Ana Sayfa > Xəbər > Nazirin “keçi planı” baş tutmadı?

Nazirin “keçi planı” baş tutmadı?


21-04-2015, 11:54. Yazar: admin
Nazirin “keçi planı” baş tutmadı?
Azərbaycanda keçi təsərrüfatı yaradılsa da keçi südünün bazarlara çıxarılmasında hələ də problemlər mövcuddur. Fermerlərin dediyinə görə, keçi çox az süd verdiyindən, satışa çıxarılan məhsullar heç də təmiz keçi südü olmur.

Mağazalarda, yarmarkalarda satışa çıxarılan məhsullar müxtəlif qatqılarla hazırlanıb, alıcılara təmiz keçi südü kimi təqdim olunur.

Alıcıların şikayətinə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzVision.az-a bildirib ki, Ağcəbədi rayonunda böyük keçi təsərrüfatı yaradılıb.

Nazirlik rəsmisinin sözlərinə görə, Hollandiya və Fransadan məhsuldarlığına və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik “Saanen” və “Alpin” cinslərindən olan 4496 baş keçi gətirilib: “Bütün bu təsərrüfatlar ixtisaslaşıb. Fermerlərin bu təsərrüfata marağı yüksəlib. Nazirlərimiz də yeni keçi cinslərinin gətirilməsi üçün müraciət edirlər. Təbii ki, bu sahə inkişafdadır və təlabat böyükdür. İstər südü, istərsə də keçinin südündən hazırlanmış digər məhsulların bazarı da , alıcısı da var”.

Keçi ətinin nisbətən baha olduğunu deyən nazirlik sözçüsü onu da bildirib ki, ölkəmizdə bu məhsullara təlabat heç də az deyil.

Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseynov isə hesab edir ki, keçi südü Azərbaycanda heç vaxt yeyilməyən məhsul olub. Ekspert deyir ki, keçi arzuolunmaz heyvan olub:

“Keçi həm də otlaqları korroziyaya uğradan heyvandır. Azərbaycana süd məqsədilə xaricdən keçilər gətirilir. Keçinin südü, pendiri adi qoyun, mal südündən qat-qat baha satılır”.

Keçi südünün tərkibinə gəlincə, E.Hüseynov deyir ki, bu, yemin tərkibindən asılıdır. Onun sözlərinə görə, əgər yemin tərkibində genetik modifikasiya olunmuş komponentlər varsa, əgər baytarlıq dərmanının qalıqları süddə, pendirdə öz əksini tapırsa, belə məhsullar təhlükəlidir:

“Onu da qeyd edim ki, keçi də camış kimi nisbətən xəstəliklərə dözümlü heyvan olduğundan baytarlara az ehtiyac olur. Bundan başqa baytarların keçilər üçün dərmanları da az olur. Bəlkə də bu səbəbdən Azərbaycan fermerləri keçi təsərrüfatına üstünlük veriblər”.

Geri dön