Ana Sayfa > Xəbər > Yanvar ayında Bakı- Ceyhan kəməri vasitəsilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub
Yanvar ayında Bakı- Ceyhan kəməri vasitəsilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub4-02-2016, 16:47. Yazar: admin |
Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2.288.590 ton Azərbaycan nefti nəql olunub. Virtualaz.org saytı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvarından 7% azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən (2006-cı il) 2016-cı il fevralın 1-nə qədər BTC-yə 294.963.979 ton neft vurulub. Bundan başqa, bu ilin yanvar ayında BTC kəməri ilə 358.533 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədədir. Hazırda BTC boru kəməri ilə Azərbaycandan əsasən AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. "BTC Co."nun səhmdarları isə BP (30,10%), AzBTC (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "İtochu" (3,40%), "Inpex" (2,50%), CİECO (2,50%) və ONGC (2,36%) şirkətləridir. Geri dön |