Ana Sayfa > Xəbər > “Atam qaçaq Zayidin sonbeşik övladı olub”
“Atam qaçaq Zayidin sonbeşik övladı olub”11-03-2015, 12:12. Yazar: admin |
Modern.az saytının “Mənim kəndim” layihəsində əyalətdə doğulub-böyüyən ziyalılar, ictimai və mədəni xadimlər, jurnalistlər kənd təəssüratlarını bölüşürlər. Bu dəfə Ali Məhkəmənin sabiq sədri, Vəhdət Partiyasının yaradıcısı və rəhbəri olan Tahir Kərimli böyüyüb boya-başa çatdığı Ağsu qəsəbəsi və uşaqlıq illərindən danışıb. Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir. Dünyaya göz açdığım yurd 1956-cı il martın 5-də o vaxt hələ qəsəbə olan Ağsu qəsəbəsində anadan olmuşam. Ağsu qəsəbəsi vaxtilə viran qalan, xarabaya çevrilən və yeni Şamaxı adlandırılan bir şəhərin yerində salınıb. Qəsəbə Ağsu çayının sahilində yerləşir. Bu çay başlanğıcını Baba dağından götürür, 86 km yol gəlir. Biz də elə həmin çayın sahilində böyümüşük. Həm o qəsəbə, həm də çay bizə indi də çox doğmadır. İndi həmin qəsəbə bir qədər də böyüyüb rayon mərkəzinə çevrilib. Hazırda orada 23 min nəfər əhali yaşayır. Hətta xanlıqlar zamanı Şirvanda iki xanlıq əmələ gəlib: biri Ağsu, o biri isə Şamaxı xanlığı. Sonradan Ağsu Şamaxı xanlığının tabeliyinə keçib. Nadir şahın dövründə şəhər dağıdılıb, əhalisinin də 80-90 faizi başqa yerlərə yayılıb. Ona görə də Ağsu qəsəbəsi sonradan şəhərin böyründə sakit bir kənd kimi yaranıb. Mənim ulularımın xeyli hissəsi həmin kənddə və Şeyx Dursun türbəsinin yerləşdiyi qəbristanlıqda dəfn edilib. Ağsudan bir çox sahələrdə görkəmli şəxslər çıxsa da, ən çox tanınanlar sənət adamları, aktyorlar olub. Səməndər Rzayev və Rasim Balayevin adlarını çəkə bilərik. Bizim evimiz, bizim ailəmiz, isti ata ocağımız Mənim atam Ağsuya Şamaxıdan gəlib. Onu da deyim ki, Ağsu rayonu və ətraf kəndlərin demək olar hamısı Şamaxıdan gəlmələr idi. Nənə babalarımız da bizim taleyimizi yaşayıblar. O vaxt Şamaxıda zəlzələlər olanda və başqa səbəblərdən əhali ətraf yerlərə dağılıb ki, bunlardan biri Ağsu olub. Onu da deyim ki, ana babam Ağsuya yaxın bir Navah kəndi var, oradan olub. Amma ata babam Şamaxıdan gəlmə idi. Atam Zayid ağa adı Azərbaycan ensiklopedyasına düşən qaçaq Zayidin son beşik övladı olub. Anam evdar qadın idi. Ailədə 8 uşaq olmuşuq - 3 qardaş, 5 bacı. O ocağın ağrısı-acısı... Bu acının uşaqları Onu deyim ki, əvvəl uşaqlığımız çətin keçməyib. Atam rayonun baş aqronomu idi, ondan sonra başqa məsul vəzifədə də işlədi. Yaxşı yaşayırdıq. Hətta atam xeyriyyəçiliklə də məşğul olurdu. Kimsəsiz bir qızı övladlığa da götürmüşdü. Həmin qız elə onun soyadını da daşıyırdı. Hazırda nənədir, nəvələri də var. 12 yaşım olanda atam qəfildən rəhmətə getdi. Bundan sonra həqiqətən də çətin bir həyat yaşadıq. Atam öləndən sonra anam, babam əllərindən gələni edirdilər, çox əziyyət çəkirdilər. Bizə deyirdilər ki, ancaq oxuyun! Düzdür, biz də bir işin qulpundan yapışmışıq. Ev, həyat-baca işlərini görürdük, heyvan almışdıq, onları saxlamağa kömək edirdim. Evin üçüncü uşağı idim. Amma ümumilikdə götürəndə, anam həmişə bizə deyirdi ki, siz ancaq oxuyun. Həyat ağır keçirdi. Atamdan sonra biz çox çətinliklər yaşadıq. Təsəvvür edin ki, atam öləndən sonra mən hər dəfə onu yuxuda görürdüm. Həmişə də ağ paltarda. Elə bilirdim ki, indi dirilib gələcək. Sizə heç vaxt demədiyim bir sirri söyləyirəm: O vəziyyətə düşmüşdük ki, artıq həyətimizin meyvəsini - tutunu, alçasını bazarda satmalı olurduq. Qonşular bizə çox