Ana Sayfa > Xəbər > İcra başçısı məhkəmənin adıyla rüşvət yığır
İcra başçısı məhkəmənin adıyla rüşvət yığır11-03-2015, 12:19. Yazar: admin |
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov sahibkar Oktay Əliyevə qarşı apardığı və əslində çoxdan uduzduğu məntiqsiz və haqsız mübarizəyə son imkanlarını səfərbər etməkdədir. Bu xüsusda Gədəbəydəki mənbələrimizdən aldığımız məlumatlarda Ramiz Yediyarovun əl atdığı üsullara dair maraqlı açıqlamalar təqdim olunur. Həm də qeyd etmək lazımdır ki, icra başçısı öz maraqlarının təmin olunması baxımından eyni vaxtda bir neçə istiqamətdə tədbirlər planı hazırlamaqdadır. Bu istiqamətlərdən biri ölkə ictimaiyyətində yerli sahibkarla “mübarizəsində” Ramiz Yediyarovun guya ki, haqlı mövqeydə durduğu və Gədəbəy sakinlərinin “maraqlarını müdafiə etdiyi” barədə aldadıcı rəyin formalaşdırılmasına yönəldilib. Bu məqsədlə icra başçısı yerli sakinlərlə tələm-tələsik müxtəlif görüşlər və yığıncaqlar keçirir. Mənbələr xəbər verirlər ki, bu yığıncaqlarda vətəndaşların iştirakı da müxtəlif üsullarla təmin edilir. Bunun üçün icra aparatının əməkdaşları hədə və təhdidlərdən tutmuş, bu və ya digər vədlərə qədər bütün vasitələrdən yararlanmağa görəvləndiriliblər. Bu günlərdə Miskinli kənd sakinləri də icra başçısı ilə belə bir görüşə toplanılıblar. Kənd ağsaqqalları ilə görüş adı altında keçirlilən bu toplantı Gədəbəyin “Aşıqlar evi”ndə baş tutub. Maraqlıdır ki, Miskinli kəndindən olan bir neçə həqiqi ağsaqqal da bu toplantıya qatılmaq istəsələr də, RİH-nin əməkdaşları buna imkan verməyiblər. Bundan sonra icra hakimiyyəti tərəfindən yayımlanan məlumatlarda isə vurğulanıb ki, guya kəndin ağsaqqalları Ramiz Yediyarova sahibkarın obyektini uçurmaqla onların örüş yerlərini boşaltdığı üçün öz “dərin minnətdarlıqlarını” bildiriblər. İndi gəlin yuxarıdakı sətirlərdə bir neçə dəfə təkrarlanan “guya” ifadələrini və dırnaq arası işarələrini əsaslandıraq. İlk növbədə diqqətinizi belə bir məqama yönəltmək istəyirəm ki, barəsində söhbət gedən torpaq sahəsinin ərazisi vur-tut 0.20 hektardır. Eyni zamanda da həmin ərazi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Meşə fondu sahəsinə aiddir. Yəni, bu ərazinin mal-qara sürüləri üçün örüş sahəsi kimi istifadə olunması qeyri-mümkündür. Digər tərəfdən isə Gədəbəy RİH-nin hüquqşünası Zülfüqar İsgəndərov mətbuata verdiyi açıqlamalarında Oktay Əliyevin turizm obyektində söküntü işlərinin aparılmadığını, əsaslı tikililərin hamısının yerində olduğunu dəfələrlə qeyd edib. Hətta Ramiz Yediyarov Gədəbəy Rayon Məhkəməsinin sədri Ceyhun Əhmədovun Oktay Əliyev tərəfindən öz hesabına həmin tikililərin sökülməsi ilə bağlı qətnamə qəbul etməsinə də nail olub. Yaxşı, əgər tikililər yerindədirsə, bəs onda görəsən kənd camatının başçıya guya ki, ifadə etdikləri minnərdarlıq nəyə görə idi? Göründüyü kimi yalan və məntiqə uyğunsuzluq Gədəbəy RİH-nin rəhbərliyi tərəfindən atılan bütün addımlarda özünü kifayət qədər qabarıq formada büruzə verir.Lakin, az öncə qeyd etdiyimiz kimi Ramiz Yediyarov öz maraqlarının müdafiəsini bir neçə müxtəlif istiqamətlərdə gördüyü tədbirlərlə təmin etmək niyyətindədir. Bu istiqamətlərdən biri də ölkənin məhkəmə instansiyalarına müxtəlif vasitələrlə təsir göstərməklə, müvafiq qətnamələrin çıxarılmasına nail olmaq cəhdlərini nəzərdə tutur. Belə görünür ki, Ramiz Yediyarov Gədəbəy Rayon Məhkəməsinin sədri Ceyhun Əhmədova qarşı tətbiq etdiyi manipulyasiyaların “uğurlu” nəticəsindən kifayət qədər məmnun qalmışdır. Bu xüsusda biz artıq ötən saylarımızda dərc etdiyimiz materiallarda da qeyd etmişdik ki, Gədəbəy Rayon İcra Hakimiyyəti və Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən Oktay Əliyevin öz hesabına həmin tikililərin sökülməsi ilə bağlı Gədəbəy Rayon məhkəməsində iddia qaldırılıb. İddiaya 2 mart 2015-ci il tarixində baxılıb və tələbin yerinə