Ana Sayfa > Xəbər > İcra başçısı Prezidentin adından yalan danışır

İcra başçısı Prezidentin adından yalan danışır


13-03-2015, 10:14. Yazar: admin
İcra başçısı Prezidentin adından yalan danışır
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov öz qanunsuz əməllərinə davam edir. Belə görünür ki, bu əməllərin məqsədi yalnız rayonda kütləvi etiraz aksiyalarına, iğtişaşlara gətirib çıxarmaqdır. Artıq xəbər verildiyi kimi, Ramiz Yediyarov Gədəbəydən olan iş adamı, sahibkar Oktay Əliyevə qarşı yol verdiyi cinayət tərkibli əməllərinə “haqq qazandırmaq” məqsədilə bir sıra təcili tədbirlərə əl atmışdır. O cümlədən icra başçısı bu məqsədlə yerli sakinlərlə tələm-tələsik müxtəlif görüşlər və yığıncaqlar da keçirir.Məlum olduğu kimi bu günlərdə Ramiz Yediyarovun göstərişi ilə Miskinli kənd sakinlərindən də bir qrupu icra başçısı ilə belə bir görüşə toplanılıblar. Kənd ağsaqqalları ilə görüş adı altında keçirlilən bu toplantı Gədəbəyin “Aşıqlar evi”ndə baş tutub. Biz artıq qeyd etmişdik ki, Miskinli kəndindən olan bir neçə həqiqi ağsaqqal da bu toplantıya qatılmaq istəsələr də, RİH-nin əməkdaşları buna imkan verməyiblər. Bundan sonra icra hakimiyyəti tərəfindən yayımlanan məlumatlarda isə vurğulanıb ki, guya kəndin ağsaqqalları Ramiz Yediyarova sahibkarın obyektini uçurmaqla onların örüş yerlərini boşaltdığı üçün öz “dərin minnətdarlıqlarını” bildiriblər. Amma yeni aldığımız məlumatlarda icra başçısının öz tərəfdarlarının sayını süni şəkildə artırmaq üçün daha ağır yalanlara belə əl atmaqdan çəkinmədiyi bildirilir. Bu xüsusda mənbələr xəbər verirlər ki, Ramiz Yediyarov “Aşıqlar evi”ndə təşkil etdiyi həmin yığıncaqda bəyan edib ki, guya onun sahibkar Oktay Əliyevə qarşı atdığı addımlar hətta ölkə prezidenti tərəfindən də dəstəklənir. Göründüyü kimi bu ağ yalan vəzifədə son günlərini yaşamaqda olan məmurun öz xilası naminə əl atdığı növbəti saxtakarlıqdan başqa bir şey deyildir. Bu kimi saxtakarlıqlara isə Ramiz Yediyarovun iş təcrübəsində kifayət qədər rast gəlmək olar. Həm də başçının bu saxtakarlıqları rayonun bir çox digər vəzifəli şəxslərini də onun qurbanlarına çevirmiş olur. Bu faktı sübut etmək üçün gəlin bir daha diqqətimizi Gədəbəy Rayon Məhkəməsinin sədri Ceyhun Əhmədovun 2 mart 2015-ci il tarixində qəbul etmiş olduğu qərara yönəldək. Artıq qeyd olunduğu kimi bu qərar Gədəbəy Rayon İcra Hakimiyyəti və Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən Oktay Əliyevin inşa etdirdiyi turizm-istirahət mərkəzindəki tikililərin sahibkarın öz hesabına sökülməsi ilə bağlı Gədəbəy Rayon Məhkəməsində qaldırılmış iddiaya “baxıldıqdan” sonra qəbul edilmişdir. Diqqətəlayiq haldır ki, bu qərar eyni zamanda həm qanunlarımıza, həm də adi məntiqə zidd olması ilə seçilir. Belə ki, həmin qərara əsasən Oktay Əliyev Gədəbəy RİH tərəfindən sökülmüş, yəni faktiki olaraq artıq mövcud olmayan tikilini yenidən öz hesabına sökməlidir. Ceyhun Əhmədov isə bu qərarı qəbul edərkən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29.12.2014 tarixli, 21602 saylı ekspert rəyini belə nəzərə almayıb. Əks halda o, sözügedən tikililərin faktiki olaraq sökülmüş olduğu barədə məlumatlı olmalıydı. Məhz bu səbəbdən də biz, Ceyhun Əhmədov tərəfindən ədalət məhkəməsinin Ramiz Yediyarovun saxtakarlıqlarını həyata keçirən bir təsisata çevirilməsi ittihamını irəli sürmüşük.Amma istənilən halda, Gədəbəyin icra başçısı tərəfindən öz qanunsuz əməllərinə don geyindirmək məqsədilə dövlət başçısının adından yalan söyləməyə cürət olunması, bəlkə də indiyədək heç bir yüksək vəzifəli məmur tərəfindən yol verilməmiş bir özbaşınalıqdır. Ümid edirik ki, məhz bu saxtakarlıq da Ramiz Yediyarovun karyerasını bitirəcək son hədd olacaqdır.

Geri dön