Ana Sayfa > Xəbər > Dünya ölkələrinin hərbi xərcləri - Azərbaycan Ermənistanı 9 dəfə üstələyir - SİYAHI

Dünya ölkələrinin hərbi xərcləri - Azərbaycan Ermənistanı 9 dəfə üstələyir - SİYAHI


13-04-2015, 12:45. Yazar: admin
Dünya ölkələrinin hərbi xərcləri - Azərbaycan Ermənistanı 9 dəfə üstələyir - SİYAHI
Beynəlxalq Stokholm Dünya Problemlərinin Tədqiqi İnstitutu qlobal silah ticarəti və ölkələrin hərbi sahəyə ayırdığı xərcləri göstərən yeni hesabat dərc edib.
Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, hesabatda Azərbaycanın hərbi xərclərinin 3,7 milyard dollar, Ermənistanda isə analoji xərclərin 472 milyon dollar olduğu göstərilib.
Ümum Daxili Məhsul istehsalı ilə müqayisədə hərbi sahəyə sərf edilən vəsaitə görə Azərbaycan (4,9 faiz) və Ermənistan (4,1 faiz) ilk 20 ölkə arasındadır. Bu göstəriciyə görə, Oman (hərbi xərclər ÜDM-un 11,8 faizi) dünya lideridir. Qonşu dövlətlərdən Gürcüstan 2014-cü ildə 430 milyon dollar, İran 5,9 milyard dollar, Türkiyə 22,6 milyard dollar hərbi xərclərə vəsait ayırıb.

2014-cü ili əhatə edən hesabat dünyada hərbi sahəyə ayrılıan xərclərin yarısının üç ölkənin – ABŞ-ın (34 faiz), Çinin (12 faiz) və Rusiyanın (4,8 faiz) payına düşdüyünü göstərir.

Hesabatdan aydın olur ki, Rusiya 2013-cü illə müqayisədə 2014-cü ildə hərbi xərclərini 8,1 faiz artıraraq 84,5 milyard dollar, yaxud Ümum Daxili Məhsulun 4 faizi səviyyəsinə çatdırıb. Stokholm İnstitutu Ukraynadakı böhrana görə Rusiyanın hərbi xərclərini 5 faiz azaltmağa məcbur olduğunu göstərir.

2014-cü ildə şimal qonşumuz 15 milyard dollar dəyərində silah ixrac edib.

Hərbi xərclərə görə, dünya birincisi olan ABŞ isə 2014-cü ildə hərbi büdcəsini 6,5 faiz ixtisar etməli olub.

“Buna baxmayaraq, bu sahədə ABŞ tarixi rekordunun astanasındadır və 80-ci illərin sonundakı hərbi xərclərinin pik vaxtına yaxınlaşıb”, - hesabatda qeyd edilir.

Ümumilikdə, 2014-cü ildə ABŞ hərbi xərcləri üçün 610 milyard dollar, yaxud ÜDM-nun 3,5 faizini xərcləyib.

Bu göstəriciyə görə 3-cü dünya ölkəsi olan Çin isə hərbi xərclərini iqtisadi inkişaf templəri ilə paralel artırıb. Uzun illər həmin xərclər ÜDM-un 2-2,2 faizini təşkil etsə də, son illər rəqəmlər artaraq ÜDM-in 9,7 faizini, yaxud 216 milyard dollar təşkil edib.

Hesabat Ukrayanın hərbi xərclərinin də artdığını fiksasiya edib.

“2014-cü ildə Ukraynanın hərbi xərcləri 23 faiz artıb və təxminən 4 milyard dollar təşkil edib. Bu rəqəmlər çox güman ki, bütün müharibə xərclərini nəzərə almır və yekun rəqəm bir qədər yüksəkdir”.

Ötən il dünyada hərbi sahəyə dövlətlərin ayırdığı ümumi vəsait 1 trilyon 776 milyard dollar olub. Bu göstərici 2013-cü illə müqayisədə 0,3 faiz azdır və qlobal ÜDM-in 2,4 faizindən ibarətdir.
Maraqlıdır ki, artıq 3 ildir dünyada hərbi xərclər azalır. ABŞ və Qərbi Avropada hərbi xərclər azalsa da, bu, Şərqi Avropa, Asiya, Okeaniya, Afrika və Yaxın Şərq ölkələrinin hesabına kompensasiya olunur. Beynəxlalq Stokholm Dünya Problemlərinin Tədqiqi İnstitutu Ukrayna böhranı şəraitində Skandinaviya, Baltikyanı və Mərkəzi Avropa ölkələrinin silahalanmaya diqqətini artırdığını müşahidə edir. Səudiyyə Ərəbistanı bu sahədə özünəməxsus rekord vuraraq xərclərini 17 faiz artırıb.

Avropada hərbi xərcləri ən çox Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya çəkir. Onlar 2015-ci ildə az da olsa, xərcləri azaltmağı planlaşdırır. Amma Almaniya yaxın perspektivdə silahlanmanı artıracağını elan edib.

Modern.az saytı Stokholm İnstitutunun hesabatları əsasında dünyada ən çox hərbi xərcləri olan ölkələrin qlobal silah xərclərindəki payını faizlə və dollarla göstəricisi ilə təqdim edir.

1. ABŞ - 34 faiz (610 milyard dollar)
2. Çin - 12 faiz (216 milyard dollar)
3. Rusiya - 4,8 faiz (84,5 milyard dollar)
4. Səudiyyə Ərəbistanı - 4,5 faiz (80,8 milyard dollar)
5. Fransa - 3,5 faiz (62,3 milyard dollar)
6. Böyük Britaniya - 3,4 faiz (60,5 milyard dollar)
7. Hindistan - 3,8 faiz (50 milyard dollar)
8. Almaniya - 2,6 faiz (46,5 milyard dollar)
9. Yaponiya - 2,6 faiz (45,8 milyard dollar)
10. Cənubi Koreya - 2,1 faiz (36,7 milyard dollar)
11. Braziliya - 1,8 faiz (31,7 milyard dollar)
12. İtaliya - 1,7 faiz (30,9 milyard dollar)
13. Avstraliya - 1,4 faiz (25,4 milyard dollar)
14. Birləşmiş Ərəb Əmirlikləri - 1,3 faiz (22,8 milyard dollar)
15. Türkiyə - 1,3 faiz (22,6 milyard dollar)

Geri dön