Ana Sayfa > Xəbər > Ev alarkən və ya satarkən sizi necə aldada bilərlər... - AKTUAL
Ev alarkən və ya satarkən sizi necə aldada bilərlər... - AKTUAL31-08-2021, 19:57. Yazar: admin |
Bir müddət əvvəl əmlak saytlarından birində əmlakımı satışa çıxarmışdım. Elan qoyduğum nömrəyə Rusiya nömrəsindən bir nəfər zəng etdi. Rus dilində aksentsiz, tərtəmiz danışan qadın evdən xoşu gəldiyini ancaq Azərbaycandan xaricdə olduğunu qeyd edirdi. Qadın, ev üçün 1000 dollar beh ödəmək istədyini bildirib bank kartı göndərməyimi xahiş etdi. Düzü, 1000 dollar rəqəmi məni bir qədər şirnikləşdirmişdi. Kartın hansı bankdan olduğunu deyib, üzərindəki rəqəmləri də "xanıma" göndərdim. O isə, israrla kartın şəklini çəkib göndərməyimi istəyirdi. Yadıma sosial şəbəkələrdə bu hadisəyə bənzər bir paylaşım düşdü. Özünü maşın alverçisi adlandıran şəxslər, bir qadını aldadıb kartında olan 300 manat da çəkmişdilər. Odur ki, evimi almaq istəyən xanıma "səhər gedib bank hesabı açıb, sizə göndərərəm, ödəyəcəyiniz məbləği ora göndərərsiniz" dedim. Elə bunu yazmışdım ki, qadın məni blok etdi. Yəni bir saata yaxındır ki, evimi almaq istəyən şəxs, bir anda fikrini dəyişdirdi. Sonradan tanışlarım da bildirdi ki, lalafo və oxşar tipli saytlarda bəzi dələduzlar dolaşır və qurban axtarırlar. Bir qədər saf və pula ehtiyacı olan şəxsləri müəyyən edib, onlara şirin vədlər verərək, olan-qalan vəsaitlərini əllərindən almaqla yanaşı, kartlara külli miqdarda borc da yükləyə bilirlər. Düzü, bunu necə etdiklərini bilmirəm. Amma proqramist tanışların sözlərinə görə, kartın şəkli göndərildiyi anda, xakerlər xüsusi proqramla şəxsin digər məlumatlarını da əldə edə bilirlər. Bundan sonra isə, kart sahibinin əgər pulu varsa, pulunu mənimsəyirlər. Kartda heç bir məbləğ yoxdursa, xüsusi saytlarda alış-veriş edərək, karta borc yükləyə bilirlər. Kart sahibi isə məsələdən hali olanda gec olmuş olur. Və bu da azmş kimi banka borcdan xəbərsiz olduğunu sübut edə bilmir. Bir müddət əvvəl isə tanışlardan biri danışırdı ki, ona bankların birindən zəng gəlib. Rus dilində danışan xanım, vətəndaşa kartına internet üzərindən hücum edildiyi və pul çıxarılmasına cəhd edilməsi xəbərini verib. Daha sonra xanım bizim vətəndaşdan bank kartının pul olub-olmamasını soruşub və kartın üzərindəki rəqəmləri deməsini xahiş edib. Bizim vətəndaş isə bunun bir dələduzluq olduğunu anlayıb və keçib telefonun o biri tərəfində olan şəxsləri bəzəməyə. Bizim vətəndaş da, mən də dələduzların qurbanına çevrilməsək də, internet üzərindən tamahına güc gəlib aldananlar və yaxud qorxub-çəkinib aldananların sayı kifayət qədərdir. Biz öz növbəmizdə potensial aldanma ehtimalı olanlara müraciət edirik: Bank kartlarını və kart məlumatlarınızı heç kimlə bölüşməyin. Sizə tanımadığınız nömrələrdən zəng gəldiyi halda, bank məlumatlarınız tələb edilirsə, bunun bir dələduzluq əməli olduğunu unutmayın. İnternet üzərindən tanış olduğunuz insanlarla onlayn hesablaşamalar aparmayın. Kirayə ev üçün, ev satışı üçün və digər vasitələrin satışı üçün sizə onlayn şəkildə təklif edilən "beh"ləri qəbul etməyin və yaxud onlayn ödəmələri qəbul etməyin. Bütün bunlar xüsusi dələduz qruplaşmaların hazırladıqları ssenarilərdir. Bu işlə hüquq-mühafizə orqanları xüsusi olaraq məşğul olmadığı üçün saytlarda vətəndaşları aldadan xüsusi şəbəkə var. Və hər gün yüzlərlə insan birbaşa və ya dolayı yol ilə bu şəbəkənin qurbanına çevrilir. Odur ki, internet üzərindən satış həyata keçirərkən, ev kirayələmək istədiyiniz zaman, sizə məxsus hər hansı əmlakı satdığınız zaman, insanlarla üz-üzə görüşdükdən sonra ödəmə edin və ya ödəmələri qəbul edin. Əks təqdirdə, bu şəbəkənin qurbanlarından biri də siz ola bilərsiniz. Bizimyol.info Geri dön |