yetirilməsi ilə bağlı qərar çıxarılıb. Ceyhun Əhmədov isə bu qərarı qəbul edərkən, hətta Gəncə İnzibati-İqtisadi Məhkəməsində getmiş prosesin materialları ilə tanış olmaq qədər belə özünə əziyyət verməyi lazım bilməyib. Əks halda o, ən azından Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29.12.2014 tarixli, 21602 saylı ekspert rəyindən sözügedən tikililərin faktiki olaraq sökülmüş olduğu barədə məlumatı əldə edə bilərdi. Təbii ki, biz Ceyhun Əhmədov tərəfindən yol verilmiş bu ciddi qanun pozuntusuna və ədalətin onun vasitəsilə icra başçısının əlində bir oyuncağa çevrilməsinə Məhkəmə Hüquq Şurası tərəfindən müvafiq qiymət veriləcəyinə bir an belə olsun şübhə etmirik. Lakin, rayondan aldığlmlz açıqlamalarda qeyd olunur ki, Ramiz Yediyarov bu “uğurundan” həvəslənərək, digər məhkəmə instansiyalarına da təsir vasitələri axtarmaqla məşğuldur. Bu məqsədlə o, müavini Qüdrət Paşayevə və hüquq şöbəsinin müdiri Zülfüqar İsgəndərova qəti surətdə bəyan etmişdir ki, Apellyasiya Məhkəməsində Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğvinə nail olunmayacağı təqdirdə bu şəxslər öz vəzifələrindən azad olunacaqlar. Yeri gəlmişkən, mənbələr belə bir məqamı da qeyd edirlər ki, Zülfüqar İsgəndərovun işdən çıxmaq barədə ərizəsi artıq alınmışdır və yalnız onun başçıya verdiyi hansısa vədlər sayəsində hüquqşünasın işdən çıxarılması məsələsi hələlik təxirə salınıb.Nəhayət, Ramiz Yediyarovun “tədbirlər planı” işləyib hazırladığı daha bir istiqaməti də xüsusi olaraq qeyd etmək lazımdır. Bu istiqamət isə əlbəttə ki, təpədən dırnağa qədər korrupsiyalaşmış Gədəbəy RİH-ni üçün ən uyğun olan, rüşvət mexanizminin işə salınmasıdır. Mənbələr bildirirlər ki, bu məqsədlə artıq RİH-nin bütün inzibati ərazi vahidləri üzrə nümayəndəliklərinin hər birindən 1000 manat və rayonun bütün dövlət idarə müdirlərinin hər birindən də 2000 manat məbləğində vəsait yığılmışdır. Həmçinin açıqlamalarda vurğulanır ki, icra başçısı bu yığımların artıq hər üç aydan bir mütəmadi olaraq həyata keçirilməsinə dair öz müavinlərinə müvafiq tapşırıq da vermişdir. Həm də tapşırıqda qeyd eilmişdir ki, ərazi baxımından böyük olan nümayəndəliklər də rüblük ödəmələri bundan sonra 1000 deyil, 2000 manat həcmində həyata keçirməli olacaqlar.Bundan başqa, Gədəbəy RİH-nin başçısı sahibkar Oktay Əliyevə qarşı təşkil etdiyi kampaniyada bir çox digər saxtakarlıqlardan da geninə-boluna istifadə etməkdə qərarlıdır. Bu xüsusda yeni aldığımız məlumatda bildirilir ki, RİH əməkdaşları tərəfindən Miskinli kəndindən olan bir neçə yaşlı sakinin şəxsiyyət vəsiqələri toplanmışdır. Həmin şəxslərə bildirilmişdir ki, guya onlara Novruz bayramı münasibətilə müəyyən yardımlar ayrılacaq. Əslində isə şəxsiyyət vəsiqələrinin yığılmasında məqsəd tamamilə başqadır. Mənbə bildirir ki, Ramiz Yediyarov vəsiqələri yığılmış həmin vətəndaşların adından Prezident Administrasiyasına teleqram vurulmasını tapşırıb. Teleqramda isə təbii ki, icra başçısının rayonda gördüyü “mütərəqqi” işlərdən danışılmalı, Oktay Əliyev isə qeyri-qanuni fəaliyyət göstərən sahibkar və yerli sakinlər üçün problemlər yaradan hüquq pozucusu kimi təqdim olunmalıdır. Əlbəttə ki, bütün digər saxtakarlıq və yalanlar kimi Ramiz Yediyarovun bu kampaniyası da əvvəldən uğursuzluğa məhkumdur. Ən azından ona görə ki, Gədəbəy torpağı yalan və saxtakarlığın öz üzərində nə ayaq açmasına, nə də yeriməsinə heç zaman imkan verməz.Sonda belə bir məqama da diqqət yetirmənizi istərdik ki, Gədəbəydə gedən bu proseslər artıq təkcə ölkə hüdudları daxilində deyil, həmçinin Azərbaycandan kənarda da izlənməyə başlanmışdır. Belə ki, bu günlərdə Türkiyənin TRT kanalı ilə mövcud problemlə bağlı süjet efirə buraxılmışdır. Ən azından ümid edək ki, Gədəbəy RİH rəhbərliyinin yol verdiyi qanunsuzluqlar, bütün Türk dünyası qarşısında ölkəmizin bir üz qarasına çevrilməyəcək. Geri dön |