Ana Sayfa > Xəbər > Kiçik çillə - “qışın oğlan çağı” başladı...

Kiçik çillə - “qışın oğlan çağı” başladı...


1-02-2016, 09:38. Yazar: admin
Kiçik çillə - “qışın oğlan çağı” başladı...
Yanvarın 31-dən etibarən Azərbaycan ərazisində qeyri-rəsmi təqvimə görə qışın oğlan çağı - kiçik çillə başlayıb. Daha mülayim olan böyük çillədən fərqli olaraq 20 gün davam edən kiçik çillə adətən sərt şaxtalarla müşahidə olunur.

Həmişə sərt soyuğuna görə kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Bir çox hallarda “qış”ın əvəzedicisi kimi işlənən “çillə” sözü dərd-bəla, ağrı-acı, çətinlik, müşkül anlamındadır. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır. El arasında “qışın oğlan çağı” adlandırılan bu dövrdə havaların mütləq kəskin şəkildə soyuyur. Əski inanclara görə, böyük çillə ilə kiçik çillə qışın tən ortasında görüşür. Mövsüm və mərasim adətlərini ifadə edən folklor mətnlərindən birində bu cür maraqlı bir qeyd edilir: “Kiçik çillə böyük çillədən soruşur, nə gördün? Böyük deyir ki, dolu samanlıqlar, yağ küpələri, qollu-biləkli qarılar təndirə çörək yapırdı. Kiçik deyir, eybi yox, ömrüm 20 gün də olsa, mən o qarıları külfədən soxub bacadan çıxaracağam. Dolu samanlıq və yağ küplərini isə tükədəcəm. Ömrüm az, dalım yaz...”

Ümumiyyətlə, qeyri-rəsmi təqvimə görə, qış fəsli 3 yerə - böyük çillə, kiçik çillə və Boz aya bölünür. Böyük çillə 40 gün, kiçik çillə isə 20 gün çəkir. Dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə davam edir. Kiçik çillənin başa çatması ilə havalar tədricən isinməyə doğru gedəcək. Kiçik çillədən sonra Novruzadək qalan 30 gün, daha dəqiq desək, fevralın 20-dən martın 20-dək olan dövr boz ay adlanır. Boz ay isə martın 20-də başa çatacaq və çərşənbələr gələcək. Elə hava da çərşənbələrə görə dəyişəcək - Su, Od, Yel və Torpaq.

Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında “çillə qovan tonqal” deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə “çillə çıxartma”, “çillə kəsmə” adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi “çillə” obrazında folklor biçimi qazandığını göstərir. Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

İnanclara görə, kiçik çillə yarı olanda, yəni haradasa fevralın 8-10-u arası Xıdır Nəbi mərasimi keçirilir. Bu mərasim xalqın min illik ənənələrində yaşadılır. Bu bayram Azərbaycanda Xızır Nəbi bayramı, İranda Əhli-haqq zümrələri arasında Zati Mutlaq (Hz. Əli) şərəfinə Əli-Heydər adıyla, Təbriz ətrafındakı Qızılbaşlar zümrəsində isə yenə də Xızır Nəbi bayramı adı ilə tanınır. İnanca görə, bu mərasim hər evdə, hər ailədə qeyd olunmalı, məclis qurulmalı, süfrələr açılmalıdır. Xıdır, yaxud Xızır mifoloji düşüncədə əbədiyyət bəxş edən dirilik suyunu tapıb, içdiyinə görə peyğəmbərlik səviyyəsinə yüksələn “Nəbi” kimi qəbul edilib və xalqın şifahi yaddaşında müsbət, xeyirxah, insana uğur gətirən bir obraz kimi əks olunur.

“Xıdır Nəbi” mərasimi üç gün davam edir. Mərasimin birinci günü Xan Xıdır, ikinci günü Rəiyyət Xıdır, üçüncü günü isə Çillə Xıdır kimi qeyd olunur. Bu mərasim erkən əkinçilik təsəvvürləri ilə bağlı yaranan Novruzqabağı mərasimlərə daxildir və əsas amalı, məqsədi insanların qışdan salamat çıxmasını, üzləşdikləri çətinliklərə sinə gəlməsini, yazın gəlişini gözləməsini əks etdirməkdir.

Geri dön