Ana Sayfa > Xəbər > Mübariz Qurbanlı jurnalistlərdən gileyləndi
Mübariz Qurbanlı jurnalistlərdən gileyləndi17-04-2015, 16:44. Yazar: admin |
"Bu gün media, televiziyalar bütövlükdə daha çox şouya fikir verirlər. Maarifçilik isə kənarda qalıb. Yaxşı olardı ki, onlar maarifçiliyə üstünlük verəydilər. Təəssüf ki, bu yoxdur". Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün "Milli-mənəvi və dini dəyərlər: Tarixilik, müasirlik" mövzusunda KİV rəhbərləri ilə təşkil edilən görüşdə söyləyib. Komitə sədri qeyd edib ki, jurnalistlər dinlə bağlı məsələlərdə diqqətli və həssas olmalıdırlar: “Bəzi qəzetlər yazır ki, filan radikal cərəyanın lideri filan sözü deyib. Qəzetin redaktoru düşünmür ki, bununla həmin şəxsi təbliğ edir? Və yaxud “qanuni oğru”lar barədə pafoslu materiallar gedirsə, onu oxuyan gənc elə oğruya oxşamaq istəyəcək. Radikal qruplarla və liderlərlə bağlı yazanda ehtiyatlı olun. Onları heç kim lider elan etməyib. Lider böyük sözdür. Lider cəmiyyətdə müəyyən ictimai qrupu arxasınca apara bilən şəxsdir, daha məsciddə 1-2 nəfər üçün xütbə deyən şəxs yox”. Onun fikrincə, qeyri-qanuni hərbi birləşmələrdə iştirak edən şəxslərin peşmançılığını qabartmaq lazımdır: “Onların göz yaşlarını, necə aldadıqlarını göstərmək lazımdır. Amma onun dilindən “mən şəriət məhkəməsi istəyirəm” deməsini vermək düzgün deyil”. M.Qurbanlı bildirib ki, bununla bağlı Dövlət Komitəsi yay aylarında jurnalistlər üçün 3 günlük seminar-treninq təşkil edəcək. O, Mətbuat Şurasının sədri Əflatun Amaşovun jurnalistlər arasında dini mövzuda yazı müsabiqəsinin keçirilməsi təklifini də müsbət cavablandırıb. Geri dön |