Ana Sayfa > Xəbər > Deputatdan Bakıdakı dəhşətli yanğınla bağlı İTTİHAM: “Bu hadisəyə sevinənlər var”
Deputatdan Bakıdakı dəhşətli yanğınla bağlı İTTİHAM: “Bu hadisəyə sevinənlər var”11-04-2015, 12:50. Yazar: admin |
Millət vəkili Fazil Mustafa Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasında baş vermiş dünənki yanğın hadisəsinin paytaxtda yenidən təkrarlanacağını bildirib. Modern.az saytının məlumatına görə, bu hadisəyə görə sözügedən binanı oda davamsız materiallarla üzləyən aidiyyatı təşkilatları və şəxsləri günahlandırıb. Fazil Mustafanın sözlərinə görə, oda davamsız materiallarla üzlənmiş Bakının bütün köhnə binalarının bu cür yanma risqi var: “Nobel prospektində 9-mərtəbəli binanın yanıb kül olması təsadüfi hadisə deyil. Vətəndaşların bu cür izdirabını görmək üzücüdür. Kiminsə axmaq metodlarla pul qazanması üçün bu qədər insanı belə ağır bir problemlə üz-üzə qoydular. Yadıma Qabriel Qarsia Markesın illər öncə oxuduğum "Gözlənilən bir qətlin tarixçəsi" əsəri düşdü. Hamı bu qətli gözləyirdi, bilirdilər ki, Santyaqo Nasarı öldürəcək, ancaq önləmək üçün tədbir görməyi düşünmək o əyalət qəsəbəsinin sakinləri üçün yad idi. Çünki hamının başı pul qazanmağa qarışmışdı. Oda davamsız materiallarla üzlənmiş Bakının bütün köhnə binalarının bu cür yanma risqi olduğunu ağlı başında olan hər kəs bilir. Xüsusilə də intensiv küləyin olduğu şəhərdə bu risq daha da artır. Ancaq nə etməli? Kiminsə gətirdiyi mal əlində qalmayacaq ki?.. Hələ bəlkə də bu hadisəyə sevinənlər də tapılacaq... Aha, təmir pulunu xərcləməyə bir bina da gəldi! Hələ bir açıqlama da verirlər ki, "zərərçəkmiş ailələrdən kim istəsə, sığınacaqla təmin olunacaq". Görəsən bu "istəsə" sözünü təmir etməzdən öncə bina sakinlərindən soruşmaq olmazdımı? Yəni "siz vətəndaşlar istəyirsinizmi bu oda davamsız materialdan binanızı üzləyək?" sualını verən olubmu? Gec də olsa, bütün bu tipli yanğın risqi olan səfeh üzləmə kampaniyası dərhal dayandırılmalı, oda davamsız materialdan üzlənmiş binaların təhlükəsizliyi barədə ciddi tədbirlər görülməlidir”. Geri dön |