bankın İdarə Heyətinə yeni sədr təyin ediləcək". Bildirək ki, 63 yaşlı Elman Rüstəmov ilk dəfə 1995-ci ilin yanvarında Milli Bankın (Mərkəzi Bankın) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Daha sonra o, 2000 və 2005-ci illərdə yenidən 5 il müddətinə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təsdiqlənib. Sonuncu təyinat 2010-cu ilin aprelində baş tutub. 2010-cu il aprelin 6-da prezident İlham Əliyevin sərəncamı ilə Elman Rüstəmov daha 5 illiyə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib. Beləliklə, hazırda fəaliyyəti müzakirə olunan ölkənin baş bankiri təxminən bir aydan sonra salahiyyətini bitirəcək. Bu gedişlə onun karyera dövrü aprel ayında başa çata bilər. Bir məsələni də vurğulamaq istəyirik ki, 20 ildir vəzifədə oturan Elman Rüstəmov bu müddət ərzində özünə böyük kapital yığmağı da yaddan çıxarmayıb. Deyilənə görə, "Planet" şadlıq sarayı, "Subaru", "Bakı İnvest Holdinq", "Bakı Sığorta", "Səba broyler", "Honda", "Mitsubishi", "Bakı taksi" və "Bank Respublika" baş bankirin biznes şəbəkəsinə daxil olan iri obyektlərdir. Lakin indiyə qədər sənədlərlə bunu sübut etmək mümkün olmayıb. Çünki Mərkəzi Bankın rəhbəri adını qeyd etdiyimiz və bizə məlum olmayan digər obyektlərini yaxın qohumlarının adına sənədləşdirib. Elman Rüstəmovun həmçinin tikinti bazarında da geniş biznesinin olduğu bildirilir. Xüsusən "Şüşəli Bazar" ətrafında tikilən kooperativ evlər və Səudiyyə Ərəbistanının səfirliyinə kirayə verilmiş malikanənin ona məxsus olduğu iddia olunur.

Mövzu ilə bağlı qarşı tərəfin də münasibət bildirmək hüququ var.

Geri dön