Ana Sayfa > Xəbər > Qatili azad edən hakimə...
Qatili azad edən hakimə...23-04-2015, 13:07. Yazar: admin |
Qatili azad etdiniz, Şəlalə xanım, hökmdə göstərdiyiniz kimi, səhlənkarlıq nəticəsində ana öldürən və sonra da bu ölümü ört-basdır etmək üçün sənəd saxtalaşdıran birisini. Gözləmirdim və doğrusu, belə hökmdən çıldıracağımı düşünürdüm. Yox, qətiyyən əsəbi deyiləm – sadəcə, sarsılmışam, həddən artıq sarsılmışam. Nəsimi Rayon Prokurorluğunda müstəntiq Ələkbər Rzayevin həkimlərdən pul alıb, bu ölüm işini bağlamaq cəhdindən əsəbiləşmişdim, Ekspertiza Birliyinin rəhbəri Şakir Musayevin də sonradan məhkəmədə ifşa olunacaq “rəy” ilə digər doktorları məsuliyyətdən azad edəcək qədər allahsızlıq etdiyindən dəhşətə gəlmişdim. İndi də onlara əsəbiyəm və mümkün olan bütün vasitələrlə bu ədalətsizliyə qarşı mübarizə aparacağam. Amma sizin bu qərarınızdan sarsıldım: çünki səmimiliyinizə inanırdım, adınızın Avropa Şurasının ədalətsiz hakimlər sırasında olmasına rəğmən, sizin çox ideal proses apardığınızı müşahidə edirdim bu 6 aya yaxın müddətdə. Bütün hadisəni təsəvvür etdiyinizə şübhə etmirdim - hakim kimi verdiyiniz şərhlər, müdaxilələrinizlə. Hətta bütün bunlardan sonra da siz belə qərar verdinizsə... Bax, sizə demişdim: indi, qatili məhkəmə zalından azad etmənizdən sonra – məntəqə tipli cəza azadlıq deməkdir, özünüz yaxşı bilirsiniz – hər gecə gözünü gözümə dikib dəqiqələrlə dayanan və gözündən səs-səmirsiz yaş gilələnən 4 yaşlı qızımın baxışlarına bundan belə necə dözüm? Siz heç bilirsinizmi ki, 2 yaşından, anasını itirəndən beləcədir qızım – düz 2 ilə yaxındır. O yaşda körpənin ana adı çəkmədən hər gecə ana həsrəti ilə gözlərinin dolmasını təsəvvür edirsinizmi? Edirsiniz, demişdiniz və mən də səmimiliyinizə inanmışdım. Çünki siz də bir anasınız və bildiyim qədəri ilə iki övladınız var. Bir anlıq övladlarınızı özünüzsüz təsəvvür edin: onların halı necə olar? Yox, bu - qanun, hansısa şəbəkə, rüşvət sistemi... məsələsi deyil. Hakimin də, prokurorun da, polisin də haradasa ala biləcəyi yerlər var, çox vaxt bu aldıqlarına halallıq da veririk: Biri əsəbiləşib kiməsə şillə vurursa, sonradan dönə-dönə üzr istəyirsə, onu türməyə göndərməyən və əvəzində pul alan polisə də, hakimə də... təşəkkür edirəm: bir şilləyə görə insan azadlığını əlindən almaq olmaz, bankomatdan 5-10 manat oğurluq edib çörək alan insanı və ya bir çörək oğurlayan bədbəxti həbs etməmək daha yaxşıdır... Ancaq tamahına görə insanı əməliyyata dartan və “səhlənkarlıqla” onu öldürən, iki azyaşlı qızı anasız qoyanı azadlığa buraxmaq artıq təkcə rüşvətxorluq deyil, həm də vicdan, ləyaqət, namus, qeyrət, insanlıq məsələsidir. Siz bu işi apardığınız müddətdə dəfələrlə həkim səhlənkarlığına görə baş verən ölüm üçün Cinayət Məcəlləsində cəmi 3 il həbs nəzərdə tutulmasından narazılığınızı bildirdiyinizi demişdiniz. Hətta iki dəfə bəyan etdiniz ki, Ali Məhkəməyə müraciət də ünvanlamısınız, bu cəzanın çox yüngül olmasından gileylənmisiniz və təkliflərinizi vermisiniz. Nəticə nə oldu? Həkim səhlənkarlığına görə nəzərdə tutulan maksimum 3 illik həbsin ən yüngülünü seçdiyinizi bəyan etsəniz, sizi anlayardım. Axı, bu “səhlənkarlıq” baş verəndən sonra müttəhim kimi qarşınızda dayanan adam sənədləri saxtalaşdırıb, mənim şikayətçi olmayacağıma əminliklə məsuliyyətdən yayınmaq istəyib? Bu ki düşünülmüş cinayətdir! Müttəhimin son çıxışı yəqin ki, yadınızdan çıxıb – baxmayaraq ki, bu çıxışdan cəmi bircə gün keçib: sizinkimilərin insanı və insanlığı qoruyan yaddaşdan məhrum olduğu və yaxud yaddaşını unutduğu adi haldır - ona görə protokola baxın zəhmət olmasa: “Burda hər şey aydınlaşdı, sizin ədalətinizə inanıram!” Ötən gün etdiyi bu bircə cümləlik çıxışdan sonra elə məhkəmə zalındaca heyrətimi bildirdim ki, adam təqsiri sübuta yetirildiyi halda hətta günahını etiraf edib, mənəvi məsuliyyət daşıdığını bildirmirsə, milləti – xəstələri bu cür həkimin gilyotinindən xilas etmək