kömək edirdilər. Bizim əvəzimizə onlar satırdılar ki, tanınmış ailədirlər, qoy bunları bazarda görən olmasın. Amma bir dəfə anam bazarda öz həyətimizin meyvəsini satanda onu tanımışdılar. Evə gəlib o qədər ağladı ki... O hadisədən sonra uzun müddət xəstə yatdı. Nə isə, çox sıxıntılar yaşamışıq, çox əziyyət çəkmişik. Allah heç kəsə atasızlığı göstərməsin. O kitablar, bir də utancaq oğlan... Atamdan bizə böyük kitabxana qalmışdı. Mən ancaq kitab oxuyardım. Məndən böyük bacılarım da elə idilər. Nəinki dərs kitablarını, hətta, Marksizm-Leninizmə aid kitabları da oxuyardım. Marksın həyatı ilə tanış olanda gördüm ki, o, 14 yaşı olanda şeir yazıb. Həmin şeir sonradan tərcümə də olundu: Mən dərk etmək istəyirdim allahların, Bizə bəxş etdiyi incəsənəti. Bütün fikrimlə, küdurətimlə, Hazıram qavrayam bütün xilqəti. Marks 1818-ci il mayın 5-də Almaniyanın Reyn vilayətinin Trier qəsəbəsində anadan olub. Trier də Ağsu kimi balaca bir qəsəbə olub. Mən də fikirləşirdim ki, niyə ona oxşar şeylər yazmayım. Elə orada oturub bir şeir yazdım. O şeir öz taleyimdən də xəbər verirdi: Ağsu, Ağsu - mənim doğma şəhərim Ömrümə açılan səhərim! Həkk olub adın sinəmdə Ah, necə insaf, vicdan yox məndə?! Ki, hərdən təklənəndə Yada salardım evdə şeirimi Qara tale yazılmış bizim beyin taxtımıza Qara ləkə düşmdüşdür açılmamış baxtımıza. Bu şeri 14 yaşım olanda yazmışam. “Kitab uşağı” Ancaq elə siyasi-ideoloji, mədəni-tərbiyəvi mövzularda olan kitablar oxuyardım. Günüm kitab oxumaqla keçirdi. Təsəvvür edin, 10-cu sinfi qurtaranda, qonşum məni tanımadı. Tanımadı, dedi ki, rəhmətlik Zayidağanın evindən çıxan bu oğlan kimdir? Yəni, o dərəcədə çöl-bayır görməyən birisi idim. Ev uşağı, kitab uşağı olmuşam. Mənimki ancaq kitab olub. Çox utancaq idim. Məsələn, həyətimizdə bir qız oynayanda, yaxud bizə qonaq gələndə çölə çıxmırdım ki, onu görməyim. Hətta o qızlarla üz-üzə gəlməməkdən ötrü saatlarla evdən həyətə çıxmazdım. Utancaqlıq həyatıma hər zaman təsir edib. Ömrüm boyu çimərliyə getmədim, qadınla heç vaxt rəqs etmədim, bütün qadınlara ancaq bacı gözü ilə baxdım. İki göz ancaq iki gözə baxar prinsipi ilə yaşadım. Uşaqlığım həyatıma daimi təsir edən amil olub. Mənim məktəbim Bizim ailədən Ağsu rayon 1 saylı məktəbində beş nəfər oxuyurdu və fəxr edirəm ki, hamımızın adı şərəf lövhəsində var idi. Mən birinci sinifdən onuncu sinifə qədər əlaçı olmuşam. Həmçinin sinif nümayəndəsi idim. Daha sonra rayonda ilk dəfə təmayüllü məktəblər açdılar. Mən də riyaziyyat təmayüllü məktəbə getdim. Orada da “sinifkom” oldum. Məktəbimiz çox böyük idi. Eyni anda orada 1250 şagird oxuyurdu. Sonradan məktəbdə şagird təşkilatının sədri oldum. Daim əla oxumuşam. Amma oxumaq mənim üçün üçüncü dərəcəli olub. Çünki ciddi şəkildə kommunizmin əxlaq kodeksinin təsiri altında olmuşam. Eyni zamanda, Rusiya təhsil sisteminin - yəni təlim, tərbiyə və tədris ardıcıllığın təsiri altında idim. Yaxşı oxumazdan əvvəl çalışmışam ki, tərbiyəli, əxlaqlı olum. Təsəvvür edin, onuncu sinifdə oxuyanda hamı “Romeya və Culyetta” filminə baxırdı. Amma mən o filmə baxmağa getmədim. Utandığımdan əynimdən heç pencəyimi də çıxarmırdım. Pencəksiz də gəzə bilmirdim. Amma bütün bunlara baxmayaraq, birdən onacan əlaçı oldum, o vaxt qızıl medal olmasa da, bütün qiymətlərim əla olub. Borclu olduğum müəllimlər Birinci borclu olduğum müəllimə ana qədər istədiyim Adilə müəllimə olub. İbtidai sinif müəlliməm