Ana Sayfa > Xəbər > “Rusiya Xəzərdən Azərbaycana niyə hücum etsin ki?” - “MURENA” HƏYƏCANI

“Rusiya Xəzərdən Azərbaycana niyə hücum etsin ki?” - “MURENA” HƏYƏCANI


7-03-2016, 12:42. Yazar: admin
“Rusiya Xəzərdən Azərbaycana niyə hücum etsin ki?” - “MURENA” HƏYƏCANI
Dünəndən mediada guya Kremlin Xəzərdən Azərbaycana hücum planlaşdırdığı barədə xəbərlər çoxalmaqdadır. Buna əsas səbəb Rusiya Müdafiə Nazirliyinin rəsmi “Zvezda” telekanalında yayımlanmış bir süjet olub. Həmin süjetdə Rusiyanın 2017-ci ildən Xəzərə “Murena” layihəli hava yastığı üzərindəki desant gəmisini buraxmaq planından bəhs edilib. Süjetdə bunun Xəzər regionunda həddən ziyadə zəruri olduğu bildirilir. Bəzi ekspertlərin fikrincə, “Murena” Xəzərə gələn ildən deyil, daha tez buraxıla bilər…

Ötən şənbə, martın 5-də isə rusiyalı jurnalist Andrey Şipilov özünə məxsus shipilov.com saytında dərc etdiyi “Rusiya Xəzər ölkələrinə müdaxilə hazırlığına başladı” adlı məqaləsində “Murena” layihəsinin hərbi parametrlərindən və məhz hansı ölkə üçün təhlükə təşkil etməsi ehtimalından bəhs edir. Qeyd edək ki, bəzi Azərbaycan saytları məqalənin adını təhrif edərək, onu “Rusiya Azərbaycana müdaxilə hazırlığına başladı” kimi təqdim edib. Məqalədə deyilir: “Murena” desant gəmisi nə deməkdir? Bu gəmi düşmənin sahilyanı ərazilərinin ələ keçirilməsi üçün nəzərdə tutulub. Üzərində 140 desantçı, bir tank və ya iki “BTR” apara bilər. Hava yastığındakı gəmi sahilə yaxınlaşır və oradan birbaşa canlı qüvvə və texnika çıxararaq döyüşə başlayır. Bununla yanaşı, gəminin hava hücumundan müdafiə sistemi desantları havadan dəstəkləyir, onun artilleriyası isə sahildəki müqavimət nöqtələrini məhv edir”.

“Dənizə buraxıması nəzərdə tutulan texnika tamamilə hücum xarakterlidir və onun yeganə təyinatı sahilyanı ərazilərin zəbt olunmasıdır” yazan rus müəllif Rusiya MN-in rəsmi telekanalındakı süjetdə “Bu gəmi hazırda Xəzərdə çox zəruridir” deyildiyini vurğulayaraq bir sualın açıq qaldığını bildirir: “Məhz hansı ölkənin ərazisi bu zərurətin hədəfidir?”. Andrey Şiplov bu sualı belə cavablandırır: “Xəzər dənizi Rusiyadan başqa 4 ölkənin - Qazaxıstan, İran və Azərbaycanın sahillərini yuyur. (Müəllif bilərəkdən, ya bilməyərəkdən Türkmənistanın adını çəkməyib - S.L.) Bu ölkələrdən hansının hücum hədəfi olacağını demək çətindir. İranla müharibə hazırda, çətin ki, Putinin planlarına daxil olsun. Amma başdan-ayağa Türkiyəyə bağlı olan Azərbaycanın hədəf olması tam mümkündür. Xüsusilə də xatırlamaq lazımdır ki, Rusiya Ermənistanı bir neçə yüz milyon dollar dəyərində silahla təchiz etməyə başlayıb… Nazarbayev də (Qazaxıstan prezidenti), yeri gəlmişkən, son zamanlar tam nəzarətdən çıxıb”.

Görəsən, Rusiya-Türkiyə münasibətlərinin kəskinləşməsi fonunda rəsmi Bakının Türkiyə HHQ ilə birlikdə 20 günlük “Turaz” təlimlərini keçmək üçün hərbi təyyarələrini qardaş ölkəyə göndərdiyi bir məqamda bu cür informasiyalar təsadüfdürmü? Və Rusiyanın Xəzərdən Azərbaycana hücum zərurəti nə dərəcədə vacibdir?
Milli təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, istefada olan polkovnik İlham İsmayıl hesab edir ki, “Murena”nın Azərbaycan üçün təhlükəsi bilərəkdən şişirdilir: “Əvvəla, qeyd etmək lazımdır ki, "Murena" desant gəmisinin Xəzər donanmasına verilməsi 2017-ci il üçün planlaşdırılır. Rusiya Xəzərdəki hərbi dəniz qüvvələrini daim yeniləndirir. Hətta demək olar ki, burada ən yaxşı təchiz edilmiş donanmadır. Rusiya Xəzər donanması vasitəsilə yalnız Xəzəryanı ölkələri deyil, az qala, bütün Yaxın Şərqi nəzarətdə saxlaya bilir. 2015-ci ilin 20 noyabrında Rusiya Xəzər donanmasının Lənkəran yaxınlığından Suriyanın müxtəlif şəhərlərinə endirdiyi raket zərbələrinin şahidi olduq. Bu baxımdan, Rusiyanın Azərbaycana məhz "Murena" vasitəsilə hücum edəcəyi fikri yanlışdır. Rusiya belə bir addım atmaq niyyətində olsa, "Murena"ya ehtiyac olmadan da mövcud dəniz qüvvələriylə istənilən Xəzəryanı ölkəyə hücum edə bilər. Bizim hərbi dəniz qüvvələrimiz də RF Xəzər donanması qarşısında, əlbəttə, zəif durumdadır. Digər tərəfdən, təbii sual yaranır ki, Rusiya Azərbaycana niyə hücum etsin? Azərbaycan nə daxili, nə xarici siyasətində Rusiyanın əleyhinə heç bir iş aparmır. Hətta belə bir tendensiya da yoxdur. Sadəcə, rus hərbi icmalçılarının şərhləri çox zaman planlı şəkildə ehiyatlandırma, xəbərdaredici, təhdidedici, qorxuducu xarakter daşıyır. Türkiyə ilə Rusiya arasında yaşanan gərginliyin fonunda Azərbaycanın Türkiyəyə mənəvi bağlılığını yaxşı bilən ruslar bu tip bəyanatları hələ tez-tez səsləndirəcək…”.

Xatırladaq ki, martın 1-dən Rusiya Xəzərdə 50 hərbi gəminin iştirakıyla irimqyaslı təlimlərə başlayıb…

Geri dön