Ana Sayfa > Xəbər > Vanqanın proqnozlarına ekspert rəyi: “Dünya daha tez də məhv ola bilər”
Vanqanın proqnozlarına ekspert rəyi: “Dünya daha tez də məhv ola bilər”4-05-2015, 15:24. Yazar: admin |
Dünyaca məşhur bolqar kahini Vanqanın ölümündən 19 il keçsə də, onun adından dünyanı heyrətə gətirən müxtəlif öngörülər, proqnozlar yayılmaqda davam edir. Ötən gün mediada Vanqanın 2015-ci ildən sonrakı dövr üçün öngörüləri yayılıb və böyük marağa səbəb olub. Vanqanın “iddialar”ına görə, 2018-ci ildə dünyanın yeni super gücü Çin olacaq, 2026-cı ildə Avropanın əhalisi tükənmə nöqtəsinə gələcək. Proqnozlardan bəziləri belədir: - 2043-cü ildə müsəlmanlar Avropanın hakimi olacaqlar. - 2046-cı ildə xəstələnən orqanın yerinə yenisinin qoyulması ən çox istifadə edilən və ən sadə müalicə üsulu olacaq. - 2076-cı ildə kommunizm bütün dünyaya hakim olacaq. - 2100-cü ildə insan istehsalı olan süni Günəş dünyanın qaranlıq üzünü işıqlandırmaq üçün istifadə ediləcək. - 2111-ci ildə insanlar androidə bənzər yaşayan robotlara çevriləcəklər. - 2164-cü ildə heyvanlar yarıminsana çevriləcəklər. - 2170-ci ildə Böyük quraqlıq yaşanacaq. - 2196-cı ildə Asiya və Avropa irqləri tamamilə bir-birinə qarışacaq. - 3797-ci ildə dünyanın sonu olacaq, bütün canlılar məhv olacaq. Təəccüb doğuran bir məqam isə odur ki, hər dəfə Vanqanın iddiaları cəmiyyətdə böyük əks-səda yaradır. Bu isə bolqar kahinə inananların sayının heç də az olmadığını göstərir. Bəs, görəsən Azərbaycanlı siyasətçilər, ictimai xadimlər Vanqanın öngörüləri ilə bağlı nə düşünürlər? Politoloq Ərəstun Oruclu musavat.com-a açıqlamasında bildirdi ki, bu proqnozları ciddi qəbul etmir: “Əvvəlcə onu deyim ki, mən uzaqgörən, telepatiyasi olan şəxslərə, elə Vanqa kimi şəxslərə çox skeptik yanaşıram və ciddi qəbul etmirəm. Amma onu bilirəm ki, siyasətdə bu cür üsullardan istifadə olunur. Hansısa bir obraz yaradılır və onun vasitəsi ilə müxtəlif informasiyalar ictimai rəyə, insanların şüuruna yeridilir. Bunun vasitəsi ilə müəyyən proqnozlar sızdırılır. Vanqanın adından yayılan son proqnozlar – Çinin super güc olması, Avropa əhalisinin tükənməsi, Avropada müsəlmanların hakim olacağı ilə bağlı iddialar inandırıcı görünmür. Çünki iqtisadi araşdırmalar göstərir ki, Hindistan iqtisadiyyatı inkişaf tempinə görə daha qabaqdadır, nəinki Çin iqtisadiyyatı... Bizdə Hindistan haqqında çox ciddi araşdırmalar yoxdur. Amma Hindistanın potensialı heç də Çinin potensialından geri qalmır. Hazırda elə bir mərhələdir ki, ABŞ iqtisadiyyatı son 15 ildə ilk dəfədir ki, yüksəlişə doğru gedir. Bu səbəbdən də yaxın zamanlarda Çinin dünyada ən böyük gücə çevriləcəyi inandırıcı deyil”. Avropa əhalisinin tükənəcəyinə gəlincə, Ə. Oruclu bildirdi ki, bunun hansı mənada deyildiyi tam aydın deyil: “Yəqin ki, burada demoqrafik artımın dayanmasından söhbət gedir. Amma Avropada müsəlmanların hökmranlığı proqnozu heç inandırıcı görünmür. Ən azı ona görə ki, bu gün Avropada statistikaya görə, müsəlman əhalinin sayı, 3-5 faiz arasındadır. Təbii artım 20-25 il ərazində o qədər sürətli ola bilməz ki, müsəlmanlar üstünlük təşkil etsinlər. Müsəlman ölkələrindən o dərəcədə güclü