Ana Sayfa > Xəbər > “Mircəfər Bağırov məni həbs etdirmək istəyir”

“Mircəfər Bağırov məni həbs etdirmək istəyir”


7-05-2015, 17:07. Yazar: admin
“Mircəfər Bağırov məni həbs etdirmək istəyir”
Aprelin 30-da Həmid Herisçinin 54 yaşını başa vuracağını bir gün öncə xanımı İlhamiyyə Rzadan eşitdim. Redaktorlarla məsləhətləşməmiş görüş təyin elədik. Düşündüm ki, sadəcə gündəmin maraqlı adamı ilə deyil, özümə maraqlı şəxslə, şəxsiyyətlə görüş, müsahibə hər zaman ələ düşən fürsət deyil. Bu lüksü qaçırmaq olmaz. Açığı, qapılarına çatana qədər müsahibənin həyəcanından xoflanmışdım. “Alınacaq, alınmayacaq”, “müsahibimin energetik məkanına daxil ola biləcəmmi” düşüncələri söhbət üçün ssenari qurmağıma, suallar fikirləşməyimə də mane olurdu.

Qəribədir ki, müsahibə beynimdə düz 7 gün “yol gəldi”. 7 sıradan rəqəm deyil. Bəlkə də bu söhbətin aləmə şayan olması üçün üzərinə 7 dəfə Ay işığı düşməli, 7 dəfə gün doğmalıymış. Qəhrəmanımın sevimli ifadəsilə desək, mistika...

Ancaq söhbətimizdəki mistika bununla bitmədi. Biz Həmid bəyin evinə çatanda bəlli oldu ki, 37-ci il davam edir, Mircəfər Bağırov yenə də aydınların repressiyası ilə məşğuldur... Necə? İndi deyəcəm.

Zəngi basandan təxminən 1 dəqiqə sonra qapı açılır. Həmid bəyin üzündə ilk baxışda anlamadığım bir ifadə var.

- Aşağıda qara dəri plaşda, qara maşınlardan düşən qara gözlüklü adamlar görmədin?

- Yox, nə olub ki?

“Qızıl gül ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin rəmzidir”


- Mircəfər Bağırov məni ad günümdə tutdurmaq istəyir.

- Necə yəni?

- Al, məhkəmədən bildiriş almışam, “Şəxsiyyət vəsiqəsi”ndə Mircəfərə “mircəllad” deyildiyi üçün məni məhkəməyə veriblər. Necə deyərlər, Mircəfərdən mənə ad günü hədiyyəsi. Bilirəm kim eləyib.



- Neyləyək, ona “mirmələk” deyək? Eşitmişdim ki, atanızla yaxşı münasibətləri olub.

- Bəli, atam Qafar Herisçini Təbrizdə güllənin altından o öz maşınında çıxarıb Bakıya gətirib. Bəlkə də kimlər üçünsə, o, uzaq və mücərrəd adamdır. Ancaq mənim üçün belə deyil. Evimizdə haqqında çox danışılıb. Onun atama verdiyi çörək talonları hələ də qalır. Göstərərəm sənə. Orda kitabların arasındadır.

- Həmid bəy, elə qarşıladınız, təbrik də yadımdan çıxdı. Təbrik edirəm, neçə gözəl illər arzulayıram.

- Çox sağ olun.

- Nəyə görəsə mənə elə gəlir ki, sizin yaşadığınız yer sıradan bir ye ola bilməz.

