Ana Sayfa > Xəbər > "Çalışacağıq ki, ermənilər ölkədən çıxarılsın"

"Çalışacağıq ki, ermənilər ölkədən çıxarılsın"


20-04-2015, 16:48. Yazar: admin
"Çalışacağıq ki, ermənilər ölkədən çıxarılsın"
Cəmi bir neçə gün sonra Türkiyədə Çanaqqala zəfərinin 100-cü ili möhtəşəm şənliklərin müşayiətilə qeyd olunacaq. Eyni zamanda, qonşu Ermənistanda da məhz türklərə qarşı böhtan və şantaj vasitəsi sayılan qondarma erməni soyqırımının 100-cü ildönümü münasibətilə anım tədbirləri təşkil ediləcək. Artıq katolik dünyasının lideri olan Roma Papası və dünyaya «demokratiya ixrac edən» Avropa Birliyi türkləri ermənilərə qarşı soyqırım törətməkdə ittihamlayaraq, İrəvana siyasi dəstək verdilər. Bəs bundan sonra nə olacaq, Ankara Vatikana və Avropa Birliyinə cavab verə biləcəkmi, yoxsa doğrudan da Türkiyə təklənib dünyanın siyasi arenasında? Bəs millətçilərin niyə səsi çıxmır, dünyanın hər yerinə səpələnmiş türklər niyə dinmirlər, türkdilli dövlətdər niyə ortaya mövqe qoymurlar? Bugünkü həmsöhbətimiz Türkiyənin siyasi arenasında, özü demişkən, zərurətdən yaranmış Böyük Turan Hərəkatı Partiyasının sədri Varol Esendir. Deyir Türkiyənin təklənməsində də, dünyanın hər yerindəki türk millətinin parçalanmasında, əzilməsində Türkiyənin mövcud hakimiyyətinin günahı çoxdur və bir partiya olaraq bütün güclərini güclü Türkiyə uğrunda sərf edəcəklər.

- Uzun illərdir qəbul edilməsinə çalışılan qondarma erməni soyqırımı uydurmasına görə Türkiyə prezidentinin ermənilərdən ürək dolusu üzr istəməsi çox maraqlı idi. Nəticəsi də budur ki, indiki iqtidar əfəndiləri Papanı qaranlıq saraylarına tərif dolu sözlərlə dəvət edərək, qonaq qəbul etdilər. Sonra da Papa «türklər erməniləri soyqırıma uğradıb» deməklə Avropa Birliyini də bu məsələyə anti-Türkiyə qərar qəbul etməsinə yol açıb. Zəncirvari bağlılıqları olan bu məsələlər çox maraqlıdır. Avropa Birliyinin qərarının doğuracağı nəticələr ölkəmizdən təzminat olaraq torpaq tələbinə qədər irəliləyəcək. Ona da tam əminəm ki, türk yurdlarını, türk millətini parçalamaq, bölmək istəyən indiki hökumət bunu da qəbul edəcək. Ancaq Böyük Turan Hərəkatı Partiyası olaraq son nəfəsimizədək türk millətinin maraqlarını qoruyacağıq və hər bir təcavüzün qarşısında dimdik dayanacağıq. Bu məsələnin ipini nəyin bahasına olur-olsun əlimizdən buraxmayacağıq. Necə deyərlər: Ya istiqlal, ya ölüm! Şüarımız budur.


- Dekabrda demək olar ki, bütün İstanbul əhlinin qarşısına yüyürdüyü Roma Papası, Türkiyənin onillərdir qapısında dəvət gözlədiyi Avropa Birliyi erməni "soyqırımını" tanıdı və hətta Türkiyəni də bu soyqırımı qəbul etməyə çağırdı. Böyük Turan Hərəkatı Partiyasının lideri nə düşünür: Ankaranın indiyədək yürütdüyü siyasətdə yanlışlıq oldumu ki, Papa və Avropa Birliyi «soyqırımı» tanıdı, yoxsa Qərbdə başqa bir ssenari vardı Türkiyəyə qarşı?


