Ana Sayfa > Xəbər > «Türk birliyini qursaq dünyaya ədalət gələcək» MÜSAHİBƏ

«Türk birliyini qursaq dünyaya ədalət gələcək» MÜSAHİBƏ


6-05-2015, 09:23. Yazar: admin
«Türk birliyini qursaq dünyaya ədalət gələcək» MÜSAHİBƏ
Türkiyənin siyasi müstəvisində yeni meydana çıxan Böyük Turan Hərəkatı Partiyasının başqanı Varol Esen və onun təşkilati məsələlər üzrə müavini Zəki Yunçuoğlu ilə İstanbulda görüşüb, söhbət etdim. Hər ikisi sözün əsl mənasında türkçü, millətçi ruhdaydı. Deyirlər ki, qarşılarına məqsəd qoyublar: iki ildən sonra iqtidara gələcəklər və bununla da Türkiyə millətimizə qarşı daha adil davranacaq, türk ölkələrinin birliyi qurulacaq və dünyada ədalət bərpa olunacaq. Söhbətimizi diskussiya şəklində oxuculara təqdim edirik:


Varol Esen:
- Millətçi Hərəkat Partiyası türk millətçiliyini müdafiə etmək məqsədilə yaradılsa da, çox çəkmədən öz məqsədlərindən sapdı. Çünki bu partiya türk birliyinin yaranmasını qətiyyən istəmir. Niyə? Gəlin qısaca araşdıraq: PKK-nın Türkiyə Böyük Millət Məclisində siyasi qanadı yoxdurmu, əlbəttə var. Onlar parlament kürsüsündən millətimizi hər cür təhqir edirlər, amma MHP-çi millət vəkilləri səslərini çıxarmır. PKK ilə bağlı paket məclisdən keçib. Fikir verin: həmin paketə əsasən dağlarda məskən salmış PKK terrorçularına silahı yerə qoyduğu təqdirdə təmənnasız ev bağışlanılır, geri almamaq şərtilə bankdan kredit ayrılır. Hansı ki, onlar əsgərlərimizi, tibb bacılarımızı, müəllimlərimizi, şagirdlərimizi – günahsız insanlarımızı öldürüblər. Torpağımızı terrordan qoruyarkən əlil olmuş, ayaqlarına protest taxılmış qazilərimizin evinə icra sənədi göndərilir ki, dövlətə borclarını ödəsinlər. MHP isə «minillik qardaşlarımız» deyə-deyə əslində heç bir iş görmür, əksinə torpaqlarımızı bölür. Üç maddəli belə bir saziş var: a) bütün xalqların öz-özünü əritmək haqqı mövcuddur. b) xalqlar öz torpaqlarındakı təbii sərvətlərdən istifadə hüququna sahibdirlər. c) tərəflər müqavilənin şərtlərini yerinə yetirmək üçün öhdəlik götürüblər. Bu əslində Türkiyənin bölünməsini nəzərdə tutan qanundur.



- Həmin müqavilə sənədi məclisdə təsdiqlənib?
- Əlbəttə ki, qəbul olunub. 1974-cü ildən üzü bəri heç bir hökumət bu qanun layihəsinə imza atmamışdı. Amma 1999-cu ildə Ana Vətən Partiyasının sədri Məsud Yılmaz, Demokratik Sol Partiyadan Bülənt Ecevit, Millətçi Hərəkat Partiyasından isə şəxsən başqan Dövlət Baxçalının icazəsi ilə Volkan Vural həmin sənədi imzaladı. 2003-cü ildə isə məclisə gətirilərək AKP ilə CXP-nin birgə səsini alan sənəd qəbul olundu. Bu Türkiyənin bölünməsini rəsmiləşdirən sənəddir. Əgər həmin qanun icraya girərsə, bu o deməkdir ki, ölkə bir neçə əraziyə bölünəcək. Əslində imperialist qüvvələrin də istəyi budur. Onlar böyük ölkələri bölə bilmədikdə əvvəlcə onu milli bölgələrə ayırar, onlarda özünə uyğun hakimiyyət qurar və sonda da istədiyinə çatar. Yeri gəlmişkən, AKP-nin seçki məramnaməsində belə bir maddə var: yaxın gələcəkdə mərkəzi hökumətdən yerli idarəetməyə - bələdiyyələrə keçəcəyik. Yəni Avropanın şərtləri yerinə yetiriləcək. Bu isə o deməkdir ki, Türkiyə 25, bəlkə də 27, hətta 30 yerə bölünücək. Bütün bunlar MHP-nin gözləri önündə baş verir. Əgər bu partiya doğrudan da millətçidirsə, vətən təhlükədədir, türk milləti yox edilməkdədir, dövlətin qurucusunun heykəlləri götürülür, bayrağımız yandırılır, təhqir olunur və sair, niyə etiraz etmir?