- Düz fikirləşirsən. Yadına gəlir, yaxınlıqda Azərbaycanın ən böyük parapsixoloqu Tofiq Dadaşovun ofisi vardı? Onlar bilirsən də oturduqları məkanın 7 qat yerdən, 7 qat da göydən təmiz olmasına xüsusi diqqət eləyirlər. Ümumiyyətlə mən bu 8-ci mikrorayonu çox sevirəm. Bu layihənin müəllifi Heydər Əliyevin qardaşı oğlu Rasim Əliyevdir. Çox maraqlı adamdır. Mənə elə gəlir, yaşadığın yerin memarını tanımaq taleyin lütfüdür. Biz İlhamiyyə xanımla onu “Gecə kanalı”na da dəvət eləmişdik. (Həmid bəy həyat yoldaşı İlhamiyyə Rza ilə illər öncə Space telekanalında efirə gedən müəllif proqramını yada salır). Memarlıq baxımından bura çox mükəmməl əsərdir. Burada 32 hava dəhlizi var. Onlar mikrorayonun mərkəzindəki stadionda birləşir və orada küləklərin qızılgülü alınır. Bu, çox möcüzəlidir. Bilirsiz də, qızıl gül ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin rəmzidir.

- Bu ev mən bilən, siyasi mühacir kim atanıza verilib.


“Bir həyat ki, romana qida vermir, roman süjetinə düşmür, o heç həyat deyil”


- Bəli. Heç yadımdan çıxmır. Uşaq idim. Gördüm ki, atamla anam deyinir. Onda biz “Elmlər Akademiyası”nda ikiotaqlı mənzildə yaşayırdıq. 3 uşaq idik, darısqallıq idi. Anam atama deyir ki, daha bura yerləşmirik, gəl, Qırmızı Xaça yazaq bizə böyük bir ev versinlər. Siyasi mühacir ailəsi kimi bizim bütün məsələlərimizlə Qırmızı Xaç məşğul olurdu. O məktubdan sonra 1972-ci ildə bizə bu 5 otaqlı evi verdilər. 1 otaq atama kabinet kimi ayrılmışdı. Bu evin nömrəsi 74-dür. Qəribədir ki, valideynlərimin hər ikisi 74 yaşında vəfat elədi...

- Allah rəhmət eləsin.

- Məncə hər şeyin mənası var. Bütün blokumuz mühacirlərdir. Qapıların üzərindəki soyadlara bir baxarsız – Əfqari, Xandromarton, Gəncəmehr... 7-ci mərtəbədə bir Yusif Kənan yaşayırdı. Yusif quyusu. Bizim blok elə bil 9 qatlı Yusif quyusudur.

- Anlamadım, niyə quyu?

- Ona görə ki, “kənan” quyu deməkdi. Bilmirdiz?

- Yox. “Kənan” yer adı deyil?

- Yox, quyu deməkdir. Baxın, binamızla üzbəüz kinoteatrın da adı Savalan kinoteatrı idi. Orda Savalan dağının kiçik maketi vardı. Mənim küləklərin qızıl gülünün ünvanını necə tapmağım haqqında hekayəm də var.

- Yenə sol əllə yazırsız?



“Azərbaycanda bütün yollar pirə aparır”



- Bəli. Mən indi yaradıcılığımız solaxay dönəmindəyəm. Düzdü, bilgisayarda iki əllə yazırıq. Bu əl məsələsinin, səmt məsələsinin sirri-sehri “Solaxay” romanıdır. Bir həyat ki, romana qida vermir, roman süjetinə düşmür, o, heç həyat deyil. Əgər insanın həyatı roman janrına qida verə biləcək qədər zəngindirsə, demək o, yaşayıb. “Gizli Azərbaycan” verilişini çəkəndə Azərbaycanın demək olar, bütün pirlərini, ziyarətgahlarını gəzmişəm. Olduğum yerin həqiqi pir olub-olmadığını bilirsiz hardan bilirdim?

- Hardan?

- Süjetə yatırsa, demək həqiqidir.

- Məşhur pirlərin arasında heç saxta hesab elədiyiniz var?

