Ana Sayfa > Xəbər > Quba meşələrilə bağlı həyəcan təbili (VİDEO)

Quba meşələrilə bağlı həyəcan təbili (VİDEO)


21-04-2015, 10:01. Yazar: admin
Quba meşələrilə bağlı həyəcan təbili (VİDEO)
Meşə işçisi meşələrin kütləvi şəkildə qırılmasından şikayət edib.
Quba sakini Şahin Qaffarov rayon meşələrindəki vəziyyətlə bağlı həyəcan təbili çalır. Meşələrin kütləvi şəkildə qırıldığını bildirən şikayətçi qanunsuz kəsimlərin qarşısını almaqdan ötrü rayona aidiyyəti qurumlar və hüquq-mühafizə orqanlarından ibarət xüsusi komissiya göndərilməsini tələb edir.

Onun sözlərinə görə, rayonun Qəçrəş, Alpan meşəçilik ərazisində fıstıq və palıd ağacları qırılaraq parket hazırlanması üçün sexlərə göndərilir.
Quba-İspik-Xınalıq yolunun üstündə yerləşən Qəçrəş meşəçiliyinə aid olan ərazidə xeyli sayda təzə kəsilmiş fıstıq ağaclarını şahidi olduq. Diqqətimizi çəkən həm də avtomobil izi oldu ki, bu da burada tez-tez texnikanın işləməsindən xəbər verirdi.
Hazırda Qəçrəş meşəçiliyinə aid olan ərazidə təxminən 100-dən artıq fıstıq ağacı, eləcə də seyrək şəkildə xeyli sayda palıd ağacları kəsilib.
Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyisi Malik Hüseynov bununla bağlı bildirdi ki, meşənin həmin hissəsində ağacların kəsilməsinə qanuni şəkildə icazə verilir: “Ümumi respublika üzrə Nazirlər Kabinetinin qərarı ilə yanacaq üçün məktəb və uşaq bağçalarına hər il bizim müəssisə tərəfindən 3-4 min kubmetr arasında odun tədarük olunub satılır. Həmin ərazidə 2014-cü ilin istifadəsi üzrə seçmə üsulla qırma sahəsi ayrılıb”.
Meşəbəyinin dediyinə görə, işin azlığından son iki ayda Şahin Qaffarovun əməkhaqqı da az olduğundan idarəyə qarşı belə ittihamlar irəli sürüb. Malik Hüseynov Ş.Qaffarovun oxşar şikayətlərlə müxtəlif instansiyalara dəfələrlə müraciət etdiyini də bildirdi. Amma yerində araşdırma aparılanda dedikləri təsdiqini tapmayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrin inkişafı departamentinin sektor müdiri Sadiq Salmanov məsələnin ciddiliyini nəzərə alaraq bildiridi ki, belə şikayətlərlə bağlı dəfələrlə yoxlamalar aparılıb və hüquq-mühafizə orqanlarına müraciət edilib: “Qeyd edim ki, həmin şəxslər vaxtilə Quba rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsində çalışıblar. Məhz qanunsuz ağac kəsmə hallarına yol verdiklərinə görə tutduqları vəzifədən azad ediliblər. Meşələrin qorunması və mühafizəsi istiqamətində aparılan ciddi işlər nəticəsində bu hallar son illərdə 2,5 dəfə azalıb. Təbii ki, qanunsuz işlər görmək istəyən insanlar isə bu cür, yəni şantaj yolunu seçiblər”.
Nazirliyin rəsmisi Quba rayonundakı faktın da bir daha araşdırılacağını qeyd etdi.



Geri dön