Ana Sayfa > Xəbər > “Hoteldə bıçaqlanan Ruslan Əfəndiyev yığmanın baş məşqçisi deyil”

“Hoteldə bıçaqlanan Ruslan Əfəndiyev yığmanın baş məşqçisi deyil”


22-04-2015, 15:15. Yazar: admin
“Hoteldə bıçaqlanan Ruslan Əfəndiyev yığmanın baş məşqçisi deyil”
Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov ötən gecə “Avropa” hotelində bıçaqlanan Ruslan Əfəndiyevlə bağlı açıqlama verib.

A. Əsgərov Apasport.az saytına açıqlamasında adı Azərbaycan millisinin baş məşqçisi kimi hallanan mütəxəssisin federasiya ilə rəsmi bağlılığının olmadığını bildirib.

Onun sözlərinə görə, R. Əfəndiyev 2014-cü ilin yanvar-fevral aylarında Pankration, Qrapplinq və MMA Federasiyasında baş məşqçi kimi çalışıb. Lakin sonradan onunla müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

A. Əsgərov bildirib ki, hazırda federasiyada 3 baş məşqçi var və Gənclər və İdman Nazirliyi də bu çalışdırıcıları təsdiqləyib: “Federasiyamızda üç - yeniyetmələr, gənclər və böyüklər üzrə milli komandalar var. Bunlara isə ayrı-ayrılıqda Dülgər Əsgərov, Faiq Rzayev və Vilayət Quliyev rəhbərlik edirlər. Əfəndiyevi bir məşqçi, bir yoldaş kimi tanıyıram. Lakin onun bizə hansısa rəsmi sənədlə belə bağlılığı yoxdur. Sadəcə, dekabrdan ona və yetirmələrinə bayrağımız altında keçirilən yarışlara qatılmaq üçün icazə vermişik”.

Federasiya prezidenti R. Əfəndiyev kimi yüzlərlə mütəxəssisin fərdi qaydada hazırlıq qrupu toplamasının adi hal olduğunu qeyd edib: “Onu müəllim kimi də tanıyırıq. Lakin yüzlərlə məşqçi fərdi məşqlər keçir. Komandamızın baş məşqçisi olsaydı, “Avropa” hotelində niyə məşq keçirdi?”

Qeyd edək ki, ötən gecə Bakıda Tbilisi prospekti 32 ünvanında yerləşən “Avropa” hotelində bıçaqlaşma hadisəsi baş verib. Hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir, 1971-ci il təvəllüdlü Bakı sakini Ruslan Zakir oğlu Əfəndiyev isə döş qəfəsinin ön səthinin sol tərəfindən iki bıçaq xəsarəti alıb. Azər Məmmədov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb, Ruslan Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Qətlə yetirilən şəxsin “Zaminbank”ın Nəsimi rayon filialının müdiri Azər Məmmədzadə, xəsarət alanın isə MMA (qarışıq döyüş növləri) üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, tanınmış idmançı Ruslan Əfəndiyev olduğu barədə məlumatlar yayılıb.

Geri dön