Ana Sayfa > Xəbər > «Babam Sultan bəyin şəxsi dərzisi olub»
«Babam Sultan bəyin şəxsi dərzisi olub»7-05-2015, 11:09. Yazar: admin |
Tanıtma: Tanınmış xalça ustası, balıqqulağından və dəniz qumundan suvenir düzəldən ilk azərbaycanlı xanım və müxtəlif əl işlərinin mahir sənətkarı kimi tanınan Firəngiz Həsənova Laçın rayonunun Daşlı kəndində anadan olub. Şuşa şəhərindəki pedaqoji texnikumun məktəbəqədər tərbiyə ixtisası üzrə bitirib. 1976-cı ildən 1992-ci ilədək Laçın rayonundakı müxtəlif uşaq bağçalarında, uşaq evlərində və internatlarda tərbiyəçi, müdirə və digər məsul vəzifələrdə çalışıb. 1992-ci ildə məcburi köçkün düşüb. Bakıda uzun müddət bir neçə uşaq bağçasında işləyib. Sonra Adil İsgəndərov adına Mədəniyyət Sarayında çalışıb. 2013-cü ildən Fövqəladə Hallar Nazirliyinin Akademiyasındakı muzeyin və Heydər Əliyev Mərkəzinin əməkdaşı işləyir. Deyirlər, istedad Allah vergisidir və bu vergi hər kəsə nəsib olan qismət payı deyil. Bəzən də bu istedad nəsildən irsən keçmə olur. «Redaksiyamızın qonağı» rubrikasının qonağı olan Firəngiz Həsənova da belə istedada malik bir insandır. O. «Həftə içi»nə müsahibəsində özünün sənət dünyası barədə ətraflı danışıb: - Babam Abbas kişi təkcə Laçın rayonunda deyil, onun hüdudlarından kənarda da kifayət qədər tanınmış dərzi olub. O, həm də laçınlı xalq qəhrəmanı Sultan bəyin və onun ailə üzvlərinin şəxsi dərzisi idi. Onun əl işləri arasında bəy kostyumları, enlibalaq şalvarlar, köynəklər və sair olub. Adını daşıdığım Firəngiz nənəm isə Laçında adlı-sanlı xalça ustası olub. Həmin dövrlərdə Laçındakı bütün xalça sexlərində, evlərdə toxucu dəzgahlarının quraşdırılması, xalçalarlın toxunması və sair üçün məsləhətləri və göstərişləri də məhz nənəm verərdi. Atam və əmilərim orta məktəblərdə müəllim işləyiblər. Ancaq musiqi təhsilləri olmasa da, atam Hüseyn tar, Rüstəm əmim kamança, Aslan əmim isə qaval və nağara çalır və toylara trio şəklində gedərək çıxış edirdilər. Atam həimçinin dəmirçiliyi, xarratlığı və dülgərliyi çox gözəl bilirdi. Dəmirdən, taxtadan və ağaclardan peçlər, pəncərə çərçivələri, kənd təsərrüfatı alətləri və digər müxtəlif əşyalar düzəldirdi. Anam evdar qadın olsa da, tikmə və toxuma işləri ilə məşğul olub. Onun iplərdən toxuduğu və parçalardan tikdiyi əşyalar böyük maraqla qarşılanırdı. Böyük qardaşım Yusif taxtadan oyma işləri düzəldir. Onun əl işləri arasında üzərində müxtəlif təsvirlər olan masalar, masaüstü lampalar, nərtaxtalar daha məşhurdur. Onun əl işlərinin sifarişçiləri arasında yüksək vəzifəli dövlət məmurları çox olub. Ortancıl qardaşım hərbçi olsa da, musiqi təhsili almadan qaboy və qarmon musiqi alətlərini çox məharətlə ifa edir. Sonbeşik qardaşım Vaqif isə çox savadlı və bacarıqlı mexanizatordur. Onun mexanizasiya sahəsində mükəmməl biliyi və təcrübəsi müxtəlif maşınların düzəldilməsində və təmirində qardaşıma həmişə yaxından köməklik edib. - Bəs siz əl işləri ilə nə vaxtdan məşğul olmağa başlamısınız? -1976-cı ildə Şuşadakı pedaqoji texnikumu bitirib kəndimizə qayıtdıqdan sonra həm bağçada işləyirdim, həm də evimizdə dərziliklə məşğul olurdum. Demək olar ki, kəndimizdə və sovetliyimizdə əksər paltarları mən tikirdim. Xüsusilə də tikdiyim gəlinlik paltarları çox məşhur olduğu üçün sovetliyimizdə və digər kəndlərdə yaşayan və ərə getməyə hazırlaşan qızlar gəlinlik paltarlarını mənə sifariş verirdilər. Həmin vaxtlarda əlavə olaraq rəngli kağızlardan müxtəlif buketlər, güllər və sair düzəldir, şəkillər çəkirdim. 