Ana Sayfa > Xəbər > Vəfa Quluzadəni son mənzilə onunla birlikdə istefa verənlər yola saldı - SON BORC

Vəfa Quluzadəni son mənzilə onunla birlikdə istefa verənlər yola saldı - SON BORC


4-05-2015, 12:23. Yazar: admin
Vəfa Quluzadəni son mənzilə onunla birlikdə istefa verənlər yola saldı - SON BORC
Sabiq dövlət müşaviri, mərhum Vəfa Quluzadə ilə vida mərasiminin keçirilməməsi hələ də ictimaiyətdə söhbət mövzusu olaraq qalır.

Əvvəla V.Quluzadənin dəfn mərasimindən danışaq.

Vəfa Quluzadənin dəfn olunduğu gün (2 may) səhər saatlarından mərhumun yaşadığı mənzilin yanında olduq. Həyətdə uzun çadır qurulmuşdu. Səhər saatlarında içəridə beş-altı nəfər oturmuşdu. Onlardan öyrəndik ki, mərhumu Yasamal qəbirstanlığında, 2010-cu ildə vəfat edən oğlunun yanında dəfn edəcəklər. Bəs nə üçün təmtəraqlı vida mərasimi təşkil olunmadı, Fəxri Xiyabanda dəfn edilmədi? Bu sualla V.Quluzadənin kürəkəni belə cavab verdi:

“Mərhum sağlığında həmişə deyirdi ki, məni oğlumun yanında dəfn edin. Bu baxımdan da deyərdim ki, qərarı biz yox, elə o özü sağlığında verib. Vida mərasiminə gəlincə isə kim istəyir gəlsin mərasimdə iştirak etsin bu da olsun vida mərasimi. Rəsmi qurumlardan da bununla bağlı bizə heç nə deyilməyib".

Mərhum V.Quluzadənin qohumunun bu sözlərindən sonra dəfnə qədər çadırın yanında gözlədik. Məqsədimiz isə gələcəyini düşündüyümüz tanınmış siyasilərin, nüfuzlu insanların fikirlərini almaq idi. Lakin gözlədiyimiz müddətdə xüsusi bir isimlə rastlaşmadıq. Yas mərasiminə isə siyasətçilərdən Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və deputat Rasim Musabəyov gəlsə də onlar da mərhumu dəfn etməyə getmədilər. Dəfində yaknız “El” hərəkatının sədri Eldar Namazovu görə bildik. Sabiq dövlət müşaviri Vəfa Quluzadə orta hesabla 50 nəfərin müşayəti ilə son mənzilə yola salındı. Beləliklə, hörmətli Vəfa müəllimi son mənzilə vaxtilə onunla birgə işləyənlər yox, birgə istefa verənləri gördük. Xatıqladaq ki, V.Quluzadə, E.Namazov və sabiq xarici işlər naziri Tofiq Zülfüqarov eyni zamanda işdən getmişdilər.

EL Hərəkatının sədri Eldar Namazov Vəfa Quluzadənin Azərbaycan üçün böyük itki olduğunu bildirdi: “Vəfa müəllimlə bir yerdə çalışmaq, onunla səfərlərə getmək çox rahat idi. Çox səmimi, pozitiv, təcrübəli, yüksək biliyə malik dövlət xadimiydi. Eyni zamanda yaxşı dost idi, onunla yol yoldaşı olanda insan qətiyyən yorulmazdı. Biz hər ikimiz yüksək dövlət vəzifəsində işlədiyimiz zaman bir dəfə hava limanında yük daşıyan balaca maşınları gördü və zarafatla dedi ki, Eldar, məni bu maşında burada bir az gəzdirə bilərsənmi. Mən dedim ki, qurbandır sizə, əyləşin görüm. Hər ikimiz oturduq həmin maşına, mən sükan arxasına keçdim. Bu məqamda jurnalistlər dərhal bizim şəklimizi çəkdilər. Həmin şəkil də Vəfa müəllimlə yüzlərlə xoş xatirələrdən biri kimi məndə qalır. Vəfa müəllimlə ABŞ-da hətta üç ay çəkən səfərlərdə olmuşuq, bizi ABŞ hökuməti dəvət etmişdi. O zaman biz artıq dövlət vəzifəsində işləmirdik. Bununla belə bizi ABŞ hökuməti dəfələrlə dəvət edib və səfərimiz gerçəkləşib. Vəfa müəllimin nə qədər sadə insan olduğunu hər dəfə kəşf etmişəm. O, gənclərlə görüşlərə, öz bilgilərini gənclərlə bölüşməyə də həvəslə qatılan insan idi. Vəfa müəllim hər kəslə ünsiyyət qura bilmək qabiliyyətinə malik idi. Bu nadir bir xüsusiyyətdir və hər insanda olmur. O, simasını qorumağı bacaran, həm iqtidar, həm müxalifət düşərgəsi ilə hörmət qazanan şəxsiyyət idi. Daxilən çox tolerant insan idi, fikir ayrılıqlarına demokratik yanaşırdı, eyni zamanda, həmişə öz mövqeyini açıq söyləyirdi. Xüsusən, Azərbaycanın xarici siyasət konsepsiyasının formalaşmasında onun xidmətləri əvəzolunmazdır. O, Azərbaycanı Avroatlantik məkana inteqrasiya olunmuş demokratik bir ölkə kimi görürdü".

Qonşularla söhbətimiz zamanı öyrəndik ki, mərhum politoloq hər gün səhər saatlarında düşüb həyətdə gəzirmiş. O bildirirmiş ki, ürəyində problem olduğu üçün həkimin məsləhəti ilə təmiz havada gəzir. Qonşular deyirlər ki, V.Quluzadə yaşadığı evin altında yerləşən bankın qarşısındakı skamyada oturmağı sevirmiş. Onun orada əyləşdiyi zaman isə qonşular başına yığışar, maraqlı söhbətlər edərmişlər. 1 may tarixində də Vəfa Quluzadə ağrıları olduğu üçün həkimə gedib. Qonşular deyirlər ki, bizimlə də görüşüb yollandı xəstəxanaya. Orada əməliyyat keçirdikdən sonra isə mərhum politoloqun halı pisləşib və o vəfat edib.

Qeyd edək ki, mərhum Vəfa Quluzadənin üç və yeddi mərasimləri birlikdə bu gün Təzə Pir məscidində keçiriləcək. Saat 14:00-a qədər qadınlar, bu vaxtdan sonra isə kişilər mərasimə qatıla bilərlər.

Geri dön