idi. Həmişə deyirdim ki, imkanım olanda ona çoxlu hədiyyələr alacağam, ona tez-tez baş çəkəcəyəm, əllərindən öpəcəyəm və s. Amma tale elə gətirmədi. Onun kürəkəni, indiki dildə desək, “vorzakon” idi, nə idi, bilmirəm. Biz hakimiyyətdən yıxılan zaman Surət Hüseynovun dəstəsi ilə birlikdə Ağsuya gələnlərdən idi. Mənim evimə hücum çəkdilər, özümə həqarət edib yaxınlarımı həbsə atdılar. Sonra Ağsunun icra başçısı oldu. İndi rəhmətə gedib. Çox təəssüf, bu istəyim baş tutmadı. Daha sonra Gülbaba müəllim, məktəbimizin direktoru Ağabala müəllim, onun müavini Məzahir müəllim, riyaziyyat təmayüllüdə oxuyanda Elxan müəllim var idi, onların hamısına çox borcluyam. Sizə maraqlı bir şey deyim. Ali Məhkəmənin sədri olanda müəllimlərim bir neçə dəfə yanıma gəldilər. Mən bir dəfə də olsun onların yanında öz kürsümdə oturmadım. Hər zaman üz-üzə otururdum. Onların yanında başda keçib oturmağa, sadəcə cəsarət etmirdim. Müəllimlərə hər zaman valideyin gözü ilə baxmışam. Yaddan çıxmaz xatirələr Orta məktəbdə oxuyanda Amerikada bir hərəkat başlamışdı. O məndə sanki bir aktivlik əmələ gətirdi. Mən də siyasi-ideoloji istiqamətdə çıxışlar edirdim. O zaman təhlükəsizlik nümayəndələri məktəbə gəlib mənimlə xüsusi maraqlandılar. Mən də uşaqlıqda çox sakit olmuşam. Nəvəmin də adını Tahir qoyublar. Allahdandır ki, o da çox sakit uşaqdır. Bu hadisə heç vaxt yadımdan çıxmır. Ümumiyyətlə, uşaq yaddaşı çox şeyi hifz edib saxlayır. Məsələn, yadımdadır, 3 yaşım olanda atam Fəxrəddin adında fotoqraf dəvət eləmişdi. Gəlib bizim ailə fotolarını çəkdi. Dörd yaşım olanda nənəmgilə qonaq gəlmişdik. Nənəm çox istədiyindən məni nə təhər bağrına sıxdısa, az qala boğulacaqdım. O özü də yaman qorxmuşdu. Üçüncü sinifdə oxuyarkən məktəbdə yeni il şənliyi keçirirdik. Rəhmətlik Səməndər Rzayev Şaxta baba kimi çıxış edirdi. Dördüncü sinifdə oxuyanda məndən 4 sinif yuxarı oxuyan uşaqlar gözümün qabağında bir-birini bıçaqlamışdılar. Bu cür əhvalatlar çox yadımda qalıb. Mənim “düşmənim” İsmayıllı rayonuna hakim seçiləndə çox yaxın uşaqlıq dostum Fikrət deyirdi ki, bu xasiyyətlə səndən hakim olmayacaq. Bir az utancaqlığını azalt. Özüm də buna qarşı mübarizə aparırdım. Amma indi də utancaqlıq məndən əl çəkmir. Utancaqlıqdan deyə bilmirdim ki, ay prokuror, ay işçi, ay filankəs, sən məni aldadırsan, mənə yalan danışırsan. Amma bilirdim ki, qarşımdakı insan mənə tamamilə yalan danışır. İndi də heç kimdən iş, yaxud başqa nə üçünsə müraciət etməmişəm. 59 yaşım var. Cəmi bircə dəfə övladımın işi üçün ağız açdım, o da alınmadı. Deyə bilmirəm ki, bu dövlət üçün vacib sənədi imzalayan 43 nəfərdən biri mən olmuşam. Deyə bilmirəm ki, Qorboçov ölüm hökmü çıxaranda, az qala mənim bütün yaxın ətrafım təhlükə altında qalıb. Övladlarımdan 3-ü universiteti bitirib, amma üçü də işsizdir. Hərdən getdiyim yerlər Mən İsmayıllıda hakim olan vaxt orada dövlətin verdiyi evdə yaşayırdım. Sonra hakimiyyət yıxıldı, vəzifədən gedəndən sonra evdən də çıxamlı oldum. Amma o zaman İsmayıllı cammatı özü pul yığıb mənim üçün rayonun mərkəzidə ev aldılar. İndi rayonda taxtadan da olsa evim var. Yay aylarında Bakı ilə bərabər, İsmayıllı, Şamaxı və Ağsuda oluram. Novruz bayramında yenə rayona gedib yaxınlarımın, valideynlərimin məzarlarını ziyarət edəcəyəm. Çünki valideyinin üzünə xoş baxmaq da, onu ziyarıət etmək də bir ibadətdəir. İnşallah, gedib bu ibadətimi yerinə yetirəcəyəm. Geri dön |