Ana Sayfa > Xəbər > Bakıda "Xruşşovka"ların söküntüsü başladı

Bakıda "Xruşşovka"ların söküntüsü başladı


2-03-2016, 11:07. Yazar: admin
Bakıda "Xruşşovka"ların söküntüsü başladı
Dünən "Mikrorayon sakinləri binaların sökülməsinə razıdırlar" başlıqlı xəbərdə Bakıda "Xruşşov" layihəli çoxmənzilli binaların söküləcəyindən və sakinlərin bu ünvanda tikiləcək yaşayış binalarında yaşamaq arzusundan yazmışdıq.

Söküntü Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 390 ünvanından başlayıb. İş icraçıları sakinləri mənzillərindən köçürdükdən sonra, binanın sökülməsi prosesinə start veriblər. Söküntü işləri mənzillərin pəncərəsindən və qapılarının yerindən çıxarılmasından və daşınmasından start götürüb. Yaxın günlərdə əraziyə ağır texnika cəlb olunaraq bina tamamilə söküləcək.

İş icraçısından öyrəndik ki, köhnə, istismar müddəti keçmiş və insan həyatı üçün təhlükəli olan köhnə binanın yerində 16 mərtəbəli yaşayış binası tikiləcək. Müasir standartlara cavab verəcək bina liftlə təmin olunacaq və burada avtomobillər üçün dayanacaq inşa olunacaq. Binanın qeyri-yaşayış sahəsində isə sosial xidmət təşkilatları fəaliyyət göstərəcək. Müqavilənin şərtlərinə görə, bina tikildikdən sonra sakinlər həmin binada mənzillərlə təmin olunacaqlar.

Xatırladaq ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralin 16-da sahibkarlarla görüşündə Bakının doqquz mikrorayonundakı 5, 7 və 9 mərtəbəli köhnə binaların sökülməsi, yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlandığını bildirib.

K.Heydərov bildirib ki, konsepsiyaya əsasən bu binaların sakinlərinin yeni binalara köçürülməsi, həmin binaların yerində yenilərinin tikilməsi nəzərdə tutulur: "Yeni tikilən binalardakı əlavə sahələr hesabına tikinti şirkətləri xərclərini təmin edə, gəlir də götürə biləcəklər. Fövqəladə Hallar Nazirliyi də bu sahədə tikinti şirkətlərinə dəstək verəcək".

Geri dön