Ana Sayfa > Xəbər > “Şok devalvasiya”nın 1 ayı tamam oldu

“Şok devalvasiya”nın 1 ayı tamam oldu


21-01-2016, 17:02. Yazar: admin
“Şok devalvasiya”nın 1 ayı tamam oldu
Azərbaycanda manatın dəyərdən düşməsilə nəticələnmiş sonuncu “şok devalvasiya”nın bu gün 1 ayı tamam olur. Yəqin xatırlatmağa ehtiyac yoxdur ki, milli valyuta 2015-ci ilin 21 dekabrında 48 faizlik devalvasiyaya uğrayıb.

Bundan əvvəl isə elə yenə də 2015-in 21 fevralında manat dollar qarşısında 35 faiz ucuzlaşmışdı.

2015-ci ildə Azərbaycan milli valyutası devalvasiyaya uğrayan MDB dövlətləri arasında lider oldu.

Bu gün 21 yanvar tarixini yaşayırıq. Geridə qalan bir ay Azərbaycan iqtisadiyyatına, cəmiyyətə hansı təsirlərilə yadda qaldı?

Modern.az saytının sualını deputatlar cavablandırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, milli valyutanın məzənnəsinin aşağı düşməsinin fəsadları bu gün istənilən sahəyə öz təsirini göstərməkdədir:

“Nəticədə Azərbaycana daxil olan neft gəlirlərinin həcmi kəskin azalıb. Devalvasiya ilə əlaqədar Azərbaycanın daxili bazarında 30-50 faizlik ciddi qiymət artımları var. Bütün bunlar əhalinin sosial şəraitinə mənfi təsir göstərir. Həmçinin, bank sistemində ciddi pul-kredit çatışmazlığı var, hansı ki, hazırda Mərkəzi Bankda bu tip məsələlərin həlli yollarına baxılır.

Ümumiyyətlə, istənilən halda dünyanın hər hansı bir ölkəsində devalvasiya baş verəndə kimsə onu nə tərifləyir, nə də şeir həsr edir. Bu elə haldır ki, bütün ölkələrdə mənfi qarşılanır, insanların yaşayışına, dövlətin iqtisadiyyatına mənfi yöndə təsir göstərir.

Ona görə də cənab prezident İlham Əliyev təcili müşavirələr keçirib, ciddi göstərişlər verib ki, qısa zamanda devalvasiyanın ziyanlarını minimuma endirək.

Devalvasiya əhalinin bütün sferalarına öz təsirini göstərir. Eyni zamanda dərmanlar bahalaşıb. Doğrudur, ölkə başçısının tapşırığına əsasında əlavə dəyər vergisindən (ƏDV) azad olunmaqla un və çörəyin qiymətində ucuzlaşmasına nail olduq. Amma digər sahələrdə problemlər qalır...”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev suala məmnuniyyətlə cavab verərək eyni zamanda bu sorğunun hökumət nümayəndələri arasında keçirilməsi təklifini verib(əlbəttə belə bir sorğu baş tutan deyil- red.).

“Ola bilsin ki, millət vəkilləri dəqiq cavab verməz, amma vətəndaş kimi öz həyatında müşahidə etdiklərini deyə bilər. Qeyd etmək istəyirəm ki, artıq devalvasiyanın psixoloji gərginliyi aradan qalxıb.

Cənab prezidentin yanvar ayının 20-də və ondan sonra nazirlərlə keçirdiyi müşavirədə bir sıra vacib məsələlər toxunulub və kifayət qədər gərginlik çözülüb. Unun qiymətinin aşağı salınması ilə bağlı ölkə başçısı İlham Əliyevin verdiyi sərəncam, həmçinin spirtli içkilərin və tütün məmulatlarının nağdsız satışını qadağan edən qanunun icrasının dayandırılması, eyni zamanda sahibkarlığın inkişafı ilə bağlı verdiyi digər sərəncam və göstərişlər psixoloji gərginliyin, süni bahalaşmanın aradan qaldırılmasında mühüm rol oynadı.

Biz nə gözləyirik və nəyi görmürük?

İlk növbədə yerli sahibkarlığın inkişafı ilə əlaqədar addımlar atılmalıdır. Əlaqədar nazirliklərin yerlərdəki orqanları yerli icra hakimiyyətilərilə birlikdə bu işləri görməlidir. Tez-tez insanlarla görüşlər keçirilməlidir. Hesab edirəm ki, bu görüşlər görüntü xatirinə deyil, effektiv xarakterli olmalıdır.

O ki qaldı səhiyyə ilə bağlı məsələlərə, nəzərinizə çatdırım ki, bu, iqtisadiyyat deyil, xidmət sahəsidir. Xidmət sahəsi olduğundan səhiyyədə qiymətlərin artırılması müşahidə olunmadı.

Doğrudur, dərmanların qiymətində müəyyən qədər artım oldu. Bu da Tarif Şurasının qərarı ilə həyata keçirildi. Çünki, Azərbaycanda dərmanların 95 faizə qədəri xaricdən idxal olunur.

Amma 2015-ci ilin yayında tənzimlənmə siyasətinə keçilməsi zamanı dərmanların qiyməti xeyli aşağı salındığına görə devalvasiyadan sonra bahalaşma o qədər hiss olunmadı. Buna baxmayaraq, yaxın vaxtlarda özəl səhiyyə müəssisələrində qiymət artımı baş verə bilər. Bunun da kompensasiyası dövlət səhiyyəsində xidmətin gücləndirilməsi olacaq”.

Geri dön