- Qərb mütəmadi olaraq türk yurdlarını və millətimizi parçalamaq üçün ssenarilər hazırlayıb. Bu ssenarilərdən biri də haqqında söz açdığımız qondarma erməni soyqırımıdar. 14 noyabr 1914-cü ildə İngiltərə, Fransa və Rusiyaya qarşı almanların oyunu ilə birinci dünya savaşına qoşulduq ki, o vaxt ermənilər bunu özləri üçün yağlı fürsət bildilər. Onlar silahlanaraq Rusiya ordusunun sıralarına qatıldılar və Şərqi Anadoluda ruslarla birlikdə türk millətinə qarşı qətliamlar törətdilər. Bəzi mənbələrə əsasən, 1,2 milyon nəfərdən artıq mülkü türk vətəndaş vəhşicəsinə qətlə yetirilib. Türkiyədə, Azərbaycanın Xocalı şəhərində, Qarabağın digər bölgələrində ermənilər tərəfindən türk millətinə qarşı törədilən qırğınları görməyən Avropa Birliyi bəs necə oldu ki, bir əsr əvvəl ermənilərə qarşı soyqırım törədilməsi barədə uydurmaları qəbul edir və sizin sözünüz olmasın, türk millətini də bu məsuliyyəti öz boynuna götürməsini tələb edir? Böyük Turan Hərəkatı Partiyasının lideri olaraq belə bir soyqırım iftirasını qəti qəbul etmirəm və bildirirəm ki, ermənilərin türklərə qarşı törətdikləri qətliamların hesabını da gec-tez onlardan soracağıq, Qarabağ torpaqlarını da geri qaytaracağımıza and içirik. Türkiyədəki mövcud hökumət isə bütün siyasətini türk millətimizin əleyhinə yürüdür. Özlərinin hətta türk olmadıqlarını söyləyərək, türklük əleyhinə hər bir hərəkəti və səslənən fikirləri qəbul edib, razılaşırlar.


- Aprelin 24-də həm Türkiyədə Çanaqqala zəfəri bayram ediləcək, həm də İrəvənda qondarma erməni soyqırımına anım mərasimləri düzənlənəcək. Necə bilirsiniz, Çanaqqalanı deyil, İrəvanı seçən xarici ölkə liderlərinə qarşı Türkiyənin mövqeyi necə olmalıdır?

- Erməni «soyqırımı» iftirasını qəbul edərək İrəvana gedən ölkə liderlərinə qarşı mütləq kəskin mövqe tutulmalı, hətta bütün ticari və siyasi əlaqələr kəsilməlidir. Böyük Turan Hərəkatı Partiyası olaraq bizim fikrimiz budur. Fəqət, mövcud hökumətin göstərəcəyi münasibət bəllidir və bu günə qədər izlədikləri siyasəti nəzərə alsaq, bizi təəccübləndirməyəcəkləri məlumdur.


- Qəti münasibətdən söz düşmüşkən, AKP iqtidarı dönəində Türkiyədə millətçilik və türkçülük anlayışları sanki arxa plana keçmiş kimi görünür. Sizcə, iqtisadi baxımdan böyüyən Türkiyədə millətçilik tarixəmi qovuşur?


- Öncə bunu qeyd edim ki, Türkiyə iqtisadi baxımdan böyümür, əksinə kiçilir. Ölkədə işsizlik və dolanışıq sıxıntısı ifrat dərəcədə yüksəkdir. İnsanlar borc bataqlığındadır. Üstəlik, mövcud iqtidarın «Bizə səs verməsəniz ac qalacaqsınız» təhdidi ilə də üz-üzə qalıblar. Türkiyədə görünənin əksinə, türkçülük və türk millətçiliyi inkişaf edir. Amma indiki hakimiyyət bu yüksəlişə mane olmağa çalışır. Hakimiyyət yürütdüyü siyasətlə türkçülük və türk millətçiliyini tamamilə aradan qaldırmaq istəyir. Amma maraqlıdır ki, bütün seçki təbliğatlarını türkçülük və turançılıq üzərində qururlar. Bu isə bütünlüklə türk millətini aldatmaq üçün qurulmuş çox rəzil oyundur. Yeri gəlmişkən, prezidentin özü deyib: «…Hər cür millətçiliyi ayaqlarımın altına aldım».