mühacirət olmalıdır ki, onlar gəlib, Avropada üstünlük qazana bilsinlər. Bu da mümkün deyil. Avropa ölkələri xüsusilə də hazırki münaqişələr, radikalizm, millətçilik fonunda inanmıram ki, müsəlmanların belə kütləvi köçünə icazə versinlər. Bu gün Avropa əhalisinin sayı 450 milyon civarındadır. Avropaya neçə yüz milyon müsəlman köçməlidir ki, onlar Avropa Birliyində üstünlük təşkil etsinlər. Müsəlman ölkələrinin hər biri Suriya və İraqın gününə qalsa belə, yenə də mühacirət o həddə çata bilməz”. Din xadimlərinin bu məsələ ilə bağlı mövqeyinə gəlincə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin (BİU) rektoru Hacı Sabir Həsənəli musavat.com-a açıqlamasında bildirdi ki, Vanqanın adından verilən proqnozlar İslama qarşı bir mübarizə metodunun hazırlanmasından xəbər verir: “Mən dəqiq bilmirəm ki, bu sözləri həqiqətən də Vanqa deyib. Ancaq bu məsələnin Vanqanın ölümündən illər sonra ortaya çıxması və Avropanı 2043-cü ildən etibarən müsəlmanların idarə edəcəyi ilə bağlı iddiaların ortaya atılması təsadüfi deyil. Bu, İslama qarşı bir mübarizə metodunun, bir qısqanclıq metodunun hazırlığıdır. Dünya XXI əsrin 70-ci illərinə qədər yaşamalıdır. Bu qədər silah anbarları, elmi-texniki tərəqqinin mənfi istiqamətdə irəliləməsi, fəzanın bu qədər hərbi maşınlar tərəfindən idarə olunması, atmosfer qatının dəlik-deşik edilməsi dünyanın ömrünə az qaldığına işarədir. Allah-Təala Qurani-Kərimdə, “Ənbiya” surəsində bildirir ki, “Biz sizi xəlq etməmişdən öncə sizi qoruyacaq bir tavan yaratdıq”. Burada 12 km eni olan ozon qatından söhbət gedir. Əgər bu təbəqə olmasa idi, Günəşin şüaları yeri yandırıb, məhv edərdi. İndi elmi-texniki tərəqqinin uğurları, təyyarələr, raketlər, kosmik gəmilər həmin qatı məhv edir. Oradan gələn şüalar çox ciddi xəstəliklərin yayılmasına səbəb ola bilər. Meşə yanğınları və digər təbii fəlakətlər də bir xəbərdarlıqdır”. İlahiyyatçının sözlərinə görə, dünya 3797-ci ildə deyil, daha tez də dağıla bilər və bunun üçün yetərincə əsaslar var: “Sovet dövründə “Elm və həyat” adlı bir jurnal çıxırdı və orada yazılmışdı ki, bu gün dünyanın silah anbarlarında olan silahların gücü ilə bəşəriyyəti 110 dəfə məhv etmək mümkündür. Engelsin bir fikri var ki, bəşəriyyətin inkişaf yolu sinusoidal xətt boyunca gedir, yəni yüksəlişlər və enişlərdən ibarətdir. Bəşəriyyət elə bir mərhələyə qədər inkişaf edir ki, sonda özü-özünü məhv edir. Hazırki elmi nailiyyətlər də bir gün dünyanın məhvinə gətirib, çıxaracaq”. Öncəgörmələrə inam məsələsinə gəlincə, din xadimi bildirdi ki, bu cür xüsusi qabiliyyətlərə malik insanlar var və öncəgörmələr bəzən həqiqət ola bilər: “İnsanlar eyni cür yaradılmayıb. Öncəgörmə qabiliyyəti olan insanlar da ola bilər. Hər bir insan digərləri kimi standart böyümür. İnsanlar tərbiyəsindən, düşdüyü mühitdən asılı olaraq, müxtəlif cür olur. Həm də “Allah vergisi” deyilən bir nüans var. İnsan var ki, divarın o biri tərəfində gedən söhbətdən xəbərdar ola bilər. Elə insan da var ki, yanında danışdığın sözü də eşitmir. Mən xüsusi qabiliyyətli insanları heç vaxt inkar etməmişəm. Müxtəlif dövrlərdə bu cür insanların mövcud olmasına hər zaman inanmışam”. Geri dön |