Ana Sayfa > Xəbər > “Bankların ödəməli olduğu hər 2.4 dollara görə 1 dollar alacağı var”

“Bankların ödəməli olduğu hər 2.4 dollara görə 1 dollar alacağı var”


16-04-2015, 14:54. Yazar: admin
“Bankların ödəməli olduğu hər 2.4 dollara görə 1 dollar alacağı var”
Vertikal.az tanınmış iqtisadçı ekspert Rövşən Ağayevin "Devalvasiyadan sonrakı bank sektoru" mövzusundakı təhlili yazısını təqdim edir:


Manatın birdən-birə 35 faiz dəyərdən düşməsi ilə bağlı qərardan ən ağır zərbəni bank sektoru aldı. Milli valyutanın dəyərsizləşməsi bank sektorunun xarici öhdəliklərini qarşılamaq üçün xərcləri əhəmiyyətli dərəcədə artırıb. Fevral ayı ərzində ölkə banklarının xarici öhdəliklərinin həcmi manat ekvivalentində 2.5 milyard manat (50 faiz) artaraq, 4.9 milyard manatdan 7.5 milyard manata yüksəlib. Analizlər göstərir ki, bu artımın təxminən 800 milyon manatlıq hissəsi yeni öhdəliklərin yaranması, yerdə qalan 1.7 milyard manatı isə milli valyutanın ucuzlaşması nəticəsində valyuta ilə öhdəliklərin genişlənməsi ilə bağlıdır.

Doğrudur, banklar devalvasiyanın mənfi nəticələrindən qorunmaq üçün kredit portfelinin valyuta strukturunu xeyli çevik şəkildə dəyişə biliblər. Yanvar ayı ilə müqayisədə nisbətən fevralın yekununda valyuta kreditlərinin kredit portfelində payı 27 faizdən 40.5 faizə yüksəlib. Bu, manatın ucuzlaşmasından dolayı izafi xarici öhdəliklərin müəyyən hissəsini kompensasiya etmək, bank sektorunun dayanıqlı inkişafı baxımından kredit portfelinin valyuta strukturunu daha balanslı şaxələndirmək baxımından pozitiv tendensiyadı. Lakin depozitlərin dollarlaşmasının kredit portfelinin dollarlaşmasından daha üstün sürətlə artması, istənilən halda bankları izafi xərc yükü altında saxlayır. Belə ki, devalvasiyadan öncə əhalinin əmanətlərində valyutanın payı 39.9 faiz idisə, fevralın sonunda həmin göstərici 62.3 faziz yüksəlib. Ümumilikdə isə bank sektoru üzrə depozit bazasının (bura əhali ilə yanaşı bankların özlərinin, yerdə qalan təsərrüfat subyektlərinin hamısının depozitləri daxildir) 67 faizini valyuta ilə depozitlər təşkil edib. Bu, o deməkdir ki, banklar saxladıqları 100 manat depozitin 67 manatını qaytardıqları günə dolların (yaxud avronun) məzənnəsi hansı səviyyədə olacaqsa, həmin məzənnə ilə qaytarmalıdır. Burda təhlükəli məqam manatın zəif mövqeyi ilə bağlıdır. Neftin qiymətinin kəskin şəkildə ucuzlaşdığı, ölkənin ixrac gəlirlərinin əhəmiyyətli dərəcədə azaldığı, tədiyyə balansının ümumi saldosunun mənfiyə doğru meylləndiyi hazırkı şəraitdə manat aparıcı valyutalar qarşısında zəif olaraq qalacaq, ölkənin valyuta ehtiyatlarının sürətlə əridiyi şəraitdə manatın ucuzlaşması real təhlükə olaraq iqtisadiyyatın başı üzərindən çəkilməyəcək. Hazırda bank sektorunda valyuta ilə yerləşdirilmiş təxminən 12 milyard dollar depozit, bankların xarici subyektlər qarşısında 7 milyard dollar öhdəliyi var. Yəni təkcə depozitlər və xaricdən cəlb edilmiş vəsaitlər hesabına Azərbaycan banklarının 19 milyard dollar valyuta öhdəliyi var. Təsəvvür edin ki, manatın 10 faiz ucuzlaşması kifayətdir ki, banklar depozit sahibləri və xarici kredtorlar qarşısında əlavə olaraq manat ekvivalentində 2 milyard manata yaxın xərcə düşsün. Bu baxımdan manatın hazırkı zəif dövrü banklar üçün son dərəcə ağır sınaq mərhələsidir.

Narahatlıq yaradan bank sektorunun valyuta öhdəliklərinin hazırkı səviyyəsi deyil, valyuta mövqeyinin ciddi şəkildə pozulmasıdır. Məsələ burasındadır ki, bank sektorunun 19 milyard dollar valyuta öhdəliyi qarşılığında bankların iqtisadiyyata yönəltdiyi valyuta kreditlərinin həcmi cəmi 7.9 milyard dollardır. Sadə şəkildə desək, bankların valyuta qismində ödəməli olduğu hər 2.4 dollara görə 1 dollar alacağı var.

Manatın mövqeyinin zəif olması ilə bağlı bir vacib məqamı deyim: Mərkəzi Bankın açıqladığı məlumatlardan aydın olur ki, son 4 ayda manatın kəskin dəyərsizləşməsinin qarşısını almaq məqsədilə müdaxilələr ölkənin valyuta ehtiyatlarının sürətlə əriməsinə səbəb olub. Ötən ilin dekabrında Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları 1.238 milyard dollar, bu ilin yanvarında 897.5 milyon dollar, fevralda 1.676 milyard dollar, martda isə 1.532 milyard dollar, ümumilikdə isə 5.344 milyard dollar xərclənib. Bu, ötən ilin noyabrında mövcud olan ehtiyatların 36 faizinə bərabərdir.

Nəhayət, devalvasiayadan sonra bank sektorunda müşahidə edilən mənfi meyllərdən biri iqtisadiyyatın “manatsızlaşmasıdı”. Belə ki, Mərkəzi Bankın məlumatına görə "pul bazası" göstəricisi 2012-ci ilin aprel ayından sonra ən aşağı həddə düşüb.
Pul bazasına dövriyyədə olan nağd pul və kommersiya banklarının Mərkəzi Bankdakı ehtiyatları daxildir. Beynəlxalq təcrübədə mərkəzi banklar adətən pul bazasını 2 alət vasitəsilə genişləndirə və ya məhdudlaşdıra bilir: maliyyə alətləri (dövlət istiqrazlarının alınması və ya satılması) və valyuta alışı (ehtiyatların artırılması) və ya satşışı (ehtiyatların azalması).
Əgər Mərkəzi Bank maliyyə alətləri vasitəsilə pul bazasını genişləndirmək istəyirsə, Maliyyə Nazirliyinin ilkin bazarda əhaliyə, investorlara satdığı istiqrazları təkrar bazarda onlarda geri almaqla pul kütləsini artıra bilir.
Valyuta alışı hesabına pul kütləsinin artırmaq istədikdə, bazardan valyuta alınır, manat dövriyyə buraxılır. Mərkəzi bank son illər valyuta alışı ilə pul bazasını genişləndirirdi. 2012-ci ilin yanvarından 2014-ci ilin oktyabrınadək Mərkəzi Bankın valyuta ehtiyatları 10.5 milyard dollardan 15 milyard dollara, pul bazası 8.1 milyard manatdan 11.5 milyard manata qədər genişlənmişdi. Noyabrdan hər iki göstərici ixtisar olmağa başladı - son 4 ayda valyuta ehtiyatları 5.5 milyard dollar, pul bazası 11.3 milyad manatdan 8.3 milyard manata qədər azalıb. Nə qədər ki, ölkəyə böyük valyuta axını vardı, valyuta təklifi tələbi üstələyirdi, dövlət büdcəsinin (həmçinin Neft Fondunun) valyuta gəlirlərini manata çevirəndə valyuta artıqlığını Mərkəzi Bank dövriyyəyə buraxdığı manat kütləsi ilə tənzimləyirdi - manatı buraxıb valyutanı yığırdı.
Təbiidir - ötən ilin 1-ci rübündə Neft Fondu vasitəsilə ölkəyə təxminən 3.9 milyard dollar, bu il isə 2.2 milyard dollar vəsait daxil olub. Neft Şirkəti də böyük ehtimalla öz azalan valyuta gəlirlərini əsasən xarici öhdəliklərinin icrasına yönəldir. Nəticədə valyuta tələbi təklifini üstələyib. Son aylarda isə Mərkəzi Bank xarici valyutanı satdığı üçün manatla pul bazasının genişləndirmək əvəzinə, əksinə dövriyyədə manat kütləsinin kəskin məhdudlaşması prosesi gedir və nəticədə iqtisadiyyat ciddi kəskin şəkildə "manatsızlaşır". Bu, həm də onun göstəricisidir ki, pul kütləsini dövriyyəyə cəlb edən əsas rezervuarlarda - dövlət büdcəsinin və Neft Fondunun büdcə xərclərində də ötən ilə nisbətən xeyli azalma var. Bunun təhlükəli tərəfi odur ki, pul defisiti iqtisadi fəallığın kəskin azalması, tələbin məhdudlaşması kimi mənfi yüklü iqtisadi perspektiv vəd edir. Doğrudur, iqtisadiyyat və bank sektoru dinamiklik nümayiş etdirsə, əllərdə olan (“yastıqaltı”) pulları bank sektoruna cəlb etmək, pulun dövriyyə sürətini yüksəltmək mümkün olsa, indiki pul bazası ilə də iqtisadiyyatın pula tələbatını, geniş pul kütləsinin əvvəlki səviyyəsini bərpa etmək mümkündü. Amma bunun üçün bank sektoru Mərkəzi Bankın çap elədiyi hər manatı əlavə daha çox manata çevirə bilmək potensialında olmalıdır. İqtisadi nəzəriyyədə buna "pul multiplikatoru" deyilir. Bu anlayşın ən sadə izahı budur ki, Mərkəzi Bankın dövriyyəyə buraxdığı nağd manat kütləsinin hər manatı daha çox subyektin əlinə keçməli, həmin subyektlər əvvəlcə onu depozit olaraq banklara qoymalıdır. Qoyulan hər manat əlavə nə qədər pul yaradırsa, bu bank sektorunun nə dərəcədə effektiv və məhsuldar çalışması ilə yanaşı həm də iqtisadiyyatın daha çox pula ehtiyacı olmasının, iqtisadiyyatın daha çox yeni dəyər yaratmaq ehtiyacının göstəricilərindən biri sayılır.
Ən son məlumata görə, Azərbaycanda pul multipilikatoru 1.5-ə bərabərdir - yəni, bank sektoru Mərkəzi Bankın pul bazasının manat ekvivalentində hər dollarını əlavə olaraq cəmi 0.5 dollara çevirə bilir. Amma, məsələn, müqayisə üçün deyim ki, fevral ayınını sonuna olan məlumata görə, Qazaxıstanda bank sektorunda hər dollar 1.5, Rusiyada isə təxminə 4 dollar yaradıb.

Bir sözlə, bankları indiki ağır durumdan həm də iqtisadiyyatda pula tələbin artması çıxara bilər. Pula tələb iqtisadiyyatın inkişafa ehtiyacının yaranması deməkdir. Bu ehtiyac yaranmasa, neftdən düzəldilmiş “nəfəs aparatı”na qoşulan iqtisadiyyat çox qısa zamanda bank sektorunu da özü ilə uçrumdan aşağı çəkməkdə davam edəcək".

Geri dön