1992-ci ildə ata-baba yurdumuzu tərk edənədək sadaladığım işlərlə məşğul oldum. - Balıqqulağından və dəniz qumundan suvenirləri nə vaxtdan düzəldirsiniz? - Məcburi köçkün kimi Bakıda məskunlaşana kimi balıqqulağı görməmişdim. Yəni onun haqqında çox oxumuşdum, televiziyada görmüşdüm, kitablarda şəkillərinə rast gəlmişdim. Ancaq balıqqulağı ilə canlı tanışlığım yox idi. Bakıda yaşamağa başlayanda bir dəfə həyat yoldaşımla Xəzər dənizinin kənarına getdik. Orada çoxlu balıqqulağı gördüm. Həm xoşuma gəldi, həm də marağıma səbəb oldu. Dəniz sahilində bir neçə balıqqulağını dərinz qumunun üzərinə düzüb bəzəkli əşya formasına saldım. Gördüm ki, maraqlı bir şey alınır. Evə qayıdanda bir ovuc balıqqulağı yığdım. Evdə ondan bayraq düzəltdim. Əl işimi bəyəndiyimə görə taxta, şəkil çərçivəsi,balıqqulağı, qum, lak və PVA yapışqanından istifadə etməklə müxtəlif əşyaları düzəltməyi qərara aldım. Xəzər dənizinin ən böyük sirlərindən biri də odur ki, onun hər sahilində rəngbərəng, müxtəlif formalı balıqqulaqlarına və dəniz qumlarına rast gəlinir. Mən onların əksəriyyətindən istifadə edirəm. Əl işlərimin arasında bizim gerbimiz, Azərbaycanın və Türkiyənin bayraqları, Heydər Əliyev Fondunun, Yeni Azərbaycan Partiyasının, AFFA-nın və SOCAR-ın emblemləri, neft buruğu və qülləsi, müxtəlif güldanlar, güllər və sair var. - Bu günədək müxtəlif yerlərdə keçirilən «Gül baryamı»nda əl işlərinizi nümayiş etdirmisiniz. Nə əcəb sərgi keçirtmirsiniz? - Mənə sərgi ilə bağlı təklif olmuşdu. Adil İsgəndərov adına Mədəniyyət Sarayında keçirilməli idi. Amma müəyyən səbəblərdən həmin tədbir baş tutmadı. Daha doğrusu bəzilərinin laqeydliyi və biganəliyi ucbatından sərgini keçirdə bilmədim. Ruhdan düşdüyüm üçün bir daha sərgi barədə düşünmədim. - Əl işlərinizə görə sifarişləriniz varmı? Onları satırsınızmı? - Düzəltdiklərimin heç birini satmamışam. Onların hamısını əlimdən alıblar (Gülür). Yəni onları Milli Məclisə, SOCAR-a, Bakı şəhər İcra Hakimiyyətinə, «Azərsu» ASC-yə , Adil İsgəndərov adına Mədəniyyət Sarayına və digər rəsmi qurumlara təmənnasız vermişəm. Həmçinin «Gül bayramı»nda bir əl işimi SOCAR-ın prezidenti Rövnəq Abdullayevə bağışladım. Rövnəq müəllim də əl işimi Nazirlər Kabinetinə verib. İndi heç özümün belə əl işim qalmayıb. -Bu cür əl işlərini düzəltmək üçün insanlardan nələr tələb olunur? - Bu sənət mənə Allah tərəfindən verilmiş bir vergidir. Bəzən hər hansı bir əl işi barədə düşünərkən gecələr yata bilmirəm. Düzəldəcəyim əl işimin maketi, təsviri gözlərimin önündən getmir. Sanki Allah məni məcbur edir ki, onu düzəldim. Mən də onları düzəltdikdən sonra çox rahat və şən yatıram. Ona görə də əl işlərimi gecələr düzəldirəm. İstedad və qabiliyyət mənə nəslimizdən irsən keçmə olduğu üçün düşünürəm ki, bu sənəti öyrənmək üçün bacarıqdan əlavə böyük həvəs və maraq da olmalıdır. Mənim həmişə yeni şeylər düzəltməyə çox böyük marağım var. Buna səbrim də çatır. Sadəcə evimiz darısqal olduğu üçün əl işləri düzəltməyə şəraitim yoxdur. Ancaq mən hərdən xalça toxuyuram. - Özünüzə şəyird götürmək, ya da nəslinizdə sənətinizin davamçısı kimi kimisə yetişdirmək istəyirsinizmi? - Hazırda şəyird götürmək və onu öyrətmək üçün normal şəraitim yoxdur. Ancaq çox arzulayıram ki, məndən sonra bu sənəti davam etdirə biləcək sənətkarlar yetişdirim. Mən bununla bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təklif vermişəm ki, bu sənəti 10 nəfər və daha artıq şəyirdə öyrətməyim üçün mənə şərait yaratsınlar. Bununla bağlı «Qaçqınkom»un sədr müavini Gəray Fərhadovla da söhbətlərim olub. Yaxın vaxtlarda bizə ev verəcəklər. Mən sənətimi orda davam etdirəcəyəm və şəyird də götürəcəyəm. Mənim üçün şəyirdlərin məcburi köçkün olub-olmamasının fərqi yoxdur. Mən hər kəsə bu sənəti öyrətməyə hazıram. Onu da deyim ki, ailə üzvlərimdən bu sənətə marağı olanlar var. Qızım Mehparə çox bacarıqlı və qabiliyyətli bir xanımdır. O da muncuqlardan və digər materiallardan müxtəlif əşyalar düzəldir. Düzəldtiyim əl işlərini də çox məharətlə mənimsəyir və düzəldir. Sadəcə ailəli və korpə uşaqları olduğu üçün əl işlərinə vaxt ayıra bilmir. Mənim bu həyatda ən böyük arzularımda biri də odur ki, torpaqlarımız işğaldan azad edilsin. Doğulub-boya başa çatdığım Laçın rayonuna, doğma kəndimizə qayıdım. Orda bu sənəti hər kəsə, bütün uşaqlara öyrədim. Geri dön |