Ana Sayfa > Xəbər > “Öldürdük, cibindəki pulla pivə alıb içdik, sonra isə...”
“Öldürdük, cibindəki pulla pivə alıb içdik, sonra isə...”4-05-2015, 15:45. Yazar: admin |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org-un verdiyi xəbərə görə, prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxs dostu Asim Bünyadzadə ilə birlikdə tanışı, Gədəbəy rayon sakini, 22 yaşlı Röyal Nəcəfovu qətlə yetiriblər. Hadisə Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivindəki “Göl” adlanan ərazidə baş verib. Gənclər arasında münasibətlərin pozulmasına pul səbəb olub. Qətldən sonra gənclər Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinə gedərək təslim olublar. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs qismində dindirilən Yarəli Dadaşov ifadəsində ona elan olunmuş ittihamla özünü təqsirli bilib. Y.Dadaşov ifadəsində pul qazanmaq məqsədilə “vapmaster” kimi mobil internet saytlarının düzəldilməsi ilə məşğul olduğunu, 2012-ci ildə Röyal Nəcəfovun serverə daxil olaraq onunla əlaqə saxladığını və internet saytı almaq istədiyini göstərib: “Röyala 17 ədəd wap-mobil internet saytı düzəldib satdım. Aramızda dostluq yarandı. 2013-cü ilin fevral ayında Röyal “wap.eleme.az” saytını satacağını, həmin saytda gündəlik 300-400 nəfər şəxsin qeydiyyatdan keçdiyini dedi. Ondan saytı bir həftəlik istifadəyə verməsini, reytinq olarsa, 400 manat verəcəyimi bildirdim. Röyal da parolu və istifadə girişini mənə verdi. Saytı server kimi 4 gün işlətdikdən sonra gündəlik 50-60 nəfərin qeydiyyatdan keçdiyini gördüm. Ona görə də zəng vurub qaytarmaq istədiyimi dedim. Röyal Gəncədə olduğunu, 3 günə kimi gələcəyini dedi. Təxminən 15-20 gündən sonra Röyalla görüşəndə məndən 400 manat tələb etdi. Ona başa saldım ki, zəng vurub saytı geri götürməsini demişəm. Röyal tələb etsə də mən pul verməyəcəyimi bildirdim”. Təqsirləndirilən şəxsin ifadəsinə görə, təxminən bir il ərzində Röyal hər dəfə onunla görüşəndə 400 manatı tələb edib. O isə öz növbəsində verməyəcəyini deyib: “Amma aramızda bu haqda mübahisə olmamışdı. Son vaxtlar isə Röyal zəng vurub mənimlə acıqlı danışırdı. Növbəti dəfə zəng vuranda görüşmək istədiyini dedi. Həmin vaxt dostum Asim Bünyadzadə ilə onun işlədiyi təkər təmiri sexində domino oynayırdım. Asim zəng vuranın kim olduğunu soruşdu. Mən də pul məsələsini Asimə danışdım. Asim dedi ki, onu çağır bir yerə, biryolluq bu məsələyə aydınlıq gətirin. Mən də Röyala zəng vurub Savalanda yerləşən gölün yanına çağırdım. Hadisə gününə kimi Asim Röyalı tanımayıb. Saat 23:30 radələrində orada görüşdük. Röyal bir nəfər dostunun bizi gözlədiyini bildirdi. Piyada gedərkən yavaşca Asimə evdən bıçaq gətirməyi tapşırdım. Asim bıçağı Röyal görmədən mənə verdi. Gölün yanına çatanda Röyal kiməsə zəng vurub “iki nəfərdirlər, gölün qırağında səni gözləyirəm, əliboş gəlmə” dedi. Röyaldan nə məsələ olduğunu soruşanda təhqir etməyə başladı. Asim ona “səni döyüb murdar eləyərəm” deyəndə təkrar söyüş söydü. Asim onun üstünə cumanda Röyal bıçaq çıxarıb onu vurmaq istədi. Mən onun qolundan vurub bıçağı yerə saldım. Boğazından yapışıb sifətinə başımla zərbə vurudm. Röyal sifətini tutub yerə çökdü. Siqaret yandırıb kənara çəkildim. Bu zaman Asim yerdən götürdüyü bıçaqla Röyala zərbə endirdi. Röyal qışqıra-qışqıra yenə də təhqir edirdi. Heç kim eşitməsin deyə mən Röyalın boğazından, Asim isə ayaqlarından tutub hasarın kənarına apardıq. Röyal 2 yaşlı qardaşım qızını da söyməyə başlayanda dözmədim. Bıçaqla kürəyindən iki-üç dəfə zərbə vurdum. Bıçağın dəstəyi qırıldı. Asimin verdiyi bıçaqla yenidən zərbələr endirdim. Röyal öldükdən sonra onun telefonunu və pul qabını götürüb getdik. İzi itirmək üçün mobil telefonu, pul qabını və bıçağı gölə atdım. Meyiti də gölə atmaq istədik. Bu məqsədlə meyiti gölə tərəf sürüdük. Amma bataqlığa düşdüyümüz üçün meyiti gölün kənarında qoyub həmin yerdən uzaqlaşdıq”. Təqsirləndirilən şəxs ifadəsində qətli törətdikdən sonra Ramana qəsəbəsindəki “Xram” kafesinə getdiklərini, Röyalın pulqabısından götürdükləri 21 manata pivə, cipsi aldıqlarını göstərib: “Sonra cinayəti etiraf etmək üçün 14-cü polis bölməsinə getdik və təslim olduq. Hadisənin baş verməsinə səbəb Röyalın söyüş söyməsi olub”. Təqsirləndirilən Asim Bünyadzadə artıq dünyasını dəyişib deyə onun ibtidai istintaqa verdiyi ifadə elan edildi. O, ibtidai istintaqa Yarəli Dadaşovun ifadəsində göstərdiyi analoji məzmunda ifadə verib. Məhkəmə prosesi mayın 18-də davam edəcək. Zərərçəkmiş şəxs qismində dindirilən Müzəffər Nəcəfov ifadəsində oğlu Röyalın xırda ticarətlə məşğul olduğunu göstərib: “23 oktyabr, 2014-cü ildə toydan evə gələndə Röyalın yemək yediyini gördüm. Sonra öz otağına keçdi. 15-20 dəqiqədən sonra otaqdan çıxıb paltarlarını geyindi və “uşaqlar zəng vurub, pulumu gətiriblər, 186-nın axırıncı dayanacağında məni gözləyirlər” dedi. Gecə vaxtı evdən çıxmasına narazılıq edəndə dedi ki, ata, uşaqlar gündüz işləyirlər, vaxtları olmur, narahat olma, indi qayıdıram. Röyal evi gülə-gülə tərk etdiyinə görə narahat olmadım. Anası bir neçə dəfə zəng vuranda dedi ki, indi gəlirəm. Gecə saat 24:00 radələrində Röyalın hər iki telefonu söndürülmüşdü. Səhər tezdən evdən çıxanda zəng vurub Sabunçu xəstəxanasına gəlməyimi istədilər. Orada oğlumun öldüyünü öyrəndim. Röyal nəinki hadisə baş verən gün, ümumiyyətlə heç vaxt üzərində bıçaq gəzdirməyib. Oğlumu öldürən şəxsləri tanımıram”. Geri dön |