Ana Sayfa > Xəbər > Xüsusi idarədən Xoşqədəmə zərbə

Xüsusi idarədən Xoşqədəmə zərbə


16-04-2015, 15:58. Yazar: admin
Xüsusi idarədən Xoşqədəmə zərbə
Azərbaycan Müəllif Hüquqları Agentliyi “Səni axtarıram” televiziya verilişi ilə bağlı yaranmış mübahisələrə münasibət bildirib.

Agentlikdən Report-un sorğusuna cavab olaraq qeyd olunub ki, son günlər kütləvi informasiya vasitələrində “Səni axtarıram” televiziya verilişinin müstəsna müəlliflik hüququnun kimə məxsus olması barədə müxtəlif yazılar gedir: “Məlumat üçün bildiririk ki, “Azad Azərbaycan” Müstəqil Tele-Radio Kompaniyası (ATV) ilə Baxşəliyeva Xoşqədəm Hidayət qızının birgə məhsulu olan “Səni axtarıram” televiziya verilişinin dövlət qeydiyyatına alınması ilə bağlı 2013-cü il 9 sentyabr tarixində ATV-nin prezidenti Vüqar Qaradağlı Müəllif Hüquqları Agentliyinə məktubla müraciət edib. Əlaqəli hüquqlar obyekti olan “Səni axtarıram” (P, televiziya verilişi kimi) televiziya verilişi Agentlikdə şərikli əsər kimi dövlət qeydiyyatına alınıb, ondan müstəsna istifadə hüquqları şərikli olaraq ATV-yə və Xoşqədəm Hidayətqızına məxsusdur. Tərəflərə 2013-cü il 11 oktyabr tarixində qeydiyyat haqqında müvafiq nömrəli Şəhadətnamələr verilib. Müəllif-hüquq qanunvericiliyinə görə, şərikli əsərlərdən (obyektdən) bütövlükdə istifadə hüququ onu birgə yaratmış müəlliflərə məxsusdur. “Səni axtarıram” verilişi parçalanmayan, bölünməyən şərikli obyektdir və bu səbəbdən, qanunvericiliyə uyğun olaraq, hüquq sahibləri arasında mübahisə yarandığı halda onların aralarında bağlanılan müqavilədə başqa hal (şərtlər və ya razılaşma) nəzərdə tutulmadıqda, tərəflərin heç birinin digərinə qarşı verilişdən istifadəyə qadağa qoymaq haqqı yoxdur. ATV və Xoşqədəm Hidayətqızı arasında bağlanmış müəllif müqaviləsinin şərtlərinə əsasən, veriliş yalnız ATV kanalında həftədə bir dəfə (bazar günü) 2015-ci il oktyabr ayının 1-ə qədər yayımlana bilər və tərəflərin qarşılıqlı razılığı olmadan digər televiziya kanallarına verilə bilməz. Verilişin formatının dəyişdirilməsi,digər formatda istifadəsi, retranslyasiyası də həmçinin tərəflərin qarşılıqlı razılıq əsasında həyata keçirilə bilər. Müqaviləyə əsasən, ssenari müəllifi və aparıcı Xoşqədəm Hidayətqızına əmək haqqı ödənişi onunla ATV arasında bağlanmış əmək müqaviləsi ilə həyata keçirilmiş və verilişin hazırlanması və ATV-də yayımına görə ssenari müəllifi və aparıcısına qonorar ödənilmir”.

Agentlik bildirir ki, verilişin ayrılmaz, parçalanmayan şərikli obyekt kimi istifadəsi (yayılması) müəllif-hüquq nöqteyi-nəzərindən iki hüquqi rejimlə bağlıdır:

“a) 2015-ci 1 oktyabr tarixinə qədər əlavə ödəniş, o cümlədən qonorar almayan və ATV ilə əmək müqaviləsi ilə bağlı olan Xoşqədəm Hidayətqızının verilişi yalnız ATV-də istifadə olunur. Bu vəziyyətdə verilişin dayandırılması, dəyişməsi, yayımı və s. hüquq sahibi kimi ATV-nin inzibati qərarından asılıdır;

b) 2015-ci il 1 oktyabr tarixindən sonra müəllif müqaviləsinin müddəti hüquq sahibləri tərəfindən uzadılmadığı halda və ya Xoşqədəm Hidayətqızının ATV-ilə əmək müqaviləsinə istənilən zaman xitam verildiyi halda, hər-hansı bir tərəfin diğər tərəfə verilişin istifadəsinə qadağa qoyması yalnız onun əsaslı səbəbləri olduqda mümkündür. Bununla belə, qadağa qoyan tərəf istifadəyə razılıq verdiyi halda, digər tərəf həmin verilişi yenidən istifadə edə bilər”.

Agentlikdən həmçinin bildirilib ki, verilişdən (əlaqəli hüquqlar obyekti) fərqli olaraq, ssenari bilavasitə müəllif hüququ obyektidir: “Səhadətnaməyə əsasən, “Səni axtarıram” əsərinə şəxsi hüquqlar, o cümlədən ssenariyə müəlliflik hüququ Xoşqədəm Hidayətqızına məxsusdur. Bu isə o deməkdir ki, ATV-ilə əmək müqaviləsinə xitam verildikdən sonra, o, ssenariyə əsaslanaraq, verilişi digər formatda, o cümlədən digər ad altında hazırlaya və istənilən telekanal vasitəsilə yayımlaya bilər. Danışıqlar yolu ilə mübahisə həll edilmədiyi halda, Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən, tərəflər məhkəməyə müraciət edə bilərlər”.

Qeyd: Açıqlamadan belə məlum olur ki, ATV rəhbəri Vüqar Qaradağlının ANS telekanalında yayımlanması nəzərdə tutulan bu verilişi istənilən vaxt dayandırmaq hüququ var.

Geri dön