Ana Sayfa > Xəbər > Əfv Komissiyasının tərkibi dəyişdi - gözləntilər də dəyişəcəkmi?

Əfv Komissiyasının tərkibi dəyişdi - gözləntilər də dəyişəcəkmi?


22-02-2016, 10:22. Yazar: admin
Əfv Komissiyasının tərkibi dəyişdi - gözləntilər də dəyişəcəkmi?
Prezident İlham Əliyev Əfv Komissiyasının yeni tərkibinin təsdiq edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, əvvəlki heyətdən ibarət olan qurumun yeni tərkibində 6 yeni simanın da adı var. Ombudsman Elmira Süleymanova yeni tərkibdə təsdiqlənməyib.

Əfv Komissiyasında yer alan yeni üzvlər Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, deputat Bəxtiyar Əliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rəşad Məcid, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyevdir.

Əfv Komissiyasının öncəki tərkibində üzv kimi yer almış şəxslər Hüseyn Cavidin xatirə muzeyinin direktoru olmuş Turan Cavid, xalq şairi Zəlimxan Yaqub, xalq yazıçısı Vaqif Səmədoğlu, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Ağamusa Axundov, Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru, sabiq deputat Zahid Qaralov vəfat ediblər.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu QHT nümayəndələrinin də Əfv Komissiyasına salınmasının müsbət olduğunu bildirdi: “QHT-lərdən Əliməmməd Nuriyev yeni tərkibdə var. Çox dəyərli insandır. Ümid edirəm ki, onun köməkliyi ilə çox işlər görə bilərik. Əfv Komissiyasında yuxarı orqanlardan olan şəxslər yenidən qurumun üzvü kimi qalıblar. Sadəcə, bir neçə yeni deputat var. Keçmiş üzvlərdən biri rəhmətə getdi. İndiyə qədər komissiyasının bir çox üzvü ilə görüşlərimiz olub. Bu qurum çox vacibdir. Çox məhbusun doğrudan da məsələsini həll edə bilirik. Amma bildiyiniz kimi, istədiyimiz əfvi yalnız bir şəxs verə bilər. O da cənab prezidentdir. Siyasi məhbusların qərarı yalnız ölkə başçısına məxsusdur. Ona görə də, daim biz prezidentə müraciət edirik”.

Komissiyanın yeni üzvlərinin də fikirlərini aldıq. Hüquqşünas Əliməmməd Nuriyev ölkə başçısı tərəfindən ona ən böyük etimadın göstərildiyini qeyd etdi: “Bu etimad həm də böyük məsuliyyət yaradır. Prezidentin əfv hüququnun həyata keçirilməsində iştirak edəcəm - digər üzvlərlə birlikdə. Məhkumlarla bağlı bir sıra işlərin həyata keçirilməsində iştirakım olacaq. Çünki komissiyanın hər bir üzvü bu və ya digər formada fikirlərini bildirir. Əfv Komissiyası indiyə qədər çox səmərəli fəaliyyət göstərib. 60-dan artıq əfv sərəncamı imzalanıb. Bunun nəticəsində minlərlə insan azadlığına qovuşub. Bu həm də məhbuslara şans vermək imkanıdır.

Hər bir məhbusla bağlı müzakirədə öz töhfəmi verməyə çalışacam. Əfv Komissiyasının üzvləri sırasında Azərbaycanın görkəmli dövlət, ictimai-siyasi xadimləri var. Onlarla birlikdə işləmək diqqət tələb edir. Onların çoxları əvvəllər də komissiyasının üzvləri olublar. Bu baxımdan onların təcrübələrindən yararlanmağa çalışacam. Bu mənim üçün çox vacibdir. Baxmayaraq ki, hüquqşünasam, məhkumlarla işləyən şəxslərdən biri olmuşam, Ədliyyə Nazirliyinin yanında İctimai Komitənin üzvü kimi çalışmışam, amma hesab edirəm ki, bu tam başqa müstəvidir. Burada qərarların qəbuluna daha çox diqqət ayrılır. Eyni zamanda balansı qorumaq lazım gəlir. O balans ki, bir çox məhbus azad olunarkən, həm də zərərçəkmişin mövqeyini nəzərə almaq lazım gəlir. Ölkənin milli təhlükəsizliyi də burada diqqət tələb edir. Burada bir çox maraqların toqquşması var. Əsas iş odur ki, ədalətli olasan. Səs verəndə, fikir söyləyəndə bu nüanslar nəzərə alınmalıdır. Bunlara uyğun olaraq, fəaliyyətimi quracağam”.

Komissiyanın yeni üzvü siyasi məhbuslar məsələsinə də toxundu: “Bir çox şəxslər var ki, onlarla bağlı Əfv Komissiyasına müraciətlərdə pozitiv qərarların qəbul edilməsi xahiş olunub. Amma nəzərə alaq ki, komissiya kollegial qurumdur. Bu və ya digər şəxslə bağlı sadəcə fikrini bildirir. Son söz prezidentin qərarıdır. Ölkə başçısı daim söyləyir ki, o, hər kəsin prezidentidir. İndiyə qədər verilən əfv sərəncamları onu göstərir ki, o, hər kəsin prezidentidir. İnanıram ki, proses eyni qaydada davam edəcək. Bir çox şəxslərin prezidentin sərəncamı ilə azadlığa qovuşacaqlarına inanıram”.

Rəşad Məcid isə, onun namizədliyini irəli sürən şəxslərə təşəkkür etdi: “Sərəncama görə, cənab prezidentə minnətdarlığımı bildirirəm. Bu, böyük etimaddır. Əfv Komissiyasının qərarlarına ictimaiyyətin daim marağı olub. Özüm media işçisi kimi, hər əfv sərəncamında ictimaiyyətin həssas münasibətinin şahidi olmuşam. Bu mənada belə bir komissiyada təmsil olunmağı böyük etimad hesab edirəm. Eyni zamanda bunu böyük məsuliyyət sayıram. Mənə göstərilən böyük etimada layiqincə cavab verəcəm. Açığı, mənim üçün böyük sürpiz oldu. Belə bir komissiyada təmsil olunacağım barədə xəbərlər eşidəndə təəccübləndim. Bu etimadı doğrultmağa çalışacam”.

Geri dön