Ana Sayfa > Xəbər > Miras davasının asan həll yolu…

Miras davasının asan həll yolu…


7-03-2016, 09:44. Yazar: admin
Miras davasının asan həll yolu…
Tanınmış bəstəkar Gövhər Həsən-zadə Konstitusiya Məhkəməsinə şikayət verərək Ali Məhkəmənin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Konstitusiyasının 29 və 60-cı maddələrinə və Azərbaycan qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş edib. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarından görünür ki, G.Həsən-zadə ilə İlham Əskərovun birgə nikahından 19 avqust 2003-cü il təvəllüdlü Nilgün Əskərzadə anadan olub. Aralarındakı nikah 24 may 2005-ci il tarixində pozulub. Sonradan İ.Əskərov Sevda Əskərova ilə nikaha daxil olub. 11 oktyabr 2012-ci il tarixdə İ.Əskərov vəfat edib. Bundan sonra G.Həsən-zadə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan N.Əskərzadənin İ.Əskərovun vərəsəsi kimi tanınması, Bakı şəhəri Bül-Bül prospekti ev 65 B ünvanında yerləşən 11 saylı mənzilə və iki ədəd avtomobilin hər birinə onun 1/3 hissədə payının tanınması və miras əmlakın bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Nəsimi rayon Məhkəməsinin 4 iyun 2013-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilib. İ.Əskərovdan miras qalan avtomobillərin hər birinə vərəsə kimi S.Əskərovanın 5/6 hissədə, N.Əskərzadənin 1/6 hissədə miras payları tanınıb. Amma iddia ərizəsi qalan hissədə rədd edilib.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı G.Həsən-zadənin apellyasiya şikayəti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib və yeni qətnamə qəbul edilib. Həmin qətnaməyə əsasən N.Əskərzadə İ.Əskərovun vərəsəsi kimi tanınıb və İ.Əskərovdan miras qalan avtomobillərin hər birinə vərəsə kimi S.Əskərovanın 5/6 hissədə, N.Əskərzadənin 1/6 hissədə payları müəyyən edilib.

Ali Məhkəmənin Mülki Kollegiyası 2 aprel 2014-cü il tarixli qərarı ilə G.Həsən-zadənin kassasiya şikayəti təmin edilməyib və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. Ərizəçi konstitusiya şikayətini onunla əsaslandırıb ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1133, 1146, 1147, 1151, 1162, 1193, 1243, 1245, 1261 və 1274-cü maddələri düzgün tətbiq edilməyib, Ailə Məcəlləsinin 32-ci maddəsi tətbiq edilməli olduğu halda tətbiq edilməyib, Mülki Prosessual Məcəllənin 9, 14, 77, 88, 218.3, 372.4, 372.5, 416, 417 və 418-ci maddələrinin tələblərinə əməl edilməyib.
Konstitusiya Məhkəməsi öz qərarında gəstərib ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat yaradır. Bu maddənin geniş şərhinə əsasən vərəsəlik hüququ vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da zəmanət verir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib çıxmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərib ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüququ institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.

Bu iş üzrə Konstitusiya Məhkəməsinin 20 aprel 2015-ci il tarixli qərarına görə, Gövhər Həsən-zadənin Sevda Əskərovaya qarşı, yetkinlik yaşına çatmayan Nilgün İlham qızı Əskərzadənin 11 oktyabr 2012-ci il tarixdə vəfat etmiş atası İlham Əskərovun vərəsəsi kimi tanınması və miras əmlakda onun 1/3 hissədə payının tanınması tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarı Azərbaycan Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Vərəsəlik-mülkiyyət hüququnun reallaşmasında önəmli institut

Bu qərardan da göründüyü kimi, nəinki aşağı instansiya məhkəmələri, hətta Ali Məhkəmədə belə vərəsəliklə bağlı işlərə baxarkən qanunvericiliyə tam əməl edilmir. Bəlkə də bu səbəbdəndir ki, miras mübahisələrini heç də hamı məhkəmə zallarında aparmır. Bəzən qardaş, bacı, qohumlar mülk üstündəki mübahisələrinı bıçaq, odlu silahla həll edirlər. Halbuki, bu miras mübahisələrinin olmaması, problemin daha sivil formada həlli variantını inkişaf etmiş ölkələrdə çoxdan tapılıb.