lazımdır. Sizin dəvət etdiyiniz Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin eksperti prosesdə şahid kimi ifadə verərkən Firuz İbrahimovun ölümə bais olduğunu sübut etmədimi? Bu adam səhvini başa düşmürsə və mənəvi məsuliyyətini anlamırsa, bunu işini davam etdirməyə - yenə xəstələri öldürməyə necə göndərə bilərsiniz? Bəli, Şəlalə xanım: son çıxışımda da dedim – Firuz və digər həkimlər 20 il alsa, hətta ölsə belə, Elnarə xanımı qaytarmaq mümkün deyil. Gecə-gündüz əsəb gərginliyi altında apardığım bu davanın başında yalnız bir məqsəd dayanır – İncilərimiz, Xatunlarımız bundan sonra heç olmasa anasız qalmasınlar, həkimlər səhlənkarlığın nəticəsi olaraq onları nə gözlədiyini anlasınlar və mənəvi məsuliyyəti dərk etmirlərsə, heç olmasa, qanunun sərt üzündən qorxub, nəfslərinə görə milləti qırıb tökməsinlər. Heç də hər kəs həkim səhlənkarlığından baş verən ölüm faktlarına görə şikayətçi düşmür; xəstə öldürən həkimlərin 99 faizi məsuliyyətdən yayınır. Çünki ortada islam fundamentalizmi, bir az da ənənəmizə yamaq edilmiş “şəriət” var: meyiti yarmazlar! Məhz buna görə bir çox cinayətlər ekspertizadan yan keçirilir, zərərçəkən hətta Ekspertiza Birliyinə pul verib, “meyitin yarılmasına” imkan vermir və cinayətlər beləcə ört-basdır edilir. Sizin apardığınız bu ölüm işi yüzlər, bəlkə də minlərlə bu cür cinayətin məhkəməyə qədər gəlib çıxan nadir faktlarından idi. Siz nə etdiniz? Əgər il yarımlıq istintaq əzabından sonra 6 aylıq məhkəmə prosesinin nəticəsində siz təqsiri sübuta yetirildiyini bəyan edə-edə həkimi yenidən xəstələri öldürməyə göndərirsinizsə, daha hansı zərərçəkən şikayət edəcək? Zərərçəkənlər kimə inanacaq? Yarıtmaz həkimlər bu faktdan öz ölüm törənləri üstündə pul qazanmaq sövdalarını daha da inkişaf etdirməyəcəklərmi? Siz hansı qərarla nəyə imza atdığınızı anlayırsınızmı? Bilirsinizmi, Həzrət Əli deyirdi ki, əxlaqsızlıq sizdən 5 ev o tərəfdə olanda etiraz səsinizi qaldırın, yoxsa 5 gündən sonra o əxlaqsızlıq evinizin içinə girəcək. Firuz İbrahimov və firuzibrahimovların sizin evinizin içinə girib, kimisə qətlə yetirməyinimi gözləyirsiniz? Evinizin içinə girəndən sonra verdiyiniz bugünkü qərar sizin özünüzə presedent olmayacaqmı? Siz bu məhkəmə hökmü ilə səhlənkarlıqla adam öldürülməsinə qarşı cəmiyyəti narahat edən bir məsələyə necə nöqtə qoyduğunuzu dərk edirsinizmi? Əlbəttə ki, apelyasiya şikayəti də veriləcək, Ali Məhkəməyə qədər gediləcək, ölkə rəhbərlərinə müraciət ediləcək, müxtəlif ictimai aksiyalar keçiriləcək. Mən bunları etməliyəm – çünki Tanrı bu missiyanı mənim iradəmdən asılı olmadan çiyinlərimə qoyub. Ancaq sizin həyat missiyanızı necə xərclədiyinizi anlamağınızı istərdim. Hə, Şəlalə xanım, bu təkcə qanun işi deyildi, həm də ləyaqət məsələsi idi. Çox arzulayardım ki, 6 aydır təsəvvürümdə yaratdığım Ləyaqətli Ana Hakim obrazı sizin – Şəlalə Həsənovanın simasında yaddaşıma və gücümün yetdiyi yaddaşlara hopaydı. Təəssüf edirəm, mənim üçün bir dəyəri də öz simanızda beləcə öldürdünüz. Amma inanın, bu cəmiyyət sizinkimilərdən ibarət deyil. Əgər bir müraciətimlə ölkənin baş prokuror müavini Rüstəm Usubov Nəsimi Prokurorluğunun bivec qərarının üstündən xətt çəkib, tam obyektiv araşdırmanı təmin edirsə, daxili işlər naziri Ramil Usubov cinayətkarın cəzalanması məsuliyyətini üzərinə götürürsə, böyük bir Ləyaqət daşıyıcısı olduqlarını bütün cəmiyyətdə göstərirsə, demək, xırdaların ləyaqət çatışmazlığı səbəbindən törənən ictimai fəsadların qarşısını ala bilərik. Hökm təbii ki, Allahındır və nəyinsə müqabilində belə ədalətsiz hökmlər verməklə cəmiyyətin dövlətə inamına balta çalanların harada və necə mühakimə olunacağını yəqin etmək üçün Qurandan sitatlara hacət yoxdur. Sadəcə, Şəlalə xanım, bir şeyi heç vaxt unutmayın: ölüm işinə görə rüşvət almaq və yaxud rüşvət alanların sözünü icra etməklə, bu boyda günaha şərik çıxmaq olmaz. Bunu nə Allah bağışlayır, nə də bəndə... Anar Niftəliyev Geri dön |