- Var. Təbiət bunu o qədər aydın göstərir ki, görməmək mümkün deyil. İsmayıllıda tərifli bir ziyarətgah var. Deyirlər e yalanın ömrü az olar, bax, pirlərdə yalanın ömrü bir neçə saniyəlikdi. Elə pirin ərazisinə girmişdik biri dedi ki, baxın, burda yalanqoz bitir. Bu açıq işarə idi. Orda təbiət yalanqoz bitirirsə, ora heç vaxt həqiqi pir ola bilməz. Pirlərlə bağlı maraqlı bir müşahidəmi də deyim. Hər ziyarətgahın öz bitkisi var və o kosmik əlaqə də o çiçələr üzərindən qurulur. Qazaxda məşhur bir Şıxlar ocağı var. Ora yurddur, ata yurdu. Orda endemik çiçək var, adı dovşanqulağıdır. Təsəvvür edin, o çiçək yalnız orda bitir. Bunu mənə deyəndə düşündüm ki, həmin məkandakı kosmik əlaqəni də elə o çiçək təyin edir. Azərbaycanın hər yerində müqəddəs paranormal yerlər var. Hərdən deyirəm ki, Azərbaycanda bütün yollar pirə aparır. Müqəddəs yerləri müəyyən eləməyin bir yolu da göy qurşaqlardır. Zaqatalada Böyük Ahalda, Şəkidə, Balakəndə Culfa yaxınlığından həmişə göy qurşağı olan yerlər var. Bu 7 rəngin alınması elə-belə deyil. Müasir paranormal elmləri öyrənənlər deyirlər ki, bir yerin gücünü bilmək istəyirsənsə, yağış vaxtı göy qurşağının hara düşdüyünə fikir verin. Qaynaq oradır.

- Siz heç araşdırmısızmı, pir, ziyarətgah müsəlmanlarda daha çoxdur, yoxsa başqa inanclarda da bu var?


“Müğənni Eyyub Yaqubovla birləşib şadlıq evindəki şüşə akvariumu partlatdıq”


- Qədim Yunanıstanda pir sistemi vardı, bu məkanlara asklapion deyirdilər. Orda da insanlar niyyət eləyib gəlirdilər, yatırdılar, qurban kəsirdilər. Qurban kəsilən yerləri abalon adlandırırdılar. Yuxuda müalicə həkimi gəlirdi və o, adətən Eskulap olurdu. O təmizləyici yuxunun adı da enkimesisdir. Pirlərdə ilanların saxlandığı famela adlanan yerlər olurdu. Bir məqam da var - orda gərək insan qurban kəsdiyi heyvanın dərisinə bükülərək yataydı. Bütün bunlar “Pələng dərisi geymiş qəhrəman”ı, sufilərin geyimini yada salır. Qədim Yunanıstanda 350 piri birləşdirən pir zənciri varmış, sonradan hamısı dağılıb, indi biri də yoxdur. Azərbaycanda isə qalıb. Bizdə həmin o köhnə müalicəvi sistem işləyir. “Gizli Azərbaycan”da biz bunların hamısını çəkmişik. 36 filmimiz var.



- Sizə elə gəlmirmi ki, toplum bu məsələləri o qədər də ciddiyə almır?

- Müasir dünyada paranomal elmlər yüksək səviyyədə öyrənilir. Bu sahə onillərdir institutlaşıb. İnsanlar ciddiyə almaya bilər, hansısa dönəmlərdə hökumətlər pirlərə savaş aça bilər. Ancaq həmin qüvvələr özləri öz ərazilərini qoruyur. O qüvvələr bizim alimləri o məkanlara buraxmırlar, amma xalqı buraxırlar. Görünür ziyalıların nəsə günahı var.

- Dünya sirrini hamıya açmır. Sizə hansısa sirr açılanda nə yaşayırsız? Təəccüblənirsiniz?

- Qurani-Kərimin hikmətinə görə, O, istəsə insan Quranı oxuyur, O, istəməsə oxumur. İnsan çox zaman öz imkanlarını dərk edə bilmir. Məsələn, biz elə bir şey eləmişik ki, özümüz bunun baş verə biləcəyinə inanmamışıq. Müğənni Eyyub Yaqubovla toyda şüşə çarhovuzu sındırmağımızdan xəbəriniz var yəqin...

- Ucundan-qulağından bilirəm. Ancaq özünüz danışsaz, lap əla olar.

