Ana Sayfa > Xəbər > 3 manatlıq ayaqqabı ilə daş kəsənlər: Karxanadan XÜSUSİ REPORTAJ
3 manatlıq ayaqqabı ilə daş kəsənlər: Karxanadan XÜSUSİ REPORTAJ16-04-2015, 12:38. Yazar: admin |
Dövlət Əmək Müfəttişliyi Xidməti əməyin mühafizəsi qaydalarının ciddi şəkildə pozulduğu iki müəssisədə işləri dayandırıb. APA TV-nin xəbərinə görə, Dövlət Əmək Müfəttişliyi Xidməti daş karxanalarında əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl edilməsi vəziyyətinin araşdırılması üçün növbəti dəfə reyd keçirib. Dövlət nəzarəti zamanı Bakının Qaradağ rayonunda yerləşən “Sehran” MMC-də əməyin mühafizəsi ilə bağlı bir sıra cari işlərin görülməsinə baxmayaraq, işçilərin həyat və sağlamlığı üçün təhlükəli olan əmək şəraitinin mövcud olduğu müəyyən edilib. İşçilərin həlak olmasına və ya xəsarət almasına səbəb ola biləcək istehsalat qəzalarının qarşısının alınması üçün bu müəssisələrdə heç bir profilaktiki tədbirlərin görülmədiyi, işçilərin fərdi mühafizə vasitələri olmadan işlədikləri aşkarlanıb. Digər tərəfdən, işçilərlə əmək münasibətlərinin, onlara ödənilən əmək haqlarının rəsmiləşdirilmədiyi, iş rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi, istirahət vaxtı qaydalarının pozulması kimi nöqsanlar müşahidə edilib. Bu səbəbdən ərazidə istismar vasitələrinin, avadanlıqların qanunvericiliyin tələbinə, normalarına uyğun olmadığı üçün istismarının dayandırılmasına barədə qərar qəbul edilib. DƏMX-nin baş əmək müfəttişi Xalid Ağayev bildirib ki, sadalanan nöqsanlar aradan qaldırılanadək istismar vasitələrinin istismarı dayandırılmış vəziyyətdə qalacaq: "Bütün nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələbinə uyğun olaraq sağlam və təhlükəsiz əmək şəraiti yaradıldıqdan sonra qeyd edilən müəssisədə avadanlıqların istismarına icazə veriləcək". Daha sonra “Sunrice” MMC-də reyd keçirilib. Bənzər mənzərəyə burda da rast gəlinib və analoji qərar qəbul edilib. Əvvəllər reyd keçirilərək nöqsan aşkar edilən obyektlərə yenidən təşkil olunan reyd zamanı həmin nöqsanların aradan qaldırıldığı müəyyən edilib. "Qaradağ" ASC-nin baş mühəndisi Vüqar Həşimov etiraf edib ki, müəssisədə vəziyyət tam yüksək səviyyədə deyil: "Çünki köhnədən qalan maşın-mexanizmlərdir. Buna baxmayaraq, biz imkan daxilində çalışırıq ki, yerinə yetirək". DƏMX-in rəis müavini Anar Quliyevin sözlərinə görə, 2015-ci ilin yanvar-fevral aylarında bütün işə götürənlərə müraciət edilib ki, minimum standartlara əməl edilməsini təmin etsinlər: "Özünüz də şahid oldunuz ki, bu standartların təmin edilməsini təmin etməyiblər. Bununla bağlı istehsal sahələrinin fəaliyyəti müvəqqəti dayandırıldı. 100 manatdan 2000 manata kimi cərimə nəzərdə tutulub". Qeyd edək ki, “Təhlükəsiz iş aylığı” çərçivəsində həyata keçirilən növbəti nəzarət tədbirində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları da iştirak edib. Geri dön |