Ana Sayfa > Xəbər > Avropalı rəsmilər Bakıda toplanır

Avropalı rəsmilər Bakıda toplanır


29-02-2016, 15:11. Yazar: admin
Avropalı rəsmilər Bakıda toplanır
“Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”. ANS PRESS-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında çıxışında prezident İlham Əliyev deyib.

O, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirib. Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlət başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırıb, bu layihənin "Cənub Qaz Dəhlizi"nin reallaşmasında mühüm rol oynadığını bildirib.

Prezident İlham Əliyev qeyd etdi ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək.

O, Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirib, vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır. İ.Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu deyib, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirilir.

ANS PRESS-in məlumatına görə, iclasda Azərbaycan nümayəndələri ilə bərabər Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Həmçinin ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək nümayəndələri, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri qatılır. Toplantıda prezident İlham Əliyev də iştirak edir.

İclasda, həmçinin “Cənub” qaz dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti və digər şəxslər iştirak edirlər. Görüşdə Gürcüstanın energetika naziri Kaxa Kaladze də iştirak edir.

İclasda iştirak etmək üçün Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini bu gün Azərbaycana gəlir. Bu barədə İttifaqın Bakı nümayəndəliyindən məlumat verildi.

ANS PRESS-in Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin saytına istinadla verdiyi məlumata görə, Mogerini Bakı səfəri çərçivəsində prezident İlham Əliyev və Xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Onun həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəyi gözlənilir. Mogerini Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak etdikdən sonra martın 1-də Ermənistana səfərə gedəcək.

İrəvana səfəri çərçivəsində Ermənistanda ölkə prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan, parlamentdə müxtəlif siyasi partiyaların üzvləri, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Geri dön