Ana Sayfa > Xəbər > Ankaradakı terror aktında kimin barmağı var? - ŞƏRHLƏR

Ankaradakı terror aktında kimin barmağı var? - ŞƏRHLƏR


14-03-2016, 12:05. Yazar: admin
Ankaradakı terror aktında kimin barmağı var? - ŞƏRHLƏR
Ötən gün axşam saatlarında Ankaranın mərkəzi Kızılay meydanı yaxınlığında partlayış baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb. Türkiyə Təhlükəsizlik Şurasının məlumatına görə, ilkin araşdırma bombalı hücumun PKK terror təşkilatı və ya ona bağlı qruplar tərəfindən törədildiyini deməyə əsas verir.

Hafta.az bir ay ərzində ikinci dəhşətli terror aktını yaşayan qardaş ölkədəki (yenə də Ankarada – T.T) terror aktı haqqında azərbaycanlı politoloqların fikirlərini təqdim edir.

Politoloq Fərhad Mehdiyev deyir ki, hadisənin baş verəcəyi haqqında amerikanlar əvvəlcədən məlumatlı olub:

“Amerika deyib keçməyin. Onlar hələ 11 martda demişdilər ki, diqqətli olun, terror hadisəsi ola bilər. Sadəcə, ünvanla bağlı bir az səhvə yol verdilər - Anıtkabirdə ola bilər dedilər. Bu sənə uzaqda olan Amerika, bu da sənə burnunun dibində partlayış törədilən MİT. Hökumət bütün polis təşkilatını paralel adıyla iflic vəziyyətə qoyanda bilməliydi ki, bunun axırı heç də yaxşı olmayacaq. 20 mindən çox polis passiv vəzifələrə göndərildi. Ölənlərə Allahdan rəhmət, təşkilatçılara da lənət olsun deyirəm”.

Politoloq Şahin Cəfərli isə hesab edir ki, bu cür hadisələrin baş verməsinin əsas səbəbi Türkiyənin təhlükəsizlik xidmətinin iflic vəziyyətdə olmasıdır: “Ərdoğan Putinlə o qədər yaxınlaşmışdı ki, rus kəşfiyyatı Türkiyədə at oynadırdı. Çeçen fəalları İstanbulun ortasında rahatlıqla öldürürdülər. Bu, şübhəsiz ki, Türkiyə siyasi rəhbərliyinin bilgisi və icazəsi daxilində edilirdi. Çünki bir dövlətin məxfi xidməti digər ölkənin ərazisində ardıcıl olaraq qətllər törədirsə, deməli, buna həmin ölkə özü şərait yaradır, göz yumur. İş o yerə çatmışdı ki, Allahın Emomali Rahmonu da Türkiyəyə killer göndərib, adam öldürtdürürdü. Tacik müxalifətçisi Kuvatovu İstanbulda həyat yoldaşı və balaca uşaqlarının gözləri önündə qətlə yetirmişdilər”.

Şahin Cəfərli həmçinin qeyd edir ki, hadisələrin gedişində başqa bir əcaiblik isə Türkiyəni Rusiyadan enerji asılılığına salmaq məsələsidir:

“Qazprom"la uzunmüddətli müqavilələr imzalanıb. Türkiyə təbii qaz ehtiyacının 60 faizə yaxınını Rusiyanın hesabına təmin edir ki, bu, həddən artıq təhlükəli bir durumdur. Müqayisə üçün deyim ki, Avropa Birliyi istehlak etdiyi qazın üçdə birini (33-34%) Rusiyadan alır və bu faizi aşağı salmaq üçün son illər çox ciddi iş aparır. İndi Türkiyəni idarə edənlərin strateji ağlını təsəvvür edin... Hələ bir "Türk axını" da çəkəcəkdilər. Yaxşı ki, təyyarə olayı baş verdi və ayıldılar”.

Politoloq Elxan Şahinoğlu isə Ankaradakı partlayışı Rusiyadakı bəlli xidmətlərin təlimatıyla həyata keçirildiyini iddia etmədiyini deyib:

“Ancaq onu iddia edirəm ki, Rusiyanın həmin xidmətlərinin PKK və Suriyadakı silahlı kürdlərə dəstəyi artıb və bunu gizlətmirlər. Rus mediası silahlı və terrora əl atan kürdləri qəhrəman kimi qələmə verir, Türkiyəni aşağılamaq və zəiflətmək üçün bütün imkanlarını səfər ediblər. Terrorçu yalnız bombanı partlatmaq üçün düyməyə basan şəxs deyil, həm də onun rəhbərlərinə təlimat və silah verən, rəqibinin ünvanını göstərən və partlayışı xəbərlərdən izləyib sevinən tərəfdir”.

Geri dön