Bu gün inkişaf etmiş ölkələrin bu uğurları əldə etmə səbəblərini araşdırarkən ən çox önə çəkilən məsələ mülkiyyət hüququnun tanınmasının olduğunu görürük. Dövlət vətəndaşın mülkiyyət hüququnu tanıdığı və bu hüququn təmin olunmasına qarant olduğu zamandan cəmiyyətin inkişafı qarşısıalınmaz olub. Mülkiyyətin vərəsəlik yolu ilə ötürülməsi də dolayısı ilə bu hüququn təmin edilməsidir. Bu gün də demokratik ölkələrdə vərəsəliklə bağlı məsələlərə çox ciddi yanaşılır. Azərbaycanda həm milli adət-ənənələrlə bağlı olaraq, həm də vərəsəlik institutunun yeni tətbiq olunduğu üçün bu sahədə ciddi problemlər var. Bu sahədə vəziyyət Bakıya nisbətən bölgələrdə daha acınacaqlıdır. Bu da bir tərəfdən insanların bilgisizliyi ilə bağlıdırsa, digər tərəfdən isə adət-ənənələrlə əlaqədardır. Belə ki, guya adət-ənənələrə sadiqlik əsas götürülərək miras qoyan dünyasını dəyişdikdən sonra əmlakın bölgüsü ilə bağlı notariat orqanlarına müraciət edilmir. Amma bir müddət sonra həmin əmlaka görə vərəsələr bir-birinə düşmən olur. Halbuki, ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrini tənzimləyə biləcək yeni qanunlar qəbul edilir. Vəfat etmiş şəxsdən miras qalmış əmlakın onun vərəsələrinin adına rəsmiləşdirilməsi vərəsəlik hüquq normaları ilə nizamlanır. Bu baxımdan vərəsəlik hüququ önəmli bir institutdur.

Mirasın qəbul olunması müddətini və qaydasını bilmək çox önəmlidir

1964-cü ildə qəbul olunmuş Azərbaycan SSR Mülki Məcəlləsinin cəmi 41 maddəsi vərəsəlik hüquq münasibətlərinin tənzimlənməsinə həsr olunduğu halda yeni Mülki Məcəllənin 192 maddəsi məhz bu münasibətlərin nizama salınması ilə bağlıdır. Bu da ölkəmizdə vətəndaşlarımızın əmlak hüquqlarının qorunmasına yönəlmiş addımlardan biri kimi qiymətləndirilməlidir.

Mövcud qanunvericiliyə görə, vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə yazmayıb, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılıb. Miras fiziki şəxsin öldüyü gün və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Mirasın açıldığı yer miras qoyanın yaşadığı ünvan, bu məlum olmadıqda isə mirasın olduğu yer sayılır. Miras əmlaka isə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak, naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlakı idarə etməyə faktiki başladıqda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanun mirasın açıldığı gündən altı ay ərzində qəbul edilməsini özündə ehtiva edir. Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməlidir. Bu müddət üç aydan az olduqda isə üç ayadək uzadılmalıdır. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Mirası qəbul edib-etməməsi vərəsələrin öz iradəsinə bağlıdır. Qanunvericilikdə onların arzularına zidd heç bir məcburi qayda nəzərdə tutulmayıb. Lakin bəzən elə hallar olur ki, miras qoyanın vərəsələrinin mirasın qəbulu ilə əlaqədar hüquqi hərəkətləri vaxtında yerinə yetirməmələri onun qəbulu ilə bağlı müddətin buraxılması ilə nəticələnir. Ona görə də mirasın qəbul olunması müddətini və qaydasını bilmək çox önəmlidir.

