Ana Sayfa > Xəbər > Deputatlardan prezidentə müraciət - Pərviz Həşimli üçün...

Deputatlardan prezidentə müraciət - Pərviz Həşimli üçün...


10-03-2015, 17:57. Yazar: admin
Deputatlardan prezidentə müraciət - Pərviz Həşimli üçün...
Bir qrup millət vəkili tanınmış jurnalist Pərviz Həşimlini əfv etməsi üçün prezident İlham Əliyevə müraciət ediblər.

Xəbəri moderator.az-a məhbus jurnalistin atası Kamran Həşimov verib.

K.Həşimov da prezident İlham Əliyevin humanzim prinsiplərinə olan sədaqətinə güvəndiyini və millətimizin ən müqəddəs bayramlarından olan Novruzda ölkə başçısının onun ailəsini sevindirəcəyinə ümid etdiyini bildirib.

Muraciətdə məhkəmədə qeyri-adekvat münasibətlə üzləşən insanların məsələsi ilə bağlı prezident İlham Əliyevin təşəbbüsü ilə İnsan Hüquqları üzrə Işçi Qrupunun yaradılmasından məmnunluq ifadə olunub.

Millət vəkilləri belə şəxslərdən birinin də Pərviz Həşimli olduğunu xatırladaraq vurğulayıblar ki, onu uzun illərdən bəri tanıyırlar. Deputatlar P.Həşimlini peşəkar bir jurnalist kimi xarakterizə ediblər. P.Həşimlinin 2 ilə yaxın həbsdə olmasını qeyd edən deputatlar onun himayəsində azyaşlı övladının, yaşlı valideynlərinin olmasını nəzərə alıb onu azadlığa buraxmasını ölkə başçısı İlham Əliyevdən xahiş ediblər.

Müraciətdə deyilir: "Hörmətli cənab prezident!

Sizin təşəbbüsünüzlə İnsan hüquqları problemləri üzrə Birgə İşçi Qrupunun yaradılması istintaq və məhkəmə orqanlarında qeyri-adekvat münasibətlə qarşılaşan vətəndaşlarımızın hüquqlarının təmin olunmasında sizin iradənizin göstəricisi sayılmalıdır.

Uzun illərdən bəri tanıdığımız jurnalist Pərviz Həşimli 2013-cü ildə həbs edilib. 12 il parlamentdə akkreditə olunmuş jurnalist kimi fəaliyyəti zamanı Pərviz Həşimli hər zaman milli və dövlətçilik maraqlarını üstün tutub. Onun özünün əfv olunmaq üçün sizə müraciətini, himayəsində azyaşlı övladının və yaşlı valideynlərinin olmasını nəzərə alaraq onu azad etməyinizi xahiş edirik".

Qeyd edək ki, müraciəti Milli Məclis üzvlərindən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Vahid Əhmədov, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli, Çingiz Qənizadə, Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov imzalayıblar.

Geri dön