- Kürsülərini itirməkdən qorxurlar…


- O kürsülərdə oturmaq istəyirlərsə, türk millətinin haqqını müdafiə etməlidirlər. Əgər etməyəcəklərsə, çıxıb getməlidirlər. Amma çox təəssüflər ki, türkün düşməni olan bu «millətçilər» AKP hökuməti hər dəfə çətinə düşəndə, onların köməyinə yetişdi. Mövqelərini əsaslandırmaq üçünsə dedilər ki, «AKP gedərsə, ölkədə xaos baş qaldırar». Təsəvvür edin ki, Soma kömür mədənində faciə yaşanan vaxtlar AKP iqtidarı yıxılmaq üzrə idi. Bu zaman MHP lideri faciə yerinə gedərək bildirdi ki, Ərdoğan iqtidarı çox yaxşı işləyir. Bunu birdəfəlik yadda saxlayın: MHP heç vaxt millətimizə can yandırmayıb. Həmişə sağı göstərib, solu vurub. Biz isə Böyük Turan Hərəkatı Partiyasını türk millətini bir araya gətirmək üçün qurmuşuq. Bizə nə avropa lazımdır, nə də ərəb. Bizə damarlarında türk qanı axan millətin birliyi lazımdır. Türk birliyini qurduğumuz zaman hərbi, siyasi, iqtisadi, sosial, mədəni – bütün sahələrdə ittifaqda birləşəcəyik. Türk milləti olaraq qanımız bir, canımız bir, dilimiz-dinimiz eyni. Türk dövlətləri varkən niyə Avropa ilə ittifaq qurmalıyıq ki? Dünyada elə bir təbii sərvət olmasın ki, onun nəhəng ehtiyatları türk dünyasının ərazisində olmasın. Üstəlik, dünyanın ən döyüşkən ruhlu insanları da məhz türklərdir. Görün iş hara çatıb ki, biz Qarabağın timsalında türk torpağını ermənilərə təslim etmişik…


- Yeri gəlmişkən, türkçü və millətçi partiyaların da oturduğu Böyük Millət Məclisi Xocalı soyqırımını tanımaq istəmir…
- Bəli, niyə canı, qanı bir olan türkük deyirlər, amma bu məsələdə səslərini çıxarmırlar? Çünki onlar türk millətini təmsil etmirlər. Təsəvvür edin ki, Xocalı soyqırımını tanımaq istəməyən həmin millət vəkilləri qondarma erməni soyqırımına görə başsağlığı mesajları göndərdilər. Hansı ki, əksinə, 1914-1915-ci illər arasında ermənilər türklərə qarşı Muşda, Ərzurumda, Qarsda və sair soyqırım törədiblər…


- Ərdoğan da qeyd etdi bunları…
- O, nala-mıxa vurur. Bu tərəfdən xalqının könlünü almaq üçün bu cür ifadələr işlədir, o yandan isə Avropanı razı salmaq məqsədilə ermənilərə başsağlığı mesajları göndərir. Əgər o, doğrudan da «erməni soyqırımını» qəbul etmirsə, nəyə görə İstanbulda anma mərasimi düzənləyir və hətta nazirini də ora göndərir? Onlar oyun oynayırlar.




