Ana Sayfa > Xəbər > “İŞİD çoxdan Qafqazdadır, sadəcə adı başqadır”

“İŞİD çoxdan Qafqazdadır, sadəcə adı başqadır”


21-04-2015, 09:50. Yazar: admin
 “İŞİD çoxdan Qafqazdadır, sadəcə adı başqadır”
Rusiya xüsusi xidməti orqanları Dağıstanın Buynaksk şəhəri yaxınlığında terrorçulara qarşı xüsusi əməliyyat keçirib. BBC-nin məlumatına görə, əməliyyat aprelin 19-da axşamdan başlayıb. Silahlıların sığındığı ev mühasirəyə alınıb və döyüş nəticəsində bina qismən dağıdılıb. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, binada silahlılar arasında beynəlxalq terrorçu təşkilatlardan birin rəhbərləri var.

Qeyd edək ki, ötən həftə Şanxay Əməkdaşlıq Təşkilatının regional anti-terror qurumu şurasının Özbəkistan paytaxtı Daşkənddə keçirilən toplantısı zamanı Rusiya FTX-nin direktor müavini Sergey Smironv bildirib ki, İŞİD başqa terror təşkilatlarına nüfuz etməyə başlayıb. FTX-nin direktor müavini bildirib ki, İŞİD “İmarat Qafqaz” terror təşkilatına maraq göstərməyə və Şimali Qafqazda tərəfdar toplamağa başlayıb.

Qeyd edək ki, son aylarda İŞİD-in Qafqaza gələcəyi ilə bağlı müxtəlif mənbələrdən, o cümlədən Rusiya və region ölkələri rəsmiləri, siyasi təhlilçilərin açıqlamaları yayılıb. Məsələ burasındadır ki, xeyli dərəcədə fəallaşan İŞİD-ə İraq və Suriyadan kənarda da qoşulanların sayı artıb. Əfqanıstanda, Liviyada, Misirdə, o cümlədən Nigeriyada islamçı qruplar İŞİD-ə biyət etdiklərini açıqlayıb. Şimali Qafqazda uzun illər islamçı qrupların fəal olduğunu nəzərə alsaq, İŞİD-in bu bölgəyə yerləşməsi də nəzəri baxımdan mümkün görünür.

“Bakı-Xəbər” qəzeti son sayında dərc olunan yazıda Suriya və İraqda məskunlaşan İŞİD-in öz qərargahını Şimali Qafqaza köçürmək istədiyi qeyd olunur. Yazıda xatırladılır ki, Qafqazda fəaliyyət göstərən terror qruplaşması üzvlərinin bir çoxu artıq İŞİD-ə sədaqət andı içib. Bütün bunlar isə bu bölgə üçün İŞİD təhdidinin artmaqda olduğunu göstərir. Qəzetin məqaləsində qeyd olunur ki, İŞİD-in Qafqaza yayılması xəbərlərinin arxasında çox maraqlı və qorxunc bir ehtimal da var. Sitat: “Bəlkə Qafqazda nə vaxtsa tam yeni, İraq və Suriyada olduğundan fərqli bir İŞİD meydana çıxacaq?

Bəlkə bu yeni İŞİD-i yaratmaq hansısa bir region dövlətinin maraqları çərçivəsindədir və guya İŞİD-çilərin İraqdan, Suriyadan Qafqaza gəlişi barədə informasiyalar yaymaqla yeni ”Qafqaz İŞİD-nin" yaradılması prosesini diqqətlərdən yayındırmaq istəyir? Elə isə yeni “Qafqaz İŞİD-nin” planları nədir? Azərbaycana, Gürcüstana qarşı yeni İŞİD-dən istifadə etmək planları varmı? Varsa, bu planlar hansı şərtlər daxilində - Azərbaycanın, Gürcüstanın birmənalı Qərb, ya birmənalı rusiyayönümlü siyasət aparacaqları halda işə düşəcək? Göründüyü kimi, məsələ çox ciddidir və “İŞİD Qafqaza İraq və Suriyadan necə yayıla bilər” sualını şübhə ilə verənlər üçün yaxşı düşüncə materialıdır - “İŞİD Qafqaza Suriya və İraqdan gəlməyəcək, burada yenisi yaradılacaq, hətta bəlkə də artıq yaradılır” deyə, məqalədə qeyd olunur.

İŞİD-in Qafqaza nüfuz etmə ehtimalını “Yeni Müsavat”a şərh edən politoloq, sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev deyir ki, bir qayda olaraq yaz aylarında Şimali Qafqazdakı terrorçu qruplaşmalar fəallaşır. Ekspertin fikrincə, Şimali Qafqaz yaraqlılarının da əsas hədəfi “xilafət” yaratmaq olduğu üçün nəzəri baxımdan İŞİD-in Şimali Qafqaza yerləşməsi mümkündür: “Məlumdur ki, yaz aylarında qarın əriməsi və meşələrdə ağacların yarpaqlaması ilə döyüş şəraiti və taktikası dəyişir. Daha doğrusu, maskalanma və gizlənmə ehtimalı böyüyür, meşə-dağlara çəkilən yaraqlıların sayı çoxalır. Xarici ölkələrdən də yaraqlıların axını güclənir. Məlumdur ki, Şimali Qafqazda və Orta Asiyadakı yaraqlıların bir məqsədi var: islam xilafətini yaratmaq. Həm də bir-birinə loyal olan qüvvələrdir. Belə olduğu halda İŞİD və digər silahlı qüvvələrin birgə hərbi əməliyyatlar aparması istisna deyil . Unutmaq lazım deyil ki, bu qruplaşmalar dolayı yollarla eyni mərkəzdən idarə edilir və maliyyələşir. Kəşfiyyat generalının dediyinə bir əlavə də etmək olar ki, İŞİD çoxdan Qafqazdadır, sadəcə olaraq, adları başqadır və bu məlumat elə bir sensasiya doğurmayan məlumatdır”.

A.Nağıyev deyir ki, bu cür açıqlamalar məqsədli şəkildə ola bilər. Eyni zamanda ekspertə görə, daha böyük dəstək almaq və diqqəti çəkmək üçün Qafqazdakı hansısa qruplar İŞİD-ə biyət etdiyini elan edə bilər. Ancaq eyni zamanda A.Nağıyev istisna etmir ki, bu cür bəyanatlar kəşfiyyatın özünün marağına hesablanıb, yeni əməliyyatlar və ya kəşfiyyat büdcəsini böyütməyə hesablana bilər: “Qeyd etdiyimiz kimi, məram və məqsəd eynidir, sadəcə olaraq, bir neçə məsələləri dəqiqləşdirmək kifayətdir. Təcrübələr göstərir ki, ”Boko haram" və digər qruplar da biyət edir, maliyyə mənbəyi və ya digər məsələləri həll etmək üçün birləşirlər".

Geri dön