Ana Sayfa > Xəbər > Bakıdakı İran dükanlarında günahkar mollalar, boşalan rəflər: - Təhsil nazirinə də ismarıc var

Bakıdakı İran dükanlarında günahkar mollalar, boşalan rəflər: - Təhsil nazirinə də ismarıc var


19-10-2021, 11:34. Yazar: admin
İllərdir ölkədə qonşu İranda istehsal olunan ərzaq və digər malların satışı aparılır.

Bu malların satışını həyata keçirən dükanlara daha çox “İran nemətləri” adıyla paytaxt küçələrində rast gəlinir. Məlumat üçün bildirək ki, iki ölkə arasında 2020-ci ildə 339 milyon dollar dəyərində ticarət olub. Bunun 301 milyonu idxal, 38 milyonu isə ixracdır. Əvvəlki illərlə müqayisədə isə bu rəqəmlər xeyli azalıb. Rəqəmlər Dövlət Statistiak Komitəsinin məlumatında öz əksini tapıb.

Hazırda Azərbaycanla İran arasında gərginlik var. İki ölkədə bir-birinin ünvanına ittihamlar səsləndirir. İranın Azərbaycanın haqq davasında qarşı tərəfin-Ermənistanın mövqelərini dəstəkləyən hərəkətləri təbii olaraq qəzəb yaradır.

Bəs siyasi münasibətlərdəki bu gərginlik bazara necə sirayət edib?

Cebhe.info olaraq İran məhsulları satılan mağazalarda (“Nizami” metrostansiyasının yaxınlığındakı) olub, hazırkı durumla maraqlandıq.
Bakıdakı İran dükanlarında günahkar mollalar, boşalan rəflər: - Təhsil nazirinə də ismarıc var
Qəlyan İrandan, tütün bizdən

Daxil olduğumuz ilk mağazada məqsədimiz İran nemətlərindən dadmaq olmasa da, adının açıqlanmasını istəməyən satıcı bizə nemətlərdən dadmağı təklif elədi. Qonaqpərvər gənc Bakı sakinidir. Dükanda alıcının yoxluğundan istifadə edib gənc satıcı ilə bir az söhbət edə bildik. O, alıcıların, əsasən, xurma, düyü, yağ, digər çərəzlər aldıqlarını dedi. Mağazada satılan qəlyan tütününün isə İrandan gətirilmədiyini, yerli olduğunu bildirdi.

Susqun İran vətəndaşları:Fəhlə,yoxsa sahibkar?

Dükanın səliqəsi ilə məşğul olan gənci çox sorğu-suala tutmadan növbəti mağazaya yaxınlaşdıq. Buradakı ortayaşlı satıcı da paytaxt sakinlərindən idi. O, İrandan hətta suyun belə gətirilib satıldığını dedi. Ərzaq məhsullarından əlavə yuyucu toz, sabun, şampunların da böyük kütlə tərəfindən alındığını bildirdi. Yaxınlaşdığımız növbəti mağazada 3 satıcı vardı. Nəhayət ki, alıcılara da rast gəldiyimiz mağazada İran vətəndaşları olan satıcılar heç bir şey danışmaq istəmədilər. Ən çox satdıqları məhsulun belə hansı olduğu sualını cavabsız qoydular. Onlar ancaq satıcı, özlərinin dedikləri kimi, fəhlə olduqlarını desələr də, qətiyyən fəhlə təəssüratı yaratmırdılar. Çünki oturan onlar, alıcıların hansına yetişməkdə çaş-baş qalansa azərbaycanlı olduğunu deyən gənc idi. Ağzına su alıb oturan İran vətəndaşları olan mağazadan çıxıb növbətisinə daxil olduq.

Azərbaycandakı dərsliklərin təhrif olunduğunu dedi və susdu

Səliqəsi ilə digərlərindən fərqlənən bu mağazada isə Xosrov adlı şəxs vardı. O, özünü həm iranlı, həm o taylı-bu taylı azərbaycanlı kimi təqdim etdi. Xosrov bəy mağazada gördüyümüz bütün mallara tələbatın olduğunu dedi. Mağazada təmizlik vasitələri, şampunla yanaşı, yağ, düyü, çay, xurma və digər ərzaqlar satılırdı. Pandemiyadan öncə alıcılıq qabiliyyətinin yüksək olduğunu deyən Xosrov bəy hazırkı durumun hələlik onların işinə təsir etmədiyini söylədi. Onların satışının, gəlirinin Azərbaycandakı insanların maddi durumundan asılı olduğunu dedi. İndi məhdudiyyətlərin aradan götürüldüyünü, yavaş-yavaş hər şeyin yoluna düşdüyünü deyən satıcı İran və Azərbaycanın münasibətinin gələcəkdə onların işlərinə təsir edəcəyini də vurğuladı. O, ümumiyyətlə, Azərbaycanda insanların tarixi yanlış bildiklərini, ölkədəki tarix dərslikləri ilə tanış olduğunu və təhrif olunduğunu iddia etdi. Söhbətin konkret hansı tarixi faktdan getdiyini öyrənmək istədiyimizdə isə susdu, cavab vermədi. Sağollaşmaqla mağazadakı sükutu pozduq.

Cənubi Azərbaycanlının Kanadadan başlayan Bakı yolçuluğu

Növbəti mağazadan İran nemətlərinin ətri ilə yanaşı, fars musiqisi, fars dilindəki xəbərlərlə rastlaşdıq. Hər üç satıcısının Cənubi Azərbaycandan olduğu mağazada daha çox özünü Muhammed deyə təqdim edən şəxslə söhbətləşdik. İranın Astara vilayətindən olan gənc əvvəllər Kanadada yaşadığını, təhsil aldığını, İrana döndükdən sonra anası ilə birgə Azərbaycana gəldiyini bildirdi.

Hər şey indi başlamayıb...

Mağazada İran mallarının bu qədər az olmasını isə o, iki ölkə arasında yaranan soyuqluqla əlaqələndirdi. Söhbətə qoşulan digər İran vətəndaşı da 4 aya yaxındır ki, mal gətirməkdə çətinlik çəkdiklərini dedi. Onlar bu gərginliyin, əslində, neçə aydır başladığını bildirdilər. İranda yaşamaq istəmədiyini deyən Muhammed hər söhbətdə mollaları günahlandırırdı. Sarıkökü elə mağazanın özündə toz halına salan gənc bizi bir neçə İran nemətləri, çərəzləri ilə tanış etdi. Qiymətlərin isə əvvəlkilərlə müqayisədə dəyişmədiyini dedilər. Girdiyimiz bütün mağazalarda İran mallarının əsasən, Təbriz, Ərdəbil, Məşhəd şəhərlərindən gətirildiyini öyrəndik. Bilmədiyimiz tək şey İran məhsullarının dadı oldu. Bəziləri təklif etsə də, heç birini dadmadıq...
Geri dön