- Bu dəfə Rusiya və Fransa prezidentləri İrəvana getdilər, Roma Papası və Avropa Birliyi də ermənilərin tərəfində dayandı. Elə isə Türkiyə də onların acığına Xocalı soyqırımını tanımaqla adekvat cavab verə bilərdi…
- Türkiyənin yeganə prezidenti Abdullah Gül idi ki, ermənistanlı həmkarını rəsmən Ankaraya dəvət edib və hətta onunla birlikdə futbol yarışını da izləyib. Bəyəm Abdullah Gülün ermənilərlə qohumluğu var? Onun soy-kökünü araşdırmaq lazımdır. Ərdoğana gəlincə, Papanı «Ağ saray»a çağırdı, mən oranı «qara saray» adlandırıram, təklikdə nə danışdı, bilinmir. Papa Vatikana qayıdandan bir müddət sonra dedi ki, Türkiyədə ermənilərə qarşı soyqırım törədilib. Təbii ki, ardıyla da Avropa Birliyi bunu qəbul etdi. Məncə Ərdoğan Papanın mövqeyinin necə olacağını bilirdi. Bütün bunlar və türk nazirlərin, millət vəkillərinin ermənilərə başsağlığı verməsi Azərbaycan türklərinə, Qazaxıstan türklərinə, Kıbrıs türklərinə – türk dünyasına xəyanətdir.


- Ümumiyyətlə, Türkiyədə bir çox solçu partiyalar, eləcə də QHT və işadamları Ermənistanla sərhədlərin açılmasını istəyir. Türkiyə bu qədərmi möhtacdır Ermənistana?
- Türkiyədə 106 siyasi partiya mövcuddur. Onların 105-i etniklərə qucaq açır, yalnız biz Türkiyəyə və türk millətinə əl uzadırıq. Çünki son 100 ildir Avropa və Ərəb Birliyindən bizə heç bir fayda gəlməyib.


- Millətçilər heç vaxt Türkiyədə iqtidara gəlməyiblər, yəqin xalq bunların kim olduğunu yaxşı bilir…
- Türkiyədə Amerikanın arzulamadığı heç bir partiya iqtidara gələ bilməz. Biz isə bu sistemi yıxmağa gəldik və inşallah istəyimizə yetəcəyik.


- Çox qalıb o vaxta?
- Hardasa 2, ən geci 3 il sonra iqtidara gələcəyik və proqramlarımızı həyata keçirəcəyik.


- Möhkəmlənmək istəyirsinizsə başqa partiyalardan dəstək almalısınız və hətta onlardan özünüzə tərəfdar çəkməlisiniz…
- Artıq çox sayda adam partiyamıza təşrif buyurub. Təbliğatımızı aparırıq, eşidib-bilən çoxları partiyamıza axışır.


- Gələnlər arasında parlamentdə oturanlar da var?
- Var. Hətta düşünürəm ki, seçkilərə qatılmasaq da, yaxın iki ildə Böyük Millət Məclisində maraqlarımızı müdafiə edəcək fraksiya yarana bilər.

Zəki Yunçuoğlu:
- Əgər Millətçi Hərəkat Partiyası rəhmətlik Alparslan Türkeşin ideya və düşüncələrini özündə əxz etdirsəydi, bu gün Böyük Turan Hərəkatı Partiyasının meydana çıxmasına ehtiyac qalmazdı. Bu gün onlar türklərin maraqlarını qorumurlar. Həmsərhəd ölkələrdə – Suriyada, Livanda, İraqda gedən toqquşmalarda zərər çəkən hər kəsə qucaq açan Türkiyə. Təəssüflər olsun, yalnız öz doğma türkmənlərimizə qucaq aça bilmir. Millətçi Hərəkat Partiyasının bu məsələrdə səssiz qalması bağışlanmazdır.
- Avropa Birliyinə münasibətiniz necədir?
- Onlar heç vaxt istəməz ki, Türkiyə bu birlikdə təmsil olunsun. Amma türksüz də keçinə bilməzlər. Şəxsən mənə görə, Avropa Birliyi 100 il öncəki Çanaqqala savaşı zamanı Türkyəni bölüb-parçalamaq istəyən ittifaqın yeni formasıdır. «Türkün türkdən başqa dostu yoxdur» deyimini əsas tutsaq, doğrudan da, türkün türkə dəstək verməsindən təbii nə ola bilər? Biz türklüyü qəbul edirik. O qədər türk var ki, müsəlman deyil. Məsələn, qaqauzlar, marilər, tengilər və sair müsəlman deyillər, amma tükdürlər və bu bizim üçün əsasdır. Biz başqa dinlərə də küfr etmirik və sayğılıyıq.


