Ana Sayfa > Xəbər > Ramil Usubov hərbçiləri təltif etdi
Ramil Usubov hərbçiləri təltif etdi12-03-2015, 17:37. Yazar: admin |
Bu gün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 23 il ötür. Bu münasibətlə bu gün səhər Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçu Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçək dəstələri düzülüb. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, "Əbədi məşəl" önünə əklil qoyulub. Torpaqlarımızın azadlığı uğrunda Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının qardaşlıq məzarına gül dəstələri düzülüb, Türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Daha sonra Daxili Qoşunların Baş İdarəsində bu qurumun yaranmasının növbəti ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, Prezident Administrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev iştirak ediblər. Əvvəlcə nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Ramil Usubova şəxsi heyətin mərasimə hazır olması barədə raport verib. Nazir şəxsi heyəti salamlayaraq, əlamətdar hadisə münasibətilə onları təbrik edb, Şərəf kitabına ürək sözlərini yazıb. Sonra Daxili Qoşunların Döyüş Bayrağı təntənəli şəkildə salona gətirilib. Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda xidməti borclarını yerinə yetirərkən qəhrəmanlıqla həlak olmuş hərbi qulluqçuların və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Daxili Qoşunların 23 il ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edən general-leytenant Şahin Məmmədov Ulu Öndər Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı fərmanla Azərbaycan Respublikası Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları günün - martın 12-nin Daxili Qoşunlar Günü elan olunduğunu xatırladıb. Qeyd olunub ki, 1993-cü il noyabrın 2-də Heydər Əliyevin Vətənin ağır günlərində xalqa, Silahlı Qüvvələrin şəxsi heyətinə müraciəti böyük canlanma və ruh yüksəkliyi yaradıb. Bunun ilkin nəticəsi olaraq, Füzuli istiqamətində aparılan uğurlu döyüş əməliyyatları zamanı Daxili Qoşunların şəxsi heyəti əsl qəhrəmanlıq nümunələri göstərib. Ümumiyyətlə, döyüş əməliyyatlarında Daxili Qoşunların şəxsi heyətindən 510 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb. Qarabağ savaşında iştirak etmiş hərbi qulluqçularımızdan 9 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Daxili Qoşunların Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət etməsi, fədakarlığı Ümummilli Liderin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqətindən kənarda qalmayıb, bir çox hərbi qulluqçu dövlət mükafatlarına layiq görülüb. Göstərilən ali diqqət və qayğının əyani təzahürüdür ki, Daxili Qoşunların yaranmasının növbəti ildönümü ilə əlaqədar möhtərəm Prezidentimiz tərəfindən imzalanmış müvafiq sərəncamlarla hərbi qulluqçulardan 1 nəfərinə "general-leytenant" ali hərbi rütbəsi verilib, 1 nəfər "İgidliyə görə" (ölümündən sonra), 2 nəfər "Vətən uğrunda", 22 nəfər "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib, 1 nəfər isə "Əməkdar artist" fəxri adına layiq görülüb. General-leytenant Ş.Məmmədov Daxili Qoşunların həyatında yaddaqalan ən önəmli hadisələrdən biri kimi ötən il sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunların Qəbələ rayonunda yerləşən hərbi hissəsində inşa olunan yeni şəhərciyin açılışında iştirakını qeyd edib. Bildirilib ki, cənab Ali Baş Komandanın hərbi hissələrə hər bir gəlişi, sözün əsl mənasında, hərbi qulluqçularda vətənpərvərlik ruhunun, əzmkarlığın daha da yüksəlməsinə səbəb olur. Məruzəçi deyib ki, səhra təcrübəsinin təkmilləşdirilməsi, hərbi qulluqçuların fərdi bacarıqlarının və birgə fəaliyyətlərinin, istənilən hava və coğrafi şəraitlərdə tapşırıqların yerinə yetirilməsinin prinsiplərinin müəyyən edilməsi, habelə, əməliyyatlar zamanı döyüş təminatının vaxtında təşkil edilməsi məqsədilə, Daxili Qoşunlarda xüsusi-taktiki hərbi təlimlər keçirilir, real əməliyyat şəraitinə uyğunlaşdırılmış bu tədbirlər hazırda da davam etdirilir. Ötən ilin iyun ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibəti ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların iştirakı ilə keçirilmiş irimiqyaslı birgə əməliyyat-taktiki təlimdə qarşıya qoyulan bütün məqsədlərə nail olunub, şəxsi heyətin peşəkarlığı Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilib. Sözügedən qurumun yüksək döyüş hazırlığına malik olduğunu deyən general-leytenant Ş.Məmmədov qeyd edib ki, bunun üçün əsas amillərdən olan maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində geniş işlər aparılır, bütün hərbi hissələr müasir tipli silah və xüsusi vasitələr, döyüş sursatları, zəruri texnika və nəqliyyat vasitələri ilə təmin olunur. Nəzərə çatdırılıb ki, Daxili Qoşunların şəxsi heyəti cənab Ali Baş Komandanın bu ali diqqət və qayğısına fədakar xidməti ilə cavab verir. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bayram münasibətilə təbriklərini və xoş arzularını şəxsi heyətə çatdırıb. Silahlı Qüvvələrimizin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayan nazir Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüz və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığını, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən biri olduğunu xüsusi qeyd edib. Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyinə diqqət yetirən Ramil Usubov müstəqilliyimiz ilə yaşıd olan bu qurumun torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına və dövlətinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu bildirib. Daxili Qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayan nazir bunun təsadüfi olmadığını, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəfələrlə Daxili Qoşunların hərbi hissələrində olmasının hər bir hərbi qulluqçunun döyüş əzminin daha da yüksəlməsinə böyük təkan verdiyini, dövlətimizin başçısının DİN Daxili Qoşunlarının təkmilləşməsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Qeyd olunub ki, bu ali diqqət və qayğı hərbi qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın, insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini tələb edir. Ötən müddətdə paytaxtda keçirilmiş beynəlxalq idman yarışları və digər kütləvi tədbirlərdə Daxili Qoşunların hərbi qulluqçularının polis əməkdaşları və digər hüquq-mühafizə orqanları ilə birlikdə ictimai təhlükəsizliyin təmini üzrə qarşıya qoyulmuş tapşırıqları uğurla icra etdiklərini xatırladan nazir bu ilin yayında ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunları zamanı da şəxsi heyətin öz missiyasını layiqincə yerinə yetirməsi üçün bütün qüvvə və səylərini səfərbər edəcəyinə əminliyini bildirib. Çıxışının sonunda general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət qanunvericiliklə üzərlərinə düşən vəzifələri, bütün tapşırıq və göstərişləri bundan sonra da yüksək səviyyədə yerinə yetirəcək, Vətənə, xalqa, dövlətə və Prezidetə sədaqətli xidmətini əzmlə davam etdirəcəkdir. Daha sonra Daxili Qoşunların yaranmasının növbəti ildönümü münasibətilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin verdiyi sərəncamlar, həmçinin daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunlar komandanının imzaladıqları əmrlər elan olunub. Xidmətdə fərqlənmiş bir qrup hərbi qulluqçuya dövlət təltifləri və yeni hərbi rütbələrin paqonları təqdim edilib. Təntənəli mərasimin sonunda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevə müraciət qəbul olunub. Geri dön |