Ana Sayfa > Xəbər > Qərb-İran barışığının Azərbaycana təsiri - ŞƏRH
Qərb-İran barışığının Azərbaycana təsiri - ŞƏRH18-01-2016, 16:33. Yazar: admin |
Ötən gün ABŞ və Avropa İttifaqı tarixi qərar qəbul edərək İrana qarşı tətbiq edilən sanksiyaları ləğv etdi. Qərb-İran barışısı dünyanın müzakirə mövzusuna çevrilib. İran prezidenti Həsən Ruhani sanksiyaların ləğv edilməsini, nüvə sazişini “İranın tarixində qızıl səhifə” adlandırıb. O, bildirib ki, bu saziş ölkənin iqtisadi inkişafında “dönüş nöqtəsi”dir. İran üzərindən sanksiyaların götürülməsinin siyasi amillərlə bağlı olduğu iddia edilir. Ehtimal edilir ki, Qərib bu qərarı neftin qiymətini daha da ucuzlaşdırmaq və Rusiyanı çökdürməyə hesablanıb. Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, qadağaların götürülməsi İranın inkişafı üçün böyük imkanlar açacaq: “MAQATE nüvə proqramına dair İranın öz öhdəliklərini yerinə yetirməsi faktını təsdiq edib. Razılaşmaya əsasən, “altılıq” ölkələri, ABŞ və Avropa Birliyi İran üzərinə qoyulmuş sanksiyaları götürdü. Tehran dondurulmuş maliyyə vəsaitlərindən istifadə edə, bank köçürmələri həyata keçirə, təqdim olunan məhsul və xidmətlərə görə ödəniş ala, dünya bazarlarında neft və qazını azad şəkildə sata, ölkəyə investisiyalar cəlb edə, Qərbin yüksək texnoloji texnika və avadanlıqlarını əldə edə bilər. İranda bu xəbəri böyük coşğu ilə qarşıladılar. Amma Səudiyyə Ərəbistanı və İran körfəzinin ərəb ölkələrində sanksiyaların ləğv edilməsi xəbəri gizlədilməyən narazılıqlara səbəb oldu”. R.Musabəyovin fikrincə, bundan sonra İranın xarici siyasətdə rolunun artması gözlənilir: “İranın regionun lider dövlətinə çevrilmləsi tez və asan olmayacaq. Ərəb ölkələrinin qıcıqlandırıcı və hətta düşmən reaksiyası məlumdur. İsrailin mövqeyi mənfidir. ABŞ isə hələ mövcud sanksiyaları götürməyə macal tapmamış İranın raket proqramı ilə bağlı yenilər tətbiq etməyə hazırlaşır. Maliyyə və müasir texnologiyalar sahəsindəki məhduiyyətlər də qüvvədə qalır. Şübhə yoxdur ki, İranın şiə ideologiyası bayrağı altında, xüsusilə radikal, terrora meyilli qruplardan istifadə etməklə qonşu dövlətlərin işlərinə qarışması məqsədilə istənilən cəhdi beynəlxalq ictimiayyət tərəfindən adekvat reaksiya ilə qarşılanacaq”. R.Musabəyov qeyd edib ki, Qərb-İran barışığının Azərbaycanla münasibətlərə necə təsir edəcəyi, eləcə də region üçün nəticələri Bakının maraq dairəsindədir: “Məsələyə skeptik yanaşanlar iddia edirlər ki, İranın təcrid vəziyyətindən çıxması Azərbaycanın ABŞ və NATO üçün geosiyasi əhəmiyyətini azaldacaq. İranın dünya bazarlarında neft və qaz təkliflərini artırması isə enerji resurslarının, onsuz da, aşağı həddə olan qiymətlərini daha da endirəcək ki, bu da ölkəmiz üçün də ağrılı məsələdir. Bu ehtimallarda müəyyən məntiq var. Əvvəla, İranın nüvə proqramının tənzimlənməsi prosesi bizim iradəmizin təsir dairəsindən kənarda baş verir və biz reallıqları olduğu kimi qəbul etməliyik. İkincisi, bu məsələnin diplomatik deyil, güc yolu ilə həlli Azərbaycan, Cənubi Qafqaz üçün ağır mənfi nəticələrə gətirib çıxara bilərdi. Ona görə də İranın nüvə proqramı probleminin həlli və cənub qonşumuzun sanksiya rejimindən çıxmasını müsbət qiymətləndirmək və mümkün riskləri də nəzərdən qaçırmadan yaranan imkanlardan istifadə etmək lazımdır”. Politoloq hesab edir ki, İranın sankaiya rejimindən çıxması İran-Azərbaycan iqtisadi əlaqələrinin həcminin qısa müddət ərzində artmasına, genişmiqyaslı nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə imkan verəcək: “Bunlar, ilk növbədə, Şimal-Cənub dəmiryolu dəhlisi, Rusiya-Azərbaycan-İran enerji körpüsü, İran qazının Avropa bazaralarına TANAP vasitəsilə çıxışı, Araz çayı üzərində hidroqurğuların və elektrik stansiyasının inşası və s. məsələlərdir. SOCAR-ın tükənməkdə olan neft yataqlarının reabilitasiyası üzrə böyük təcrübəyə malik neftçiləri bu məsələdə İrana kömək edə bilərlər. İzolyasiyadan çıxmış İranın özünə güvənli formada bundan Azərbaycana qarşı təsirini gücləndirmək üçün istifadə edə bilməsinə gəlincə, bizimkilərin Nardaranda və digər yerlərdə İranın müəyyən dairələri tərəfindən bəslənilən radikal qrupların zərərsizləşdirilməsi istiqamətindəki tədbirləri göstərdi ki, ölkəmizdə nə Qərb, nə Rusiya, nə də İran yönümlü heç bir "beşinci kolon"a yer yoxdur və olmayacaq”. Millət vəkili Asim Mollazadə hesab edir ki, İran Qərb münasibətlərinin sülh yolu ilə həlli Azərbaycanın maraqlarına uyğundur: Biz istəmirik ki, sərhədlərimiz yaxınlarında hərbi əməliyyatlar keçirilsin, müharibə baş versin. Bununla yanaşı İranın gələcəkdə neft ixracını artırması onun qiymətinin aşağı düşməsinə səbəb olacaq. Lakin hesab etmirəm ki, burada Azərbaycan üçün mənfi amil olacaq. Yaxın müddətdə neft qiymətlərində hansısa bir yüksəliş gözlənilmir. Düşünürəm ki. İranın normal sivilizasiyalı dünya ilə münasibət qurması bölgədə gərginliyi azaldan amildir. Ümid edirəm ki, İran sanksiyalardan azad olduqdan sonra əldə etdiyi vəsaiti iqtisadiyyatının inkişafına yönəldəcək. Əks halda sanksiyaların yenidən tətbiqi mümkündür. Ona görə də İran üzərində nəzarətin saxlanılmasına ehtiyac var”- deyə A.Mollazadə vurğulayıb. Politoloq Fikrət Sadıqovun sözlərinə görə, indiki mərhələdə Qərb üçün İranla münasibətlərin yaxınlaşması daha əlverişlidir, nəinki düşmən kimi məsafədə saxlamaq: “Bu məsələdə birinci iqtisadi amil dayanır. Onlar başa düşürlər ki, İranın bazara daxil olması neftin qiymətini daha da aşağı salacaq. Bu, Qərb üçün əlverişlidir. Çünki, Rusiya və digər neft ölkələrinin iqtisadiyyatına zərbə endirmək imkanı qazanırlar. Eyni zamanda bu məsələdə siyasi məqamlarda var: İranı Rusiyadan uzaqlaşdırmaq və bir sıra istiqamətdə bu ölkəni maraqlandırmaq. Bu, birmənalı şəkildə İranın siyasi elitasına bir işarədir”. F.Sadıqov qeyd edib ki, Azərbaycan hər zaman İranla bağlı məsələdən narahatlığını ifadə edib: “İrana qarşı hərbi ssenari hazırlanırdı. Bu Azərbaycanı da narahat edirdi. Çünki, İran qonşu dövlətdir və orada kifayət qədər etnik azərbaycanlı yaşayır. Ora hərbi müdaxilə humanitar faciəyə gətirib çıxara bilərdi. Bu baxımdan Qərb-İran narazılığının aradan qalxması müsbət haldır. Amma İran neftinin dünya bazarına çıxarılması birmənalı şəkildə neft qiymətlərinin aşağı düşməsinə səbəb olacaq. Bu isə Azərbaycanı qane etmir”. Qeyd edək ki, rəsmi Bakı irəliləyişin əldə olunmasında bütün tərəflərin nümayiş etdirdikləri qətiyyət və əzmi təqdir etdiyini bəyan edib. Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini Novruz Məmmədovun sözlərinə görə, Azərbaycan uzun müddət aparılan danışıqlar nəticəsində əldə edilən razılaşmaya əsasən Qərbin İran İslam Respublikası üzərindən bir sıra sanksiyaları götürməsini alqışlayır. PA rəsmisi qeyd edib ki, rəsmi Bakı dövlətlərarası münasibətlərdə müxtəlif səbəblərlə ölkələrə qarşı sanksiyaların tətbiq edilməsinin uğurlu və ədalətli addım olmadığını düşünür: Geri dön |