Varol Esen:
- Mənim də bu məsələdə mövqeyim belədir ki, kimsə dinimi əlimdən ala bilməz. İnsan inandığı dinlə bağlı hesabı Allaha verəcək. Türk heç vaxt türkün torpaqlarına göz dikməyib və dikməz də. Bu qardaşlar arasında olan təbii münasibətdir. Dinə gəlincə, ərəblər də müsəlmandır. Amma bir vaxtlar Osmanlını məğlub etmək istəyən ingilislər həmin müsəlman ərəbləri silahlandıraraq üstümüzə qaldırdılar və onlar bizi kürəyimizdən vurdular. Avropanın gözü həmişə torpaqlarımızda olub. O zaman niyə biz onlarla eyni birlikdə olmaq istəyəк? Xeyr, biz öz qardaşlarımızla – türklərlə Birlik yaradacağıq. İnanıram ki, Türk birliyini qursaq dünyaya ədalət gələcək.


- Orta Asiyanın türk dövlətləri ilə əlaqələriniz varmı?


Varol Esen:
- Yavaş-yavaş xəbər göndəririk hamısına. Partiyamızı bəyan edirik və görüşlər, hər hansı formada münasibətlər qurmaq istəyimizi çatdırırıq. Qəzetiniz vasitəsilə də buradan çağırış edirəm: bütün türk ölkələri, gəlin əl-ələ verib, türk birliyi quraq. Əgər bu birliyi qura bilməsək dünyaya ədalət gətirə bilmərik.


- Məncə yalnız müstəqil türk dövlətləri ilə deyil, həm də muxtar və ya heç bir özəl hüququ tanınmayan türk xalqları ilə də əməkdaşlıq etmək müsbət nəticə verərdi…


Zəki Yunçuoğlu:
- İran türklərinin – Güney Azərbaycanın bu proseslərdə oynaya biləcəyi rolu dəyərləndiririk və onlarla hər hansı əlaqə qurmağa çalışırıq. Biz – Böyük Turan Hərəkatı Partiyası, dünyada Turan adını daşıyan yeganə siyasi qurumuq.


- Azərbaycanda da var bu adda partiya…
- Yəqin morjinal partiyadır – adı var, özü yox. Biz isə çalışıırq ki, öz sözümüzü deyək. Ümumiyyətlə, son illər gedən proseslərə nəzər salsaq, türklər əzildikcə təşkilatlanmağa çalışırlar. Hətta vaxtaşırı kimlərsə tərəfindən planlı şəkildə türkçü, turançı, tüengriçi və sair partiyalar yaradılır və onların vasitəsilə insanları aldadaraq həmin nəzarətdə saxlayırlar. Əsl türkçüləri kənarda saxlamaq üçün saxta liderlər yaradılır, özünü pula satanlar partiya başına gətirilir və sair kimi yollarla xalqın mücadiləsinin qarşısı kəsilir. Məsələn, Türkiyədə 100-dək türkçü dərnək fəaliyyət göstərir. Hansı ki, onlardan cəmisi 6-7 dənəsi həqiqi millətçilik yolunu seçib.


Varol Esen:
- Mənim düşüncəmə görə, Türkiyə kimi Azərbaycan da. Qazaxıstan da, Özbəkistan da, Qırğızıstan da, Türkmənistan da – hamısı doğma vətənimdir, ana torpaqlarımdır. Bu ölkələrdə baş verən ağrılı hadisələr ürəyimi yandırır. Yenə də qəzetiniz vasitəsilə bəyan edirəm: iqtidara gələn kimi Qarabağa və işğal olunmuş digər bölgələrə Azərbaycan bayrağını sancacağıq.
- Axı Amerika sizə imkan verməyəcək…

- Onlar bizə heç nə edə bilməz. Bu ürək, inanc məsələsidir.
Zəki Yunçuoğlu:
- Partiya olaraq məramımız budur: tarixdən və ənənələrdən gələn türkçülük, qan qohumluluq prinsipləri əsasında ittifaqımızı yaradaq. Mədəni əlaqələrimizi gücləndirməkdə nə pis iş ola bilər, anlamıram. Türk ölkələrinin bir araya gələərk qardaşlıq mühitində var olmasında təəccüblü heç nə yoxdur və inşallah bu ideyalar reallaşacaq.

Geri dön