Ana Sayfa > Xəbər > Prokurorun həbs istədiyi həkim iş başındadır – Təhlükə
Prokurorun həbs istədiyi həkim iş başındadır – Təhlükə15-04-2015, 12:52. Yazar: admin |
2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popillomasindan əməliyyat zamanı dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölümündə birbaşa təqsiri olan, bu səbəbdən haqqında cinayət işi açılan anestezioloq Firuz İbrahimov hələ də peşə fəaliyyətini davam elətdirir və onu seçən pasientlərin həyatını təhlükəyə atır. Axar.az xəbər verir ki, anestezioloq F.İbrahimovla bağlı Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 124.1 (məsuliyyətsizlikdən adamöldürmə) və 320.1 (bilə-bilə rəsmi sənədi saxtalaşdırma) maddələri ilə aparılan prosesdə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə istintaqı zamanı təqsiri tam sübuta yetirilən F.İbrahimovla bağlı dövlət ittihamçısı cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməklə 3 il həbs cəzası da istəyib və hakim son söz üçün təqsirləndirilən şəxsə və onun vəkilinə 8 aprel 2015-ci ilə qədər vaxt verib. Lakin sonuncu prosesə nə qatil həkim özü, nə də onun hüquqlarını müdafiə edən vəkili gəlməyib. Səbəb isə ölüm işi ilə bağlı haqqında cinayət işi açılan həkimin cərrahiyyə əməliyyatına girməsi göstərilib. Görünür, üzərində ölüm işi olan, məhkəmə ilə əməli təsdiqlənmiş bir həkimin hökm çıxarılacaq gün də əməliyyata girməsinə, daha bir nəfərin ölümünə bais olma ehtimalına Səhiyyə Nazirliyi mane olmaq əvəzinə, şərait yaradır və buna imkan verir. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Axar.az-a açıqlamasında anestezioloq Firuz İbrahimovla bağlı məhkəmənin ilkin qərarı barədə məlumatının olmadığını və bu səbəbdən bir söz deyə bilməyəcəyini bildirib: “Məhkəmənin ilkin qərarını öyrənmək lazımdır ki, onun haqqında hansı qərar çıxarılıb. Yəni ola bilər ki, məhkəmə onun haqqında hökm çıxarılana qədər işləməsini qadağan edəcək qərar qəbul etməyib. Bu halda proses davam etdiyi müddət ərzində onun hələ də peşə fəaliyyətini yerinə yetirməsində heç bir problem yoxdur”. Bir daha xatırladaq ki, F.İbrahimovun həkim məsuliyyətsizliyindən ölümə səbəb olduğu ilə bağlı cinayət işi 25 sentyabr 2013-cü ildə qaldırılıb, 19 noyabr 2014-cü ildə Nəsimi Rayon Məhkəməsində proses başlayıb və 18 mart 2015-ci ildə məhkəmə istintaqı yekunlaşmaqla, dövlət ittihamçısı tərəfindən anestezioloqa 3 illik həbs istənilib. Hətta məhkəmə istintaqı nəticəsində məsuliyyətsizlikdən ölümə səbəb olması sübuta yetirilən bir anestezioloqun xəstələrin həyatını təhlükəyə atmamaq naminə əməliyyata girməsinə Səhiyyə Nazirliyi qadağa qoymur. Belələrini işə götürməklə vəzifəsini bitmiş hesab edən Səhiyyə Nazirliyi məsuliyyətsizlikdən ölümə səbəb olan həkimlərə qarşı heç bir addım atmır, hətta onların fəaliyyətini məhdudlaşdırmağı ağlının ucundan belə keçirmir. Bir neçə il həbs cəzası alan həkimlərin isə cəzasını çəkəndən sonra yenidən Səhiyyə Nazirliyinin kadr ehtiyatlarına daxil edilməyəcəyinə və yenidən xəstələrin həyatı üstündə təhlükələr yaratmayacağına heç bir təminat yoxdur. Azərbaycanda həkim səhlənkarlığından ölüm hallarının çoxalmasının başlıca səbəbi budur. Xatırladaq ki, ölkədə digər heç bir sistemdə, qurumda, nazirlikdə ölüm faktına görə məhkəmə hökmünü gözləyən hər hansı işçinin türməyə soxulduğu son ana qədər işini sərbəst davam etdirməsi təcrübəsi yoxdur. Qeyd edək ki, həkim səhlənkarlığı üzündən dünyasını dəyişmiş BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızının (Niftəliyevanın) ölüm işi ilə bağlı məhkəmənin növbəti iclası aprel ayının 16-sı saat 12:45-ə təyin edilib. Mərhum E.Tofiqqızı 2013-cü il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. 2014-cü il aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib. Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə məhkəmə prosesi 19 noyabr 2014-cü ildən başlayıb. Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri - anestezioloq Firuz İbrahimov CM-in 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Hazırda F.İdrisov barəsində CM-in 178.1-ci maddəsi ilə açılan cinayət işi Bakı şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin icraatındadır. Geri dön |