Ana Sayfa > Xəbər > Xaçmazda ev quşlarının tələfatının səbəbi aşkarlandı

Xaçmazda ev quşlarının tələfatının səbəbi aşkarlandı


24-02-2016, 12:39. Yazar: admin
Xaçmazda ev quşlarının tələfatının səbəbi aşkarlandı
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Xaçmaz rayonunun Dədəli kəndində ev quşları, xüsusilə toyuq və hind quşları arasında kütləvi tələfatın qeydə alınması barədə məlumatı araşdırıb.

Bu barədə virtualaz.org saytına qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Y.Xanvəli bildirib ki, xidmətin əməkdaşları Dəbəli və ona qonşu olan Nağıoba, Baraxum kəndlərində, eləcə də Xaçmaz rayonunun digər ərazilərində araşdırmalar aparıb. “Aparılan araşdırmalar zamanı ev quşlarının kütləvi tələf olması faktına təsadüf edilməyib. Yalınız Dədəli kəndində tək-tək halda bir neçə ev quşunun tələf olması müəyyən edilib”, - deyə xidmət rəhbəri qeyd edib.

Quşlardan nümunələr götürülərək laboratoriyada müayinə edilib. Aparılan bakterioloji, toksikoloji və parazitoloji müayinələr zamanı nümunələrdə infeksion xəstəliklərin törədicisi aşkar edilməyib. Quşların askaridoz (qurd) xəstəliyindən tələf olması müəyyən olunub.

Tələf olmuş quşlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib və xəstəlik qeydə alındığı bildirilən həyət və toyuq hinləri dezinfeksiya edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

Geri dön