- Millətçilikdən danışırıq, bəlkə bir-iki kəlmə də partiyanızdan danışasınız. Bildiyim qədər yeni yaranıb…

- Böyük Turan Hərəkatı Partiyası ötən il iyulun 2-də qurulub. Partiyamızın yaranmasında məqsəd isə budur ki, bütün türk dövlətləri ilə hərbi, iqtisadi, siyasi və mədəni birlik təsis edək, imperialist güclərin işğalına son qoyub, bütün dünyada türklərə qarşı tətbiqlənən işgəncə və zülmə «dayan» deyək. Partiyamız türkün ədalətini və nizamını gətirmək üçün qurulub.


- Türkiyədə MHP varkən sizin partiyanın timsalında daha bir millətçi təşkilatın yaranmasına zərurət var idimi? Bayaqdan iqtidarı tənqid edirsiniz, amma niyə Türkiyədə millətçilər və türkçülər heç bir seçkidə qələbə çalmır? Bəlkə siz millətçilər siyasi hədəflərinizi dəyişməlisiniz...


- Alparslan Türkeşin vəfatından sonra mahiyyətcə əsl türk millətçiliyinə böyük xəyanətlər oldu. Nəticədə isə türk millətini yox etmək üçün oynanılan oyunların qarşısında dayanan olmadığından Böyük Turan Hərəkatı Partiyası quruldu və deyim ki, bu partiyanın siyasi səhnəyə çıxması qaçılmaz idi. MHP heç vaxt seçkini udmaq məqsədilə siyasət yürütmədi, əksinə ona inanan türk millətçilərini passifləşdirmək üçün hər şeyi etdi. Bu səbəbdən də seçkiləri uduzdu. Biz - Böyük Turan Hərəkatı Partiyası, sadəcə, Türkiyədə seçkilərdə udmaq deyil, Turanın gələcəyi üçün and içmişik və heç vaxt da geri durmayacağıq...


- Türkiyədəki millətçilər niyə ölkə xaricindəki türklərə dəstək vermirlər? Məsələn, İraq türklərinin - türkmənlərin durumu bu gün çox ağırdır, amma bölgənin ən böyük ölkəsi olan Türkiyə onları deyil, əksinə, hər zaman türkmənləri əzən, torpaqlarını əllərindən alaraq öz bayraqlarını sancan və türklərin qədimdən gələn izlərini hər yerdən silən kürdlərə tərəf çıxır. Nə baş verir, niyə İraq türklərini qorumursunuz?


- AKP hakimiyyəti dünyanın hər yerində yaşayan türklərə edilən zülm və işgəncələrə səssiz qalır. O cümlədən, İraq türkmənlərinə qarşı törədilən soyqırım prosesinə də müdaxilə etmək niyyəti sərgiləmir, əksinə bəlkə də yardım edir. Biz bu yola «Öncə vətən, hədəf Turan» şüarı ilə çıxmışıq. İraqda, İranda, Suriyada, Şərqi Türküstanda, Krımda - dünyanın harasında olursa-olsun, işgəncə və zülmə uğrayan hər bir türkün yanında bundan sonra artıq Böyük Turan Hərəkatı Partiyası var…


- İraqda bütün türkmənlər Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahyanı milli lider olaraq qəbul edirlər. Amma Türkiyə əksinə, İraq Türkmən Cəbhəsini və onun liderini dəstəkləyir, hətta onlara maliyyə yardımı da göstərir. Niyə Türkiyə dövləti və hökuməti İraq türkmənlərinin seçiminə sayğılı deyil və sizin partiya bu məsələdə münasibətləri düzgün səmtdə inkişaf etdirmək üçün nələr edə bilər?

