Ana Sayfa > Xəbər > Elşad Nəsirov Ermənistanın törətdiyi təxribatın enerji infrastrukturuna təhlükəsini diqqətə çatdırıb

Elşad Nəsirov Ermənistanın törətdiyi təxribatın enerji infrastrukturuna təhlükəsini diqqətə çatdırıb


17-07-2020, 11:54. Yazar: admin
Elşad Nəsirov Ermənistanın törətdiyi təxribatın enerji infrastrukturuna təhlükəsini diqqətə çatdırıb

“Qənaətimcə, Azərbaycan qazının Avropaya nəqlinə başlamasına 3 ay qalmış Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyata başlaması təsadüfi deyil”.

“Report” xəbər verir ki, bunu Xəzər Siyasi Mərkəzinin (CPC) COVİD-19-un enerji sektoruna təsiri ilə bağlı keçirdiyi onlayn müzakirədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

“İndi əməliyyatlar bütün beynəlxalq təşkilatlar və ölkələr tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağda deyil, Ermənistan-Azərbaycan sərhəddində həyata keçirilir. Görüşdən sonra hər kəsi regionun xəritəsinə baxmağa dəvət edirəm. Görəcəksiniz ki, Azərbaycanın enerji resurslarının qərb ölkələrinə və dünya bazarına çıxaran bütün infrastruktur bu bölgədə yerləşir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Supsa boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi şossesi Ermənistanın hərbi əməliyyatları başladığı yerin birbaşa görüntüsü və qonşuluğunda yerləşir. Fürsətdən istifadə edərək Vaşinqtondakı və digər yerlərdəki həmkarlarımızı Gəncə dəhlizinin və Transxəzər bölgəsinin nə qədər həssas olduğunu və Avropanın enerji təhlükəsizliyini təmin edən dəhlizin hərbi və fiziki təhlükəsizliyini necə təmin etmək barədə düşünməyə dəvət edirəm”,- E. Nəsirov əlavə edib.

Qeyd edək ki, Xəzər Siyasi Mərkəzinin təşkil etdiyi virtual görüşdə ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurd Donnelli, USAİD-in Asiya üzrə köməkçisinin müavini Xavier Pedra, Azərbaycan Energetika nazirinin müavini Elnur Soltanov,Gürcüstanın Enerji inkişaf Fondunun icraçı direktoru Corc Çikovani, BP şirkətinin Amerika ofisinin beynəlxalq əlaqələr üzrə rəhbəri Robert Şer və digər şəxslər iştirak edib.

Geri dön