Ana Sayfa > Xəbər > Vergilər naziri qanunsuzluqla üzləşən sahibkarlara müraciət edib

Vergilər naziri qanunsuzluqla üzləşən sahibkarlara müraciət edib


26-01-2016, 15:05. Yazar: admin
Vergilər naziri qanunsuzluqla üzləşən sahibkarlara müraciət edib
Vergilər naziri Fazil Məmmədov vergi sahəsində qanunsuzluqlarla üzləşən sahibkarları Vergilər Nazirliyinə, Baş Prokurorluğa və məhkəmələrə müraciət etməyə çağırıb.

APA-nın məlumatına görə, bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqrammı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən vergi sahəsi üzrə seksiyada çıxış edən nazir deyib ki, Vergi Məcəlləsinin 60-cı maddəsi mübahisəli hallarda sahibkarların lehinə qərar çıxarılmasını özündə ehtiva edir. "Heç kim qanunla hesablanan vergidən əlavə sahibkardan əlavə vergi tələb edə bilməz", - deyə F. Məmmədov bildirib.

Nazir 2015-ci ildə sahibkarların 907 milyon manatlıq verginin qanunsuz alınması iddiası ilə bağlı məhkəmələrə müraciət etdiyini xatırladıb: "Bu iddialar üzrə 97% vəsaitin ya tam, ya da qismən qanuni vergi olması barədə qərar verilib, yalnız 3% vəsaitlə bağlı fərqli qərar çıxarılıb. Mən bir daha əlavə, qanunsuz vergi alındığını düşünən sahibkarlardan xahiş edirəm ki, Vergilər Nazirliyinin Apelyasiya Şurasına, Baş Prokurorluğa, yaxud məhkəmələrə müraciət etsinlər. Əgər haqlıdırlarsa, onların hüquqları bərpa olunacaq".

Geri dön