Ana Sayfa > Xəbər > Vergilər Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ

Vergilər Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ


15-04-2015, 12:23. Yazar: admin
Vergilər Nazirliyindən sahibkarlara XƏBƏRDARLIQ
Aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması hallarının qarşısının alınması məqsədilə cari ilin yanvar ayında Vergilər Nazirliyində spirtli içkilər və tütün məmulatları istehsalçıları olan vergi ödəyiciləri ilə görüş keçirilib, həmin görüşdə Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksizin dərəcələrinin dəyişdirilməsi ilə bağlı bu sahəyə nəzarətin gücləndirilməsinin vacibliyi vergi ödəyicilərinin nəzərinə çatdırılıb.

Respublika ərazisində aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı hallarına hələ də rast gəlinməkdədir. Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nazirlik yanında Bakı Vergilər Departamentinin müvafiq qərarı ilə “Fidan” şirkətinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül, Naxçıvani küçəsi, 3106-cı məhəllə ünvanda yerləşən və təsərrüfat subyekti kimi vergi orqanında uçotda olmayan obyektində (anbar) həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması halları aşkar edilib.

Tədbir zamanı saxta aksiz markaları ilə markalanmış 150,3 min manat məbləğində 86419 ədəd müxtəlif adlı və həcmli alkoqqollu içkilər (“Mont blanc” - 0.5l və 0.7l, “Ruska” - 0.5l və 0.7l, “Zernovoy sklad” - 0.25l, 0.5l və 0.7l, “Melnik” - 0.25l, 0.5l və 0.7l, “Bakinskiy Standart” - 0.25l, “Bakinskaya marka” - 0.25l, “Qosudar” - 0.5l və s.) aşkarlanıb. Bəzi məhsulların üzərində seriyası və nömrəsi olmayan aksiz markaları müəyyən edilib.

2015-ci ilin ötən dövrü ərzində 6 vergi ödəyicisi tərəfindən 43 min 811,9 manatlıq aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktları aşkar edilib.
Hər bir fakt üzrə cinayət işi başlanılıb.

Vergilər Nazirliyi xəbərdarlıq edir ki, aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, bu cür fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.

Geri dön