Ana Sayfa > Xəbər > Azərbaycanda 1600-dən çox dövlət qulluqçusu işdən azad olunub

Azərbaycanda 1600-dən çox dövlət qulluqçusu işdən azad olunub


17-03-2016, 10:59. Yazar: admin
Azərbaycanda 1600-dən çox dövlət qulluqçusu işdən azad olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat katibi Asəf Əliyev Modern.az saytının dövlət qulluğu sahəsinə aid suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Ötən il Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın dövlət qulluğuna aid vakant yerlər üzrə keçirdiyi imtahanlar nəticəsində neçə nəfər işlə təmin olunub və hazırda neçə nəfər ehtiyat kadr kimi öz təyinatını gözləyir?

- 2015-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın keçirdiyi müsabiqələr nəticəsində 514 nəfər vakant dövlət qulluğu vəzifələrinə işə qəbul olunub, 124 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilib. Hazırda ehtiyat kadrlar siyahısında 350 nəfər var.

- Hazırda bütün dövlət orqanları üzrə Komissiyaya təqdim edilən vakant yerlərin sayı nə qədərdir? Bu, daha çox hansı dövlət orqanlarını əhatə edir?

- 2015-ci ilin avqust-noyabr aylarında elan edilmiş müsabiqələr üzrə müsahibələr 2016-cı ilin mart ayının 14-də yekunlaşıb. Bu müsabiqələrə 114 dövlət orqanı üzrə 1270 vakant vəzifə təqdim edilmişdi. Ən çox vakansiya Dövlət Sosial Müdafiə Fondunda - 278 vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsində - 155 vəzifə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində - 102 vəzifə, olub.

9 fevral 2016-cı il tarixli müsabiqəyə 5 dövlət orqanı üzrə 92 vakant vəzifə, 11 mart tarixli müsabiqəyə isə 71 dövlət orqanı üzrə 319 vakant vəzifə təqdim edilib. Bu müsabiqələr üzrə ən çox vakant vəzifə təqdim edən dövlət orqanları bunlardır: Dövlət Statistika Komitəsi - 75 vakant vəzifə və Mədəniyyət və Turizm Nazirliyi - 43 vakant vəzifə.

- Bəs bölgələrdə olan dövlət orqanlarında dövlət qulluğuna aid olan vəzifələrdən neçəsi boşdur?

- 2015-ci ilin avqust-noyabr aylarında elan edilmiş müsabiqələrdə 114 dövlət orqanı üzrə 1270 vakant vəzifənin 841-i regionları əhatə edib.

Bu ayın 11-də Komissiya yeni müsabiqə elan edib. Bu müsabiqəyə təqdim edilən 319 vakant dövlət qulluğu vəzifəsinin 219-u bölgələrdə olan vəzifələrdir. Növbəti elanlarda da regionlarda olan vakansiyaların müsabiqə və ya müsahibəyə çıxarılacağı gözlənilir.


- Bu il dövlət qulluğuna qəbulla bağlı şərtlərdə hansısa dəyişikliklərin olması gözlənilir?

- Bildiyiniz kimi dövlətin ali rəhbərliyinin dövlət qulluğu sahəsində müəyyən etdiyi siyasəti bizim Komissiya həyata keçirir. Dövlətimizin diqqəti, qayğısı və dəstəyi nəticəsində Komissiya dövlət qulluğuna qəbulun Azərbaycan modelini yaradıb. Bu model artıq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə mütərəqqi və səmərəli bir model kimi tanınır, qəbul edilir. Dövlət qulluğuna qəbulun Azərbaycan modeli bir çox dövlətlərin diqqət mərkəzindədir. Gürcüstan və Əfqanıstanın dövlət qulluğu siyasətini həyata keçirən qurumları dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə ölkəmizdə səfərdə olublar. Bu ilin martın 16-dan Kamboca nümayəndə heyəti də Azərbaycan modelini öyrənmək üçün ölkəmizdə işgüzar səfərdədir.
Komissiya dövlət qulluğuna qəbulun Azərbaycan modelini yaratmaqla kifayətlənmir. İslahatlar və yeniliklər davam edir. Bu yeniliklər tək dövlət qulluğuna qəbul sahəsini yox, həm də Komissiyanın ümümi fəaliyyətini əhatə edir. Tətbiq edilən yeniliklərdən biri vətəndaşlara Komissiya ilə canlı əlaqə yaratmaq imkanının yaradılmasıdır. Belə ki, vətəndaşlar Komissiyanın rəsmi internet saytı üzərindən əməkdaşlarla onlayn əlaqə vasitəsilə birbaşa ünsiyyət qura bilirlər. Vətəndaşlar eyni zamanda offlayn, yəni iş vaxtından sonra da istənilən zaman Komissiyaya sualla müraciət edə bilərlər. Onların sualları ertəsi gün cavablandırılır. Dövlət qulluğuna qəbul sahəsində hər hansı bir yenilik tətbiq edilən zaman bunu ilk bilən media nümayəndələri olacaq.

- Müəllimlərə və həkimlərə dövlət qulluqçusunun xüsusi statusunun verilməsi məsələsi vardı. Bu məsələnin həlli istiqamətində hansısa addımlar atılırmı?

- Müəllimlər və həkimlərə dövlət qulluqçusu statusunun verilməsinə gəlincə, onu deyə bilərəm ki, bu işlə məşğul olan qurumlar məsələ öz həllini tapan kimi mətbuata məlumat verəcəklər.

- Dövlət qulluğunda çalışmaqla yanaşı, təqaüd alan işçilərin sayı barədə statistika varmı?

- Həm təqaüd alan, həm də dövlət qulluğunda çalışanların sayı barədə statistik məlumatlar bizim Komissiyada yoxdur.

- Keçən il təqaüd yaşı çatdığına görə neçə dövlət qulluqçusu işdən azad olunub?

- Bildiyiniz kimi, dövlət qulluğunda son yaş həddi 65 yaş müəyyən olunub. Dövlət qulluqçusu bu yaşa çatdıqda işdən azad olunmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1-ci maddəsinə əsasən, 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti onun çalışdığı dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq 5 il ərzində uzadıla bilər.

2015-ci il ərzində bu maddənin tələbi əsasında işdən azad olunanların sayı 230 nəfərə yaxın olub.

- Bəs ötən il ərzində dövlət qulluğunda olan neçə nəfəri tutduğu vəzifələdən və dövlət qulluqçusu statusundan azad olunub?

- 2015-ci il ərzində 1600-dən artıq dövlət qulluqçusu işdən azad olunub.

- İşdən azad olunanlar daha çox hansı səbəblərlə dövlət qulluğundan uzaqlaşdırılıb?

- Onlardan təxminən 1020 nəfəri öz ərizəsi ilə işdən çıxıb. 230 nəfərə yaxın dövlət qulluqçusu isə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 32-1-ci maddəsinə əsasən yuxarı yaş həddinə çatdığına görə, 10 nəfəri həmin qanunun 25.2.6-ci maddəsinə əsasən, yəni intizam tənbeh tədbirləri nəticəsində işdən azad olunublar. Yerdə qalanları isə müxtəlif səbəblərlə - ixtisar, struktur dəyişikliyi, vəfat etmə, başqa dövlət orqanına keçmə və s. səbəblərlə işdən azad olunublar.

Geri dön