Ana Sayfa > Xəbər > Stepan Razinin məhv etdiyi I Şah Abbas Səfəvinin şəhəri (FOTOLAR)

Stepan Razinin məhv etdiyi I Şah Abbas Səfəvinin şəhəri (FOTOLAR)


13-04-2015, 09:29. Yazar: admin
Stepan Razinin məhv etdiyi I Şah Abbas Səfəvinin şəhəri (FOTOLAR)
Mazandaran əyalətində səfərdə olan Azərbaycanlı jurnalist qrupu Sari şəhərinin 28 km-də yerləşən Fərəhabad yaşayış məntəqəsindəki Şah Abbas mədrəsə-məscid tarixi abidə kompleksini ziyarət ediblər. Bu məkan XVI əsrin sonunda Səfəvilər dövlətinə I Şah Abbas rəhbərlik etdiyi dövrdə abadlaşdırılıb və məşhurlaşıb.

I Şah Abbas Səfəvi dövlətinin şimal-şərqdən yadelli hücumlardan müdafiə olunması məqsədlə Xəzər dənizi sahilində yeni bir şəhər salmaq qərarına gəlir. Yadellilərdən qorunmaq üçün əlverişli məkan kimi Tahan kəndi seçilir. XVI əsrin sonu XVII əsrin əvvəllərində I Şah Abbas saraylar, mədrəsələr, qəsrlər və dükanlar tikdirir. Bu kənd qısa bir zamanda abadlaşdırılır və ticarət mərkəzinə çevrilir. Burada aparılan abadlıq işləri I Şah Abbasda fərəh hissləri oyatdığından bu məkanın adı Fərəhabad adlandırılır. Yaşayış məkanı qısa bir zamanda bölgənin ən iri ticari mərkəzi olmaqla yanaşı ipək yolu üzərində yerləşən bir mərkəzə çevrilir. Şəhər salınarkən vaxtilə Səfəvilərin paytaxtı olan İsfahanın Nəqşe-Cahan meydanındakı tarixi–memarlıq üslubu buraya tətbiq edilib. Buradakı abidələrlə İsfahanın Nəqşe-Cahan meydanındakı abidələr eyni üslubda və vaxtda tikilib.

Fərəhabad dövrünə görə elə bir ad-san qazanır ki, hətta avropalı səyyahlar belə bu şəhər haqqında təriflər söyləyir. XVII əsrdə bu şəhərdə olan italiyalı məşhur səyyah Pyetro della Valle şəhəri dövrünün Konstantinopolu və Roması ilə müqayisə edir. Şəhər qala divarları ilə mühafizə olunub. Divarın uzunluğu 6 km olub. Amma şəhərin xoş günləri çox çəkməyib. Belə ki, XVII əsrin sonunda II Şah Abbas dövründə Stepan Razinin başçılığı ilə Volqa boyu Kazakların hücumu nəticəsində bu şəhər viran edilib. Şəhər əhli qılıncdan keçirilib və yandırılıb.

Şəhərdə Şah Abbasın tikdirdiyi bir çox abidələr bu günə qədər qalmaqdadır. İndiyə kimi qorunub saxlanan və tarixi-memarlıq baxımından əzəməti ilə seçilən Şah Abbas məscid-mədrəsə kompleksidir. Bu kompleksdə dövründə din tədris olunub və məscid kimi istifadə olunub. İndiyə qədər mədrəsədə təhsil alan tələbələr üçün hücrələr, hamam kompleksi bu günə kimi dağılmamış formada qalmaqdadır.

Şəhərdə Şah Abbas və Türkmən körpüsünün izləri qalmaqdadır. Rəvayətə görə, I Şah Abbas Fərəhabad şəhərində dünyasını dəyişib, cənazəsi Ərdəbilə aparılaraq orada dəfn olunub.

Stepan Razinin məhv etdiyi I Şah Abbas Səfəvinin şəhəri (FOTOLAR)
Stepan Razinin məhv etdiyi I Şah Abbas Səfəvinin şəhəri (FOTOLAR)
Stepan Razinin məhv etdiyi I Şah Abbas Səfəvinin şəhəri (FOTOLAR)
Stepan Razinin məhv etdiyi I Şah Abbas Səfəvinin şəhəri (FOTOLAR)

Geri dön