Ana Sayfa > Xəbər > Əgər Səfər Əbiyev nazir olsaydı...
Əgər Səfər Əbiyev nazir olsaydı...6-04-2016, 10:57. Yazar: admin |
![]() Aprelin 2-dən başlayaraq cəbhədə davam edən hərbi əməliyyatlar Azərbaycan ordusunun bir daha gücünü ortaya qoydu. İndiyə qədər gedən döyüşlərdə ermənilər atəşkəs dövrünün ən ağır zərbəsini aldılar. Düşmən darmadağın edildi. Son günlərdə gedən proseslər 2013-cü ilin oktyabrından müdafiə naziri vəzifəsini icra edən Zakir Həsənovun son illərdəki fəaliyyəti nəticəsində ordumuzun döyüş qabiliyyətinin artdığını, nizam-intizamının bərpa olunduğunu əyani sübut etdi. Həsənovdan öncə 8 il müdafiə naziri işləyən Səfər Əbiyevin zamanında ordumuzun indiki qədər peşəkar, güclü olduğunun şahidi olmamışdıq. Hətta zaman-zaman Azərbaycan ordusu barədə mənfi fikirlər səslənirdi. Amma Z.Həsənov nazir təyin olunandan sonra ordumuz barədə olan bütün mənfi fikirlərin üzərindən xətt çəkildi. Hazırda Zakir Həsənovun fonunda Əbiyev nazir olsaydı, bu qədər uğurlar qazanıb-qazanmayacağımız cəmiyyət arasında yaranan əsas suallardan biridir. Hərbi ekspert Üzeyir Cəfərov ordunun hazırlığının döyüşlərdə əsas amil olduğu qənaətindədir: “Belə proseslərdə fərdlər də mühüm rol oynayır. Amma düşüncəmə görə, ordunun hazırlığından çox şey asılıdır. Ordu hazırdırsa, onun başında duran istənilən şəxs istədiyi qərarı verə bilər. Yeni müdafiə naziri gələndən sonra çox şeylər dəyişib. Bu bir faktdır. Problemlər müsbətə doğru dəyişib. Prinsip etibarı ilə belə də olmalıdır. Vəzifəyə yeni təyin olunan şəxs etimadı doğrultmaq üçün özü ilə yeniliklər gətirir. Səfər Əbiyevin dönəmində vəziyyət fərqli idi. Zakir Həsənovun hazırkı fəaliyyətində müsbətə doğru dəyişikliklər var. Amma döyüşlərdə fərdlərin üzərində dayanmaq istəməzdim. Əsas məsələni Azərbaycanın döyüşən əsgər və zabitləri edirlər. Düzdür, qərarı nazir və Baş Qərargah verir. Qərar da Azərbaycan əsgəri tərəfindən icra olunur. Qiyməti əsgərlərimizə vermək lazımdır. Diqqəti bu istiqamətə yönəltsək daha yaxşı olar. Yəqin ki, hörmətli generallar və digər yüksək rütbəli şəxslər sözlərimdən inciməzlər. Çünki onların tapşırıqlarını əsgərlər icra edirlər. Bütövlükdə götürəndə Zakir Həsənovun nazir gəlməsindən sonra müsbətə doğru ciddi dəyişikliklər var. Görüləsi işlər də çoxdur. Qələbələrimiz inanıram ki, davam edəcək. Ondan sonra da görüləcək işlər həyata keçəcək”. Hərbi ekspert ordunun mürəkkəb qurum olduğunu da qeyd etdi: “Vəzifəyə yeni gələn şəxs nailiyyətləri genişləndirir. Hazırda orduda müsbətə doğru gedən proseslər hər birimizi sevindirir. Belə də olmalıdır. Çünki silahlı qüvvələrimiz bundan da güclü olmalıdır. Səfər Əbiyev dönəmində tamam başqa aura var idi. Onu daha çox kabinet generalı kimi tanıyırdıq. Daim kimlərləsə görüşürdü. Amma Həsənovun dönəmində tamam fərqli halların şahidi oluruq. O, daha çox cəbhə xətlərində olur. Hərbçilərin ümumi vəziyyətləri ilə maraqlanır. Bunlar çox önəmli məqamlardır. Bir faktı da qeyd edim. Allah eləməsin, sabah Zakir Həsənov yuxarı vəzifəyə təyin olunsa, yaxud başqa səbəblərlə vəzifədən getsə, ordumuzun fəaliyyəti dayanacaq? Bu nöqteyi-nəzərdən ordumuz hər şeyə hazır olmalıdır. Elə bir işlək mexanizm olmalıdır ki, heç vaxt problemlərlə üzləşməsin. Orduya daim yüksək əhval-ruhiyyə aşılanmalıdır. Bu işdə Zakir Həsənova ciddi dəstək olmalıdır. Hərbi rəhbərlərimizin ortaya böyük nəticə qoyacaqlarına inamımız tamdır. Son günlərdəki döyüşlər məni qane edir. Hələ genişmiqyaslı əməliyyatlar başlamayıb. Əsgər və zabitlərimiz hazırda yalnız düşməni tutduğu mövqelərdən geri çəkilməyə məcbur edirlər. Əgər ordumuz hücum əməliyyatlarına başlasa, tamam fərqli mənzərə yaranacaq. Düşmən başa düşməlidir ki, işğal etdiyi əraziləri boşaltmağa məcburdur. Çünki Azərbaycan heç vaxt həmin əraziləri güzəştə getməyəcək”. Geri dön |