Ana Sayfa > Xəbər > Gömrükdən gülməli qadağa

Gömrükdən gülməli qadağa


11-04-2015, 11:57. Yazar: admin
Gömrükdən gülməli qadağa
«Avro-4»ə uyğun olmayan avtomobillər üçün ehtiyyat hissələrinin gətirilməsinə qadağa qoyulması qanunsuz addımdır.

Son günlər gömrük orqanları rəhbərliyinin mətbuatda maraqlı bəyanatı yayılıb.

Avtosfer.az-ın məlumatına görə, bəyanatda deyilir ki, ölkəmizə “Avro-4” ekoloji standartına uyğun gəlməyən avtomobillərin və belə avtomobillər üçün ehtiyat hissələrinin idxalının qarşısını almaq üzrə əlavə tədbirlər görüləcək.

Bu bəyanatın birinci hissəsi ilə bağlı hər şey qaydasındadır. Doğurdan da, Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli Qərarı ilə ölkəmizə “Avro-4” ekoloji standartına uyğun gəlməyən daxili yanma mühərrikli avtomobillərin idxalı 1 aprel 2014-cü ildən qadağan edilib. Bəyanatdakı 2-ci məsələ isə anlaşılan deyil və bu, çoxsaylı avtomobilçilər arasında çaşqınlığa səbəb olub. Oxucularımızın marağını və bununla bağlı bizə ünvanlandıqları suala cavab olaraq bildiririk ki, ölkəmizə "Avro-4" standartına uyğun gəlməyən avtomobil detallarının idxalı ilə bağlı hər hansı qadağa mövcud deyil. Bu səbəbdən belə detalların idxalını heç kəs məhdudlaşdıra bilməz.

Məlumat üçün bildiririk ki, “Avro-4” ekoloji standartı həm hazır avtomobillərə, həm də avtomobillər üçün daxili yanma mühərrikinə aiddir. Lakin Nazirlər Kabinetinin qeyd etdiyimiz qərarında yalnız avtomobillərin idxalından danışılır. Ona görə də hətta Avro-4” standartına uyğun olmayan avtomobil mühərriklərinin də ölkəmizə gətirilməsi qadağan deyil. Digər tərəfdən, avtomobillərin minlərlə digər detal və ehtiyat hissələri mövcuddur. Həmin hissələrdən bəziləri “Avro-4” standartlı mühərriklərin komplektləşdirilməsi üçün nəzərdə tutula bilər, lakin bütövlükdə həmin hissələr üçün bu standartın heç bir aidiyyəti yoxdur.

Əlavə olaraq bildiririk ki, ölkəmizin daxilində istismarda olan avtomobillər üçün hələ ki, Avro ekoloji standartları tətbiq edilməyib və sovet dövründən qalan ekoloji standartlar qüvvədədir. Belə olan halda ölkəmizin avtomobil parkını təşkil edən avtomobillər üçün detalların və ehtiyat hissələrinin gətirilməsinə hər hansı ekoloji standartın tətbiqi məntiqsizdir və mümkün deyil. Belə bir məhdudiyyətin qoyulması ölkəmizin daxili avtoparkını iflic edə bilər. Ona görə də avtomobil həvəskarlarının avtomobillər üçün ehtiyat hissələrinin və detalların gətirilməsində problemlər yaranacağı barədə narahatlığına heç bir yer yoxdur.

Geri dön