“Hakimlərin bir çoxu vərəsəlik hüququ ilə bağlı kifayət qədər məlumatlı deyil”

Vərəsəlik hüququnun pozuntularını təsdiqləyən vəkil Müzəffər Baxışov məhkəmələrdə qanunvericiliyin düzgün tətbiq edilməməsindən şikayətlənir: “Harada yaşamasından asılı olmayaraq, hər bir övladın vərəsəlik hüququ tanınmalı və əmlak bölgüsü zamanı bu nəzərə alınmalıdır. Vərəsəlik hüququ ilə bağlı Azərbaycanda əhalinin də məlumatlılıq səviyyəsi aşağıdır. Azərbaycan məhkəmələrində işləyən hakimlərin özlərinin də bir çoxu vərəsəlik hüququ ilə bağlı kifayət qədər məlumatlı deyil. Çünki kimsə yaxşı hüquqşünas olduğu üçün hakim təyin edilmir. Bir-iki il əvvələdək hakimlər şəxsi münasibətlərə görə təyinat alırdı. Təəssüf ki, bu səbəbdən çox vaxt mirasın bölgüsündə Mülki Məcəllənin sözügedən müddəalarına əməl edilmir. Azərbaycanın bu sahədəki qanunvericiliyində müəyyən ziddiyyətli məqamlar var. Azərbaycandakı vərəsəliklə bağlı qanunvericilik Rusiyada eyni adlı qanundan köçürmədir”.

“Problemin həlli hakimlərin hazırlıq səviyyəsindən asılıdır. Hakim korpusu təkmilləşdirilməlidir. Hakimlər, tanışlığa, tapşırığa görə deyil, bilik və bacarığına görə seçilsə, onlara daha çox müstəqillik verilsə, vərəsəlik hüquqi ilə bağlı problem də həllini tapa bilər»-, deyə Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafa deyir.

Hüquqşünas Yaşar Ağazadə isə deyir ki, ədalətli qərarların verilməsi hakimlərin hazırlığından çox asılıdır: “Vərəsəlik elə bir sahədir ki, burada nəzərə alınmalı olan xırdalıqlar çoxdur. İşə baxan hakim təkcə vərəsəliklə bağlı yox, mülki hüquq sahəsində də hazırlıqlı olmalıdır. Bu səbəbdən məhkəmə hakimlərinin vərəsəliklə bağlı bilik və bacarıqlarının artırılması üçün təlim kurslarının və ya seminarların təşkil olunmasının zəruridir”.

“Miras əmlakın bölgüsü ilə bağlı yalnışlıqlara daha çox aşağı məhkəmə instansiyalarında yol verilir. Əsas problem müxtəlif dövrlərdə qüvvədə olan qanunun tətbiqi ilə bağlı olur. Əgər miras əmlakın qəbulu ilə bağlı işə baxılırsa, həmin dövrdə quvvədə olan qanununvericilik tətbiq olunmalıdır»-, deyə Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev bildirir.

