Ana Sayfa > Xəbər > Tərtərli jurnalist: “Sərdar Həmidov əsl komandir, əsl icra başçısı kimi yadda qaldı”

Tərtərli jurnalist: “Sərdar Həmidov əsl komandir, əsl icra başçısı kimi yadda qaldı”


29-02-2016, 13:22. Yazar: admin
Tərtərli jurnalist: “Sərdar Həmidov əsl komandir, əsl icra başçısı kimi yadda qaldı”
“Bu gün hər bir tərtərlidə bir Sərdar Həmidov ehtiramı var. İnsanlar onu rayonun qoruyucusu hesab edir. Bunu rayonda istədiyiniz adamdan soruşsanız, eyni cavabı alarsınız. İki il əvvəl ermənilər yenidən cəbhədə hücuma keçəndə Bakıda Sərdar bəylə görüşüb müsahibə aldım“.

Bu sözləri Modern. az saytına tərtərli jurnalist, “Yeni Müsavat “ qəzetinin əməkdaşı Kənan Rövşənoğlu mərhum icra başçısı, Tərtər rayon özünümüdafiə batalyonunun komandiri olmuş Sərdar Həmidovla bağlı xatirələrindən danışarkən deyib.

Kənan Rövşənoğlu Sərdar Həmidovla bağlı təəssüratlarını danışarkən onun hər zaman insanlara, əsgərlərə mərdliklə can yandırdığını xüsusi vurğulayıb:

“Sərdar Həmidovu Tərtərdə uşaqdan böyüyə hamı tanıyır. Hər kəs üçün Tərtəri işğaldan qoruyan komandir və icra başçısıdır.
Savaş bizim yeniyetmə dövrümüzə düşdü, amma olanları izləyirdik. O zaman 90-cı illərin əvvəllərində Tərtərdə ermənilərə qarşı rayonun fəal insanları hərəkətə keçirdilər. AXC hakimiyyətə gəlməzdən əvvəl Tərtərdə silahlı birliklər qurulmuşdu, ermənilərə qarşı vuruşurdular. O zaman Sərdar Həmidov silahlı dəstə yaratmışdı. Sonra AXC hakimiyyəti zamanı icra başçısı təyin olundu və sorağı Ağdərədən gəlməyə başladı.
Uğurlu Ağdərə əməliyyatında onun adı əsas komandirlərdən idi. Eyni zamanda, onun savaş vaxtı əlinə silah götürüb əsgərlərin qabağında getməsi, döyüşçülərə can yandırması, şəhid ailələrinə özəl münasibəti vardı. Amma yalnız komandir kimi deyil, həm də icra başçısı kimi də müsbət insan olaraq yadda qaldı. Gənc adamları irəli çəkdi.
Bütün keçmiş döyüş adamları kimi də onda bir ideya var idi : “Torpaqlar azad edilsin “.

“Hətta qərarlaşdırırdım ki, bir gün onunla gedək Tərtərə, keçmiş döyüş yerlərindən xatirə yazıları hazırlayaq. Amma bu gün-sabah, o da qaldı. Hər insanın qiyməti onun əməlləri ilə ölçülür. Sərdar bəy vətənə, torpağa xidmət etdi, onun qorunması üçün əsl mübarizə apardı. Bu səbəbdən də o Qarabağ şəhididir. Allah rəhmət eləsin ” –deyə Kənan Rövşənoğlu bildirib.

Qeyd edək ki, 1992-1994-cü illərdə Tərtər rayonunun icra başçısı olmuş Sərdar Həmidovun xidmətləri nəticəsində Tərtər rayonu ərazisini tam şəkildə müdafiə edən bölgədir. Keçmiş Ağdərə rayonunun düşməndən azad edilməsi prosesində, döyüşlərin taktikasının hazırlanması və hərbi əməliyyatların aparılmasındakı xidmətlərindən dolayı Sərdar Həmidova Azərbaycanın o zamankı prezidenti Əbülfəz Elçibəy tərəfindən Fəxri Fərman verilmişdi. Müxtəlif vaxtlarda Sərdar Həmidova Milli Qəhrəman adının verilməsi ilə bağlı Qarabağ müharibəsinin iştirakçıları tərəfindən dövlət rəhbərliyinə müraciətlər olunub.

AXC hakimiyyəti dövründə icra başçısı işləmiş S.Həmidov 10 ilə yaxın həbsxana həyatı yaşayıb. Sərdar Həmidov 2004-cü ildə Azərbaycan prezidentinin əfv fərmanı ilə azadlığa çıxmışdı. O, keçmiş daxili işlər naziri İsgəndər Həmidovun qardaşı idi. S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.

Geri dön