Ana Sayfa > Xəbər > “Əli Babayev məhkəməyə cəlb olunmalıdır”

“Əli Babayev məhkəməyə cəlb olunmalıdır”


20-04-2015, 17:21. Yazar: admin
“Əli Babayev məhkəməyə cəlb olunmalıdır”
Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri, “Gürcü Arzusu” Koalisiyasının Siyasi Şurasının üzvü Əli Babayevin “muxalifet.az” saytına 16.04.2015 tarixində verdiyi “Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmasının şok səbəbi…” başlıqlı müsahibəsini oxuduqda çox məyus oldum. Birincisi ona görə ki, yıxılana balta vurmaq türk əxlaqına yad bir elementdir. Bunu elə misal olaraq dedim, çünki bu mövqenin daşıyıcısı olan daha bir-neçə soydaşımız var. Lakin heç bir yıxılma-filan yoxdur, Zəlimxan bəyin Gürcüstana buraxılmaması məsələsi gürcü-azərbaycan dostluğunu gözügötürməyənlər tərəfindən süni olaraq törədilib və çox çəkmədən bunun öz həllini tapacağına şübhəm yoxdur. İkincisi isə, gündəmdə olan bəzi soydaşlarımız ya bu toplumun inkişafını qısqanclıqla qarşılayır, ya da burada bir paxıllıq sindromu var, deyə düşündüm. Normal rəqabət bir-birinin ayağından çəkmək, bir-birinə mane olmaq yox, əksinə daha yaxşı bir fikir, daha ağıllı bir model irəli sürməkdən ibarət olmalıdır.
Müsahibəyə gəldikdə isə vaxta qənaət edərək iki məsələyə toxunacam.
Əli Babayev müsahibədə qeyd edir: “Hazırda Gürcüstanda çox gərgin proseslər gedir. Suriya və ərəb ölkələrində baş verən proselər bizim ölkəyə təsirsiz ötüşmür. Gürcüstanda çox ciddi narahatlıq var ki, həmin qüvvələr bu ölkəyə də ayaq aça bilər. Ona görə də məndə olan informasiyaya görə, “Elat Bayramı”nda və Cəmiyyətin rəhbərliyinin o tədbirə apardığı insanlar arsında həmin qrupun nümayəndələri vardı”. Buradan qəribə sual meydana çıxır, necə olur ki, Suriya və ərəb ölkələrindəki hansısa arzuolunmaz qrupun nümayəndələrinin “Elat bayramı”nda iştirakını Əli Babayevdən başqa bilən olmayıb. Yoxsa, onlar Gürücüstana gələrkən Əli Babayevləmi görüşüblər?! Əcəba, insan özü-özünə böhtan atmaz, hər halda Əli Babayev nəsə bilir. Ona görə də, hesab edirəm ki, işlətdiyi ifadəyə aydınlıq gətirməsi üçün Əli Babayev məhkəməyə cəlb olunmalıdır.
Qaldı ki, Əli Babayevin müsahibəsinin axırıncı abzasdakı fikirləri qaranlığa daş atmaqdan, şəxsi-qərəzlikdən başqa bir şey deyil. Çünki “Borçalı” cəmiyyətinin gördüyü işlər göz qabağındadır, bunu sadalamağa ehtiyac yoxdur və hər bir qəzet, jurnal, saytlarda kifayət qədər yazılıb, yazılır da. Sonda isə, mən soruşmaq istəyirəm ki, sayın Əli Babayev, “Elat bayramı”nın keçirilməməsi sənə nə verəcək? Öz həmvətənlərinə, soydaşlarına, yaşadığın ölkənin və mənsub olduğun millətin dəyərlərinə, mədəniyyətinin təbliğinə bu qədərmi sayğısızsan? Əlində olan imkanları, ictimai nüfuzunu millətimizin və dövlətimizin rifahına yönəltməyin daha doğru olmazmı?! “Borçalı” cəmiyyəti nə qədər Zəlimxan Məmmədlinindirsə, bir o qədər də sənin, mənim və digər soydaşlarımızındır. Sizi narahat edən bir məsələ varsa, buyurub gəlib tədbirlərdə, İdarə Heyətinin iclaslarında iştirak edin, canla-başla qarşılamağa hazırıq. Sizi qane etməyən məsələləri qaldırın, müzakirəyə qoyaq. Belə etməkdənsə uzaqdan-uzağa qərəzli barmaq silkələməyin nə anlamı var?

20 aprel 2015-ci il
Elbəyi Cəlaloğlu
“Borçalı” cəmiyyətinin sədr müavini

Geri dön