- Türkiyədəki mövcud hökumət heç vaxt türkə və türkçülüyə xidmət edənin yanında olmayıb. Əksinə, hətta deyərdim ki, həmişə türkün düşmənlərinin yanında yer tutub və onlarla birlikdə hərəkət edib. Ona görə də Böyük Turan Hərəkatı Partiyası dünyada nə qədər türkə və türkçülüyə xidmət edən təşkilat, partiya və lider varsa, ən qısa zamanda hamısı ilə əlaqə yaradacağıq və əlimizdən gələn dəstəyi verəcək.


- Ankaranın qeyri-rəsmi şəkildə Ermənistanla ildə 250 milyon dollarlıq ticarət əlaqəsi də mövcuddur. Üstəlik, zaman-zaman Türkiyənin Ermənistanla sərhədləri aça biləcəyinə dair xəbərlər də yayılır. Amma hər dəfə Azərbaycan narahat olaraq kəskin etirazını bildirir və bundan sonra sərhədlərin açılması ilə bağlı xəbərlər gündəmdən çıxarılır. Sanki Türkiyə bu xəbərlərlə Azərbaycanda siyasi və ictimai rəyi yoxlamağa çalışır. Roma Papası, Avropa Birliyi türklərin ermənilərə qarşı soyqırım törətdiyini dedi və Ankaranı bu məsuliyyəti öz boynuna almasını tələb etdi. Hansı ki, Ankara hələ də nəyəsə görə Xocalı soyqırımını tanımayıb. Necə bilirsiniz, TBMM-in Xocalı soyqırımını tanıması üçün hansı fövqəladə şərait yetişməlidir və ya siz turançılar bu müstəvidə nələr edə bilərsiniz?


- Türkiyənin indiki hökumətinin tutduğu mövqenin kimə xidmət etdiyi bəllidir. Onlar təkcə türk ola bilmədilər. Biz Böyük Turan Hərəkatı Partiyası var qüvvəmizlə çalışacağıq ki, nəinki Ermənistanla sərhədlər açılmasın, hətta qeyd etdiyiniz ticarət əlaqələrinə son verilsin. Biz hətta Türkiyədə məskunlaşan və vətəndaşlığı olmayan bütün ermənilərin deportasiya olunmasına səy göstərəcəyik. Mən qəzetiniz vasitəsilə Azərbaycandakı qardaşlarıma söz verirəm: iqtidara gələn kimi Qarabağda Azərbaycan bayrağını dalğalandıracağıq.

- İyunda keçiriləcək seçkilərdə partiyanızın öz namizədləri olacaqmı, olmayacaqsa hansı partiyaların nümayəndələrini dəstəkləyəcəksiniz?


- Böyük Turan Hərəkatı Partiyası bu seçkilərə qatılmayacaq. Çünki siyasətdə yeni qüvvəyik və var gücümüzü növbəti seçkidə daha böyük səs toplamağa sərf edəcəyik. Bu seçkilərdə kimi müdafiə edəcəyimizə gəldikdə, araşdırıb baxacağıq, türkçülüyündən, turançılığından və türk millətçiliyindən tam əmin olduğumuz namizədləri dəstəkləyəcəyik.


- Türkdilli dövlətlərin və dövləti olmayan türk xalqlarının, məsələn, İraq, İran, Rusiya, Çin, Balkanlar ve digər xalqların millətçi-türkçü partiyalarının təmsilçilərindən ibarət bir konfransın təşkil olunması sizcə müsbət nəticə verməzdimi? Niyə belə bir tədbir keçirilmir?


- Partiyamızın bu il fevralın 22-də keçirilən qurultayında Böyük Turan hərəkatı Partiyasının sədri seçilmişəm. Siyasi lider kürsüsündə yeni olsam da, böyük plan və proqramlarımız var. O cümlədən, dediyiniz müstəvidə bir qurultay çağırmağı da düşünürük və inşallah yaxınlarda bunun şahidi olacağıq.

Geri dön