Ana Sayfa > Xəbər > “Mən bir müəllim tanıyıram ki, kasıbçılıqdan gecələr mağazaların birində qarovul çəkir”
“Mən bir müəllim tanıyıram ki, kasıbçılıqdan gecələr mağazaların birində qarovul çəkir”12-03-2015, 17:14. Yazar: admin |
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin müəllimlərin dərsdən sonra fəhləlik etməsini təklif etməsi, təbii ki, cəmiyyətdə birmənalı qarşılanmadı. Sonradan verdiyi açıqlamada Hadı Rəcəbli əvvəlki dediklərini yumşaltmağa çalışsa da, yenə də nəticə birdir: müəllimlərə tövsiyyə olunur ki, iş saatından sonra fəhləlik edib pul qazansınlar. Deputatın “müdrik” çıxışından sitat: "Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?” İqtisadçı ekspert Oqtay Haqverdiyev isə hesab edir ki, müəllimlərin işdən sonra digər fəaliyyətlə məşğul olub pul qazanması təklifi çox absurddur. Çünki o zaman həmin müəllimin əmək qabiliyyəti aşağı olur: “Hansı başdan xarab öz ayağı ilə acından qəbirə gedəcək, hansısa bir iş görməlidir ki, acından ölməsin. Onsuz da müəllim aldığı 150-200 manatla dolanmır. Məsələn, repetitorluq edir və ya ayrıca işlə məşğul olur. Hadı Rəcəbli kimdir ki, müəllimə yol göstərir? Sən onun maaşını qaldır ki, gedib ayrı işlərdə işləməsin və əmək qabiliyyəti məktəbdə aşağı düşməsin. Mən bir müəllim tanıyıram ki, kasıbçılıqdan gecələr mağazaların birində qarovul çəkir. Qanunvericilik orqanında oturan Hadi Rəcəbli məsələ qaldırmalıdır ki, müəllimlərin maaşı artırılsın. Müqayisə aparsınlar Gürcüstan, Rusiya və Türkiyə ilə. Gürcüstan kimi ölkədə müəllimlər bizim müəllimlərdən çox əmək haqqı alır.” Azad Müəllimlər Bilriyinin sədri Məlahət Mürşüdlü deyir ki, Hadı Rəcəblinin təklifi gecikmiş təklifdir. Çünki, müəllimlərimiz illərdir ki, pedaqoji fəaliyyətdən sonra qeyri-pedaqoji fəaliyyətlə də məşğuldurlar: “Məsələn, müəllim var ki, kursda və ya evdə uşaq hazırlayır. Qeyri-pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərimiz də var. Dərman şirkətlərində çalışan, sürücü işləyən, bazarda mal satan müəllimlərimiz var. Hətta restoranlarda axşam süfrəsini hazırlayan ofisiant müəllimlərimizə də rast gəlinir. Bütün bunlar hamısı sözsüz ki, müəllimin sabahki təlim prosesinə mənfi təsir göstərəcək. Çünki müəllimin dərsə hazırlaşmağa vaxtı qalmır. Bu da təlimin keyfiyyətinə təsir edən amillərdir.” Kolleclərdən birində pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllim Ülvi Məmmədov, millət vəkilinin fikirlərini hiddətlə qarşıladığını bildirib: “Belə düşüncə tərzini təsəvvür edə bilmirəm. Gündüz dərs deyən müəllim daş daşıyıb nə vaxt evinə gələcək, dincələcək ki, sabah tələbə qarşısına çıxsın? Heç daş daşımasın, bir müəllim uşağa siqaretin ziyanlarından danışır və özü isə küçədə küncdə oturub tələbəsi yaşında olanlara siqaret satırsa, o müəllimin cəmiyyətdə nə hörməti ola bilər?.. Hazırda müəllim aldığı əmək haqqı ilə nəinki hansısa bir ölkənin kitabxanasında, adicə Mərkəzi kitabxanada belə tədrislə məşğul olmaq mümkün deyil. Yaxşı olardı ki, Hadı müəllim bu məsələləri analiz edərdi. Və təkliflə çıxış edərdi ki, müəllimlərin maaşlarını artırsınlar. Müəllimin cəmiyyətdə hörməti olmalıdır. Onun bu sözləri mənə çox pis təsir etdi. Müəllim təhsil verməklə məşğul olmalıdır. Çox təəssüf edirəm ki, belə ifadələr işlədib.” Uzun müddətdir müəllim işləyən fəlsəfə doktoru Müşfiq Şükürov deyir ki, Hadı Rəcəblinin münasibəti bir həqiqəti daha aydın anlamağa səbəb oldu: “Bizim ölkədə müəllimlik hobbidir. Ailəni saxlamaq üçün, ev almaq üçün insanın başqa, ƏSİL işi olmalıdır. O iş ki, ona görə adam maaşı verirlər. Amma indi, açıq deyirəm, 150-200 manat maaşlıq müəllim işinə gedən gənc adam ya çarəsizdir, ya da axmaqdır. Əlinə qələm götürüb hesablasın. Neçə il yeməsə, içməsə Bakıda və ya Sumqayıtda bir otaqlı evin pulunu toplaya bilər? Ev almaq perspektivi olmayan iş sahibinə qız verərlər? Mən 25 il müəllimlik etdim, amma indi heç bir gəncə müəllim olun, deyə bir məsləhət vermərəm. Buna görədir ki, elm və təhsil sferamız sürətlə qadınlaşır. Əri qazanan qadın yalnız özünə icazə verə bilər hobbi kimi gedib müəllimə işləməyə. Amma oğlanlar bu sahələrdən uzaqlaşırlar. Və bunu deputatlarımız bilsinlər.” M. Şükürov ironik təklif də irəli sürdü: “Təklif edirəm, pedaqoji ixtisaslar verən fakultələrdə qoşa ixtisaslar verilsin. Bu praktika əvvəllər vardı: kimya-biologiya, riyaziyyat-informatika, tarix-coğrafiya və s. Yəni mütəxəssis hər iki ixtisasda dərs deyə bilərdi. İndi ölkədəki sosial siyasətlə əlaqədar olaraq belə ixtisaslar verilsin: ədəbiyyat müəllimi-daşyonan, tarixçi-rəngsaz, bioloq- bağban, riyaziyyatçı-kassir, fizik-sabunbişirən və s.” Geri dön |