Vərəsəlik hüququ ilə bağlı xarici təcrübə

Yazını hazırlayarkən bəzi xarici ölkələrin vərəsəlik hüququnun təmini ilə bağlı qanunvericilik təcrübəsini öyrənməyə çalışdıq. Məlum oldu ki, əksər inkişaf etmiş ölkələrdə miras qoymaqla bağlı vəsiyyətnamənin yazılması vacib məqamlardan biridir. Əksəriyyət vəsiyyətlərini sağ ikən edirlər. Qanunvericilikdə də bunun reallaşmasına imkanlar yaradılıb. Belə ki, İspaniyada vətəndaş 14, Sloveniyada və Çernoqoriyada 15, Fransa, Almaniya, Serbiya və Xorvatiyada isə 16 yaşına çatanda vəsiyyət qoymaq hüquq var. Həmin ölkələrdə mülkiyyət və miras məsələlərinə xüsusi diqqət ayrıldığından mirasın qoyulmasının formaları da müəyyən edilib. Amma mirasla bağlı məsələlər sırasında vəsiyyətnamənin qoyulmasına daha çox rast gəlinir. Avropa ölkələrinin təcrübəsində vəsiyyətnamənin qoyulmasının 3 ümumi forması var. Bunlardan biri əllə yazılan vəsiyyətanamədir (bu halda vəsiyyətnamə bütövlüklə vəsiyyət qoyan tərəfindən yazılmalı və imzalanmalıdır). Bu daha çox Almaniyanın, Polşanın və Bolqarıstanın qanunvericiliyində və təcrübəsində rast gəlinir. İspaniyanın qanunvericiliyi isə məsələni bir qədər də sadələşdirir. İspaniya qanunvericiliyi döyüş şəraitində hətta şifahi vəsiyyətnamənin qoyulmasına da yol verir.

İkinci forma rəsmi şəkildə yazılan vəsiyyətnamədir (bu halda vəsiyyətnamə notariusun köməyi ilə hazırlanır və notarius tərəfindən təsdiqlənməlidir). Bu forma bütün Avropa ölkələrinə xasdır. Bu formadan daha çox Fransada, Almaniyada, Böyük Britaniyada, xüsusilə də İsveçrədə tez-tez istifadə olunur.

Üçüncü forma isə gizli vəsiyyətnamədir (miras qoyan şəxs tərəfindən müstəqil şəkildə hazırlanır və saxlanılma üçün notariusa verilir). Gizli vəsiyyətnaməyə daha çox İtaliya və Fransa qanunvericiliyində rast gəlinir.

Göründüyü kimi, Avropa ölkələrinin qanunvericiliyi diqqəti mirasın bölüşdürülməsindən çox, vəsiyyətnamənin qoyulması üzərində cəmləşdirir. Məhz bu səbəbdən də Avropa ölkələrinin məhkəmə təcrübəsində miras uğrunda çəkişmələrə daha az rast gəlinir.

Problemin həllinin üç vacib amili

Təcrübə göstərir ki, vərəsəliklə bağlı problemin həlli bir-birindən asılı olan üç əsas məsələnin həllindən asılıdır. Bunlardan biri qanunvericiliyin təkmilləşdirilməsidirsə, digəri məhkəmə hakimlərinin vərəsəliklə bağlı bilik və bacarıqlarının artırılmasıdır. Üçüncü vacib amil isə əhalinin vərəsəliklə bağlı məlumatlandırılması məqsədi ilə maarifləndirmə işlərinin aparılmasıdır. Çünki hüquq sistemi o zaman normal fəaliyyyət göstərir ki, toplumun şüuru inkişaf edir, ənənələrə sadiqlik nümayiş etdirilir. Şüurun dəyişdirilməsi isə hüquqi islahatlar aparması ilə yanaşı, informativ xarakterli maarifləndirici işlərin görülməsi ilə bağlıdır. Yəni miras, vəsiyyətnamənin qoyulması məsələsi ilə bağlı informasiya kampaniyaları aparılmalıdır. İnsanlar biməlidirlər ki, onlar vəfat etdikdən sonra övladları, yaxınları miras uğrunda mübarizəyə başlayacaqlar. Bu mənada respublikamızda vəsiyyətnamə qoymaq mədəniyyətini də təbliğ etmək lazımdır. Bu həm miras üstündə gedən məhkəmə çəkişmələrini azaldar, həm də insanları mənəvi cəhətdən daha düzgün və daha məsuliyyətli yanaşmaya vadar edər.

Böyük mütəfəkkir Konfutsinin dediyi kimi hər şeyi qanunla idarə etmək olmaz, bir çox məsələlər toplum səviyyəsində həllini tapmalıdır.

Geri dön