- Mən onun hekayəsini yazmışam. Mən Eyyuba deyirdim ki, Azərbaycanın karması nədir – toy. Onu heç kim poza bilməz. Mənim atam 1946-cı ildə inqilabi fəaliyyətlə məşğul olanda Pişəvəri onu Əhərə göndərir. Əhərin xanı Abdulla Xan atamı saymırdı. Həftədə toy çaldırıb bir qızı siğə eləyirdi. Atama demişdilər ki, xanı toyda tutmaq lazımdı. Qədim Azərbaycan ənənələrinə görə o güc göstərisi toyda olurdu, xalqın, aşığın gözünün qabağında. “Kim kimi çuvala basdı” məsələsi... Atam gedib və Abdulla xanla məsələni həll eləyib. “İstintaq filmi” yadınızdadı? Orda da Almazovgili toyda həbs edirlər. Biz də istəyirdik ki, Eyyubla toyda nəyisə dəyişək. “Qızıltac” şadlıq sarayında toydaydıq. Nə isə... Eyyubla elə elədik ki, onun səsindəki vibrasiyadan divara tikilən nəhəng şüşə çarhovuz partladı. O şüşə Eyyubun səsindəki vibrasiyalara dözə bilmədi. Özü də tək adamın işi deyil ha bu... İki əks qütb birləşəndə həmin enerji yaranır.

“Görünür ziyalıların nəsə günahı var”


- İndi sizin hansınız müsbət, hansının mənfi enerji göndərmişdiz o çarhovuza?

- (Gülür). Bax, orasını bilmirəm. Ancaq bizim əməkdaşlığımızdan belə bir iş yaranıb. Ümumiyyətlə mənim həyatım maraqlı hekayələrlə zəngindir. Doğulandan sanki bütöv Azərbaycanda yaşamışam. Atam tərəf təbrizli, anam tərəf bakılıdır. Mənim Təbrizli nənəm hər Novruz bayramında bizə böyük bir bağlamada sovqat göndərirdi. Onun içində çox əla İran düyüsü olurdu ki, o bişəndə ətri məhəlləni götürürdü. Sonra paxlava-şəkərbura. Özü də badamdan hazırlanmış. Miyanpurlar, şirnilər, şərqin nə şirniyyatı, nə çərəzi vardı, hamısından gəlirdi evimizə.

- SSRİ-yə sovqat asanlıqla gəlib çıxırdı?

- Başqa adamın adı ilə göndərirdilər. Özü də atamın yox, ana qohumlarımdan kimində adına gəlirdi. Amma gəlirdir.

- Həmid bəy, bir müddət fasilə verəndən sonra yenə televiziyaya qayıtmısız. “Şəxsiyyət vəsiqəsi” verilişi bütün Azərbaycan teleməkanında baxılası 2-3 verilişdən biridir. Tənqidçiləriniz də var. Bəzən qonaq seçiminə görə sizi qınayırlar. Tək sizin verilişi nəzərdə tutmuram, bütünlükdə Azərbaycan efiri haqqında səslənən iradların nə qədəri obyektivdir?

- Televiziya kütləvi sənətdir. Burada elitar təfəkkürlə kütləviliyi birləşdirmək fəndləri lazımdır. Çox adam deyir ki, mən də belə veriliş eləyə bilərəm. Ancaq asan deyil. Birincisi, gərək verişin dramaturgiyasında təkrar olmaya, mövzu seçimində, interyerin qurulmağında, hətta səslərdə yenilik ola. Biz bu dəfə düşündük ki, verilişin cövhəri konspirologiya olmalıdır. Məsələn, “Gizli Azərbaycanda” cövhər mistika idi, mən orada stalker – yəni qapalı ərazilərə daxil olmağı bacaran şəxs rolunu oynayırdım. Ancaq bu dəfə konspirologiyanı seçdik.

- Son illər teleməkanda bir neçə baxmalı veriliş olub, onların da çoxunu reytinq “udub”. İnkişaf etmiş cəmiyyətlərdə belə düşünən kəsim azlıqdadır. Sizcə bu reytinq məsələsi həmin azlığın hüququnu pozur?

“Toyxanada işləyən 300 qarsona görə zövqü seçmək, çox yanlışdır”


- Mən bu haqda yazı yazmışam. Reytinq sistemi Amerikan sistemidir. Etibar Babayevin dövründə Space kanalında 30-dan çox müəllif proqramı sınaqdan keçirildi. Bizim “Gecə kanalı”mız onlardan biri idi. 2006-cı ilə qədər reytinq söhbəti yox idi və efirdə çox qiymətli layihələr vardı. Ancaq reytinq sistemi Azərbaycana yaramadı. Azərbaycanın televiziya təcrübəsi Türkiyəyə, İrana baxanda daha qədimdir – Bakı studiyası 1957-ci ildə efirə çıxıb. Amerikada reytinqin 3-4 növü var.

Azərbaycana bizim cəmiyyətə tam uyğun olmayan, inkişaf etməmiş cəmiyyətlər üçün nəzərdə tutulan reytinq sistemi gətirilib. Bizim onillərdir efirimiz, mədəni elitamız, elmi elitamız, Elmlər Akademiyamız, Mirzə Fətəli Axundov adına kitabxana kimi nəhəng informasiya bazamız var, 25 min əlyazması olan Əlyazmalar İnstitutumuz, hökumətdə ideoloji şöbələrimiz olub və var. Biz kütləvi maariflənmədən keçmişik. Səhvi bu sistemi alanlar edib. Onlar gedib ən inkişaf etməmiş cəmiyyətlər üçün nəzərdə tutulan mexanizmi alıb Azərbaycana gətirib. Toyxanada işləyən 300 qarsona görə zövqü seçmək, çox yanlışdır. Mənim televiziyadakı sərgüzəştlərimin çoxu reytinq şirkəti ilə toqquşmalara həsr olunub. Bəzən tənqidçilərin də mövqeyi düzgün olmur.

Bəzi naşı adamlar yazır ki, dövlət bu məsələyə müdaxilə edir. Mən dövlətin televiziyaya müdaxilə eləməsinin tərəfdarıyam, çünki müdaxilə çox vaxt uğurlu olur. Dövlət bu işdən əlini çəkəndə dələduz kommersantlar, transmilli şirkətlər, xarici qüvvələr müdaxilə edirlər. Ona görə də bu gün Azərbaycan efirindəki ən səviyyəsiz verilişlərə reytinq verirlər, buna görə də onlar ən yüksək reklam paketi alır. Ancaq bəzi tənqid olunan reytinqli verilişlər var ki, məsələn, mən onun apara bilmərəm. Orda böyük zəhmət var. Mən 5 gün bir neçə saat Elgiz kimi əlimdə mikrofon çoxproblemli insanların içərisində gəzə, onları dinləyə bilmərəm. İnsan əldən düşər. Baxmayaraq ki, mən özümü ambidekster – yəni beynin həm sağ, həm də sol yarımkürələrini eyni vaxtda işlədə bilən şəxs sayıram, ancaq bu çox ağır məsələdir. Şübhəsiz, zövqlər fərqlidir. Ancaq onların zəhmətini danmağı da düzgün hesab eləmirəm.

- Ümumiyyətlə bu reytinqin hətta o üçüncü ölkələr üçün olan mexanizmə uyğun düzgün işlədiyinə inanırsız?


“Mən 5 gün bir neçə saat Elgiz kimi əlimdə mikrofon çoxproblemli insanların içərisində gəzə, onları dinləyə bilmərəm”


- Yox. Bu yaxınlara qədər mənə deyirdilər, sənə cəmi 6 nəfər baxır. Ancaq maraqlıdır Lenin haqqında verilişə yüksək reytinq veriblər. İndiki reytinq sistemindən imtina eləməyin vaxtı gəlib çatıb, məncə.

- Həmid bəy, niyə Azərbaycan demək olar hər sahədə ancaq öz oxu ətrafında fırlanır? Sizin “Solaxay” romanınız Azərbaycan ədəbiyyatının son illər üçün ən böyük hadisəsi sayılır. Niyə əsərinizi başqa ölkələrdə təbliğ eləmirsiz?

- Görünür bunu kimsə etməlidir.

- Sizcə bu missiyanı kim, hansı qurum üzərinə götürməlidir?

- Bilmirəm. Konkret ad demək istəmirəm. Ancaq dünya praktikasında bunu yazıçı özü eləmir. “Solaxay” çox ciddi müəllif əsəridir. Süjet baxımından çox orjinaldır. Mən bayaq dedim, yalan ömründə roman səviyyəsində inkişaf edə bilməz. Roman yazan həqiqəti yazır. Romanı müəllif yox, süjet yazır. O biri əsərlərim haqqında da yaxşı fikirdəyəm, ancaq “Solaxay” daha güclüdür. Azərbaycan qəribə yerdir. Burda istedadlıları qiymətləndirmirlər və istəyirlər ki, istedadlılar özləri də özlərini qiymətləndirməsin. Biz çox əclaf bir işlə məşğuluq – istəyirik xalqı maarifləndirək.

- İndi nə yazırsız?

- (Qonşu otaqdan İlhamiyyə xanımın səsi gəlir – Həmid növbəti dəfə işsiz qalanda növbəti romanın yazacaq. Gülürük...).

“Mən dövlətin televiziyaya müdaxilə eləməsinin tərəfdarıyam, çünki müdaxilə çox vaxt uğurlu olur”


10 hekayə yazmağı planlaşdırıram. Mən yetərincə ağır mövzularda ciddi əsərlər yazmışam. Heç inanmıram ki, Azərbaycanda məndən başqa kimsə bu mövzuya girişə. Qorxularından yazmazlar. Mənim çox maraqlı sərgüzəştlərim olub, çoxlarından fərqli olaraq onları yaza da bilmişəm. Mən gördüklərimi yazmağı sevirəm. Yəqin hələ çox yazacam. İlhamiyyə xanım da, mən də çox imtahan verməli olmuşuq. Ancaq nə qələmi, yəni silahı yerə qoymamışıq. Televiziyada işimizi görmək imkanımız olmayanda çap mediasına keçmişik. Yaxud, sözümüzü yazıçılıqla demişik, imkan düşəndə yenə televiziyaya qayıtmışıq. İndi də yenə nəsə olsa, yenə də sözsüz qələmə qayıdacağıq. Bizim getmək yerlərimiz var. Ölkədən yox ha, peşədən. Peşəkar insanlar hər zaman öz işini görməyi bacarır.

Mənim babam Əli xan Herisçi Təbrizdə mübaşir olub. Mübaşir müşkülləri həll eləyən adamdı. Mən hiss eləyirəm ki, o istedad məndə var. Ən ağlasığmaz düyünləri aça bilərəm, ən çətin layihələri həyata keçirə bilərəm. Bəzən özümdən təəccüblənirəm. 21 əsr elmi insan beynini insana aşkarlamaqla məşğul olacaq. Bu əsr kosmosun və insanın öyrənilməsinə həsr olunacaq. Biz coğrafi dünyanı tapmışıq. İndi insan beynini kəşf eləməliyik. Bu əsrdə insanın fövqəlgücü açılacaq. Burada da Azərbaycanın yeri parlaqdır.

Çünki bizdə həm paranormal yerlə, həm də paranormal insanlar çoxdur. Demək, istedadlar, seçilmiş insanlar da çoxdur. “Şəxsiyyət vəsiqəsi” verilişində biz sübut elədik ki, tarixi şəxsiyyətlər idarə edir. Əlbəttə uca Tanrının köməyi ilə. Şəxsiyyət elə kamil insanıdır. Orta əsrlər Azərbaycan tarixinə baxanda görürük ki, bizim taleyimizi Şah İsmayıl Xətai və Şah Abbas həll edib. Hətta indiyə qədər də biz bu cizgi ilə gedirik. Hələ gedirik...

Geri dön