Ana Sayfa > Xəbər > Ankara terroru: bu dəfə də PKK?

Ankara terroru: bu dəfə də PKK?


14-03-2016, 11:26. Yazar: admin
Ankara terroru: bu dəfə də PKK?
Ankarada ötən gün törədilmiş növbəti terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Bununla belə “Reuters”ə danışan Türkiyə təhlükəsizlik rəsmisi hücumu ya PKK-nın, ya ona bağlı qruplaşmalardan birinin həyata keçirdiyinə dair ciddi şübhələr olduğunu deyib.

Xəbərlərə görə, Ankaranın mərkəzində, Qızılay meydanında törədilən terror aktında istifadə olunan bomba yüklü ağ BMW avtomobilinin kürdlərin sıx yaşadığı Şanlıurfadan paytaxta gəldiyi təsbit edilib. Şahidlər deyiblər ki, avtomobil əvvəlcə Qızılay meydanı yaxınlığında çevik polis qüvvələrinin postuna doğru irəliləyib. Həmin vaxt postda 50-yə qədər çevik polis əməkdaşı olub. Lakin polislər avtomobildən şübhələniblər və ona tərəf atəş açıblar. Bu zaman BMW istiqamətini dəyişərək bələdiyyə avtobusuna çırpılıb və partlayış baş verib.

Terrorçuların bu dəfə də partlayışda oğurlanmış avtomobildən istifadə etdikləri üzə çıxıb. Avtomobilin sənədləri yaşlı qadına aiddir və bir müddət əvvəl oğurlanıb. 1995-ci ildə istehsal olunmuş, İstanbul nömrəli avtomobilin Diyarbəkirdə qeydə alındığı haqda da məlumatlar var. Təhlükəsizlik orqanlarındakı mənbələr terror hücumunu “böyük ehtimalla” PKK-ya bağlı TAK qruplaşmasının həyata keçirdiyini deyirlər.

Fevralın sonlarında PKK-nın Türkiyə təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində həyata keçirdiyi əməliyyatlara qisas olaraq 6 bomba yüklü avtomobillə terror planlaşdırdıqları barədə əməliyyat məlumatları olub. Polis Ankara və İstanbulda şübhəli avtomobilləri axtarıb, lakin belə görünür ki, terror aktının qarşısını bu dəfə də almaq mümkün olmayıb.

Geri dön