Ana Sayfa > Xəbər > Səlim Müslümovun cəza maşını: Nazirlik 2 müəssisənin işini dayandırdı
Səlim Müslümovun cəza maşını: Nazirlik 2 müəssisənin işini dayandırdı15-04-2015, 15:14. Yazar: admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) mişar daşlarının istehsal olunduğu müəssisələrdə (daş karxanalarında) əməyin mühafizəsi üzrə standartların, norma və qaydaların tələblərinə əməl edilməsi vəziyyətinin araşdırılması üçün dövlət nəzarəti tədbirlərini davam etdirib. ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, “Təhlükəsiz iş aylığı” çərçivəsində həyata keçirilən növbəti nəzarət tədbirində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşlarının da iştirakı təmin olunub. Dövlət nəzarəti zamanı Qaradağ rayonunda yerləşən “Sehran” və “Sunrice” MMC-lərdə əməyin mühafizəsi ilə bağlı bir sıra cari işlərin görülməsinə baxmayaraq, onlarda işçilərin həyat və sağlamlığı üçün təhlükəli olan əmək şəraitinin mövcud olduğu müəyyən edilib. İşçilərin həlak olmasına və ya xəsarət almalarına səbəb ola biləcək istehsalat qəzalarının qarşısının alınması üçün bu müəssisələrdə heç bir profilaktiki tədbirlərin görülmədiyi, işçilərin fərdi mühafizə vasitələri olmadan işlədikləri aşkarlanıb. Digər tərəfdən, işçilərlə əmək münasibətlərinin, onlara ödənilən əmək haqlarının rəsmiləşdirilmədiyi, iş vaxtının rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi, istirahət vaxtı qaydalarının pozulması kimi nöqsanlar müşahidə edilib. Cari ilin əvvəllərində DƏMX tərəfindən digər müəssisələr kimi, “Sehran” və “Sunrice” MMC-lərə də rəsmi məktubla müraciət olunub. Məktubda əməyin mühafizəsi sahəsində mövcud nöqsanların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması və əmək şəraitinin texniki təhlükəsizlik qaydalarına uyğun təşkil olunması, işçilər üçün sağlam sanitariya-gigiyena şəraitinin yaradılması barədə icrası məcburi olan göstərişlər əksini tapıb. Həmçinin bu müəssisələrdə qeyd olunan tələblərin icrasının, eləcə də işçilərin pulsuz olaraq fərdi mühafizə vasitələri (xüsusi geyim, xüsusi ayaqqabı və s.) ilə təmin olunması vəziyyətinin araşdırılacağı bildirilib. Hər iki müəssisədə aşkar olunan nöqsanlar aradan qaldırılanadək işlər dayandırılıb. Həmin müəssisələrin rəhbər şəxslərinə əmək qanunvericiliyindən irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı icrası məcburi olan göstərişlər verilərək